Keçid linkləri

Təcili xəbərlər

Mücərrəd şüarlarla birlik olacaqmı?


Lap bəri başdan etiraf edək ki, Azərbaycanda seçkilərin əsas problemi müxalifət partiyalarının birləşməsi və ya birləşməməsi deyil, problem ondadır ki, bu ölkədə seçki saxtalaşdırılır. Və təsadüfi deyil ki, daha çox hakimiyyət strukturları bu problemi önə çəkir və belə bir fikir aşılamağa çalışırlar ki, müxalifətin məğlubiyyəti güya onun birləşə birləşməməsi ilə bağlıdır. Təbii ki, bu hakim partiyanın mövqeyidir. Amma bunu da inkar etmək olmaz ki, müxaliftətin birləşməsi onun özü üçün faydalıdır, indiki şəraitdə bu ağıllı taktiki addım ola bilərdi. Bəs bu il müxalifət bu taktiki addımdan necə yararlanacaq? Bu istiqamətdə vəziyyət necədir? Elə söhbət də bu suallar ətrafında olacaq.

VƏZİYYƏT AĞIRLAŞDIQCA ŞÜARLAR DA MÜCƏRRƏDLƏŞİR

Müxalifətin siyasəti onun vəziyyətinə adekvatdır. Böhran dərinləşdikcə siyasət də qəlizləşir. Çox maraqlıdır ki, birlik və əməkdaşlıq daim iki partiya arasında problemə çevrilir. Bunlar Müsavat və AXCP-dir. Elə indi də bu iki partiya arasında olan problemlər ən çox müzakirə edilən məsələlərdir. İndi yeni bir şüar ərsəyə gəlib: «Gəlin, Rəsulzadə – Elçibəy platforması əsasında birləşək».

Əslində bu çoxdan diskussiya edilən və bir neçə dəfə sınaqdan keçirilən formuldur. Söhbət AXCP ilə Müsavatın ittifaqından gedir. Sadəcə, demək olardı ki, birlik ancaq Müsavat və AXCP arasında ola bilər. Elə həmin tezisi ortaya atanlar da bunu fikirləşib ediblər. Sadəcə ritorika dəyişib. Amma etiraf etmək lazımdır ki, şüar çox qəlizdir. Belə nəticə alınır ki, AXCP və Müsavatdan başqa digər partiyalar «Rəsulzadə platforması»ndan uzaqdır. Amma bu «səbəb»lərin hamısı deyil. Siyasi partiyalar arasında qeyri- simmetrik vəziyyət yaranıb. Parlamentdə vur-tut dörd mandatla təmsil olunan Müsavat özünü «böyük parlament partiyası» hesab edir. «Azadlıq» blokunda öz ətrafına bir neçə partiya toplayan AXCP isə müttəfiqlərindən əl çəkmək istəmir və onları da birliyə cəlb etməyə cəhd göstərir. Müsavatın da öz «arqumentləri» var. Bu partiya özünü ən böyük partiya hesab edir və belə güman edir ki, digərləri onun gücündən yararlanmağa çalışırlar. Etiraf etmək lazımdır ki, ötən parlament seçkisi zamanı bir neçə Müsavat funksioneri siyahıdan kənarda qalmışdı. Seçkidən sonra həmin funksionerlərin bir qismi partiyaya qayıtmadı və demək olar ki, Müsavat bir partiya kimi bəzi üzvlərini itirdi. Çox güman ki, partiya yenidən həmin aqibəti yaşamaqdan ehtiyat edir. Amma digər problem də var. Əgər ötən parlament seçkisini yada salsaq görərik ki, AXCP ilə Müsavatın birliyi artıq bir dəfə fiaskoya uğrayıb. O vaxt onlar «Azadalıq» blokunda birləşmişdilər. AXCP özünün bir neçə mandatından imtina etdi, amma Müsavat bu addımı atmadı. Və beləcə, birlik pozuldu. İndi maraqlı sual yaranır. Növbəti dəfə birləşəcəkləri təqdirdə həmin partiyalar yenidən köhnə aqibəti yaşamayacaqlarmı? Funksionerlər bu suala cavab vermirlər.
Olsun. Amma seçki ərəfəsində barışıb seçkidən sonra küsüşmək bir o qədər də cəlbedici perspektiv deyil.

BİRLİK NƏ VERƏ BİLƏRDİ?


Parlament seçkisində bütün dairələri və məntəqələri əhatə etmək problemi yaranır. Bura həm nəzarətçilərin seçilməsi, həm dairə və məntəqə üzvlərinin təyin edilməsi, həm də namizədlərin irəli sürülməsi aiddir. Bu, böyük bir personal deməkdir. İndiki vaxtda ən böyük partiya üçün də bu kifayət qədər mürəkkəb problemdir. Həm də elektoratın parçalanmaması problemi var. Müxalifət bir blokda təmsil olunanda elektorat çaşmır və həm də onlar səfərbər olur. Birliyin olmayacağı təqdirdə bütün bunlar bir problem kimi yaşanır. Elə vəziyyət yaranır ki, müxalifət faktiki olaraq özü-özü ilə mübarizə aparmalı olur. Özü – özü ilə mubarizə aparmaq istiqamətində müxalifətin böyük təcrübəsi olsa da, hər halda seçkidə bu bir o qədər də arzuolunan hadisə deyil.

Ən son yazılan

XS
SM
MD
LG