Keçid linkləri

Təcili xəbərlər

Qışqıranlar


Elmar Hüseynov
Elmar Hüseynov
Bu bir amerikalı diplomatın sözüdür - Morqentaunun. Onun bircə sözünü bilirəm və o yaddaşımda ilişib qalıb. «Pis cəmiyyətdə qışqırmaq lazımdır ki, səni eşidən olsun!».

Demək belə. «Qışqıranlar» başlığını o üzdən seçdim. Bu gün Elmar Hüseynovun öldürülməsinin 5 ili tamam olur. O da «qışqıranlardan» idi...

Əslində biz jurnalistlər hamımız qışqıranlardanıq. Amma qışqırmağın da aşağısı, yuxarısı var, axı. Sızlamağı, pıçıldamağı, danışmağı, hayqırmağı var. Elmar hayqıranlardan idi. O üzdən də qanına qəltan oldu.

Dünən - martın 1-də qonşu Rusiya 15 il əvvəl öldürülmüş bir məşhur jurnalistinə yas saxlayırdı - Vlad Listyevə.

Listyev 90-cı illər Rusiyasının, həm də postsovet ölkələrinin ən populyar, ən sevimli aparıcısı idi. 1995-ci il martın 1-də onu, eynən bizim Elmar kimi yaşadığı evin kandarında güllələdilər. Güllələnərkən fevralın 23-də ömür yoldaşının - Albina Nazimovanın bağışladığı qalstuk onun boğazında idi. Bu məşhur aparıcının son qalstuku oldu...Onun bir oğlu qaldı...

Elmar da Vlad kimi martın 2-də öz evinin qapısının zəngini basmağa imkan tapmadı. Çoxdan izləndiyini, hədələndiyini, çoxlarına başağrısı gətirdiyini bilsə də, hamımız kimi sakitcə öz evinə tələsdi. Amma qapı açılmadı, güllələr açıldı. 7 il idi ki, «Monitor» məhkəmə çəkişmələrində idi, başqa adla çıxırdı, bağlanırdı, tutulurdu, təzədən açılırdı, təzədən cərimələnirdi. Hətta bir millət vəkili hakimiyyəti tənqid edən jurnalistlərin güllələnməli olduğunu da söyləmişdi. İl yarım sonra onun istəyi gerçəkləşdi. Elmarı öldürdülər. Onun da bir oğlu qaldı...

Əslində bu güllə - Elmara açılan güllə Azərbaycan üçün yeni deyildi. Bu sözə açılan güllə ilk dəfə (Həmid Herisçi onu ilk şəhid jurnalistimiz sayır) 1954-cü il noyabrın 20-si gecəsi Münhendəki meydanların birində AzadlıqRadiosunun ilk baş redaktoru Əbdürrəhman Düdənginskiyə açılmışdı.

Abo bəy də bərk qışqıranlardan idi. Azərbaycan legionerlərinin başçısı olanda da, mühacirətdə yaşamağa məcbur qalan həmyerlilərimizin saysız problemlərini çözəndə də, Radiomuzun səsini bütün «məhkum xalqlara» çatdıranda da Fətəlibəyli-Düdənginski hayqırırdı.

Demək, bu belə qala bilməzdi. KQB-nin göndərdiyi qatil (elə öz «dostu») kafelərin birində yeyib-içəndən sonra onu öz yaşadığı evə gətirdi. Əvvəlcə boğdu, sonra çəkiclə öldürüb divanın altına saldı. Abo bəyin ölüm xəbəri xaricdə yaşayan mühacirlərimizi yasa batırdı. Onun da bir oğlu qaldı...

Ötən əsrin 90-cı illərində Türkiyədə bir məşhur jurnalistə də qıydılar. O vaxt Türkiyə televiziyalarını izlədiyimizdən, o qətlin necə hay-küy doğurduğunu, necə ağrı ilə qarşılandığını xatırlayıram. Uğur Mumcunu da elə evinin qarşısında öldürmüşdülər. Onun ölüm günü hələ də böyük hüznlə qeyd olunur...

Bir neçə il öncə Kıbrısda səfərdə olarkən orada da 2000-ci illərin əvvəllərində bir jurnalistə qəsd edildiyini öyrəndik. Kıbrıslılar bunu eşitdiyimizdən çox üzüldülər. «Ayıb verici bir olay!» - deyə bu qəsddən danışmaq istəmədilər...

Siyahını nə qədər istəsən uzatmaq olar!

Hər il dünyada onlarla jurnalistə qəsd olunur!

Doğrudan da, nə qədər ayıb verici bir işdir!

Pis cəmiyyət özünü, eybini düzəltməkdənsə, güzgünü sındırır! Qışqıranları, qışqırmağa məcbur qalanları susdurur! Ətrafdakılarsa seyrçi mövqeyində durub baxır!
Nə yazıq bizlərə - sızlayanlara, pıçıldayanlara, danışanlara, gurlayanlara, qışqıranlara...

Vlad Listyevə açılan cinayət işini ötən ilin aprelində qapadılar. Cinayətkar tapılmadı. Düdənginskinin qatilini Bakıda, bir versiyaya görə, elə KQB özü asdı. Elmar Hüseynovun qatili 5 ildir ki, azadlıqda gəzir.

Vlad Listyevin artıq bir nəvəsi var. Oğlu ancaq bir şeyin həsrətindədir - atası kaş nəvəsini görə biləydi!

Düdənginskinin oğlu Əlinin, həyat yoldaşı Leyla xanımın başına nələr gəldiyindən heç kəsin xəbəri yoxdur. Deyilənə görə, o məşum qətldən sonra dolanışıq ucbatından ABŞ-a mühacirət ediblər. Yerləri bilinmir.

Elmarın oğlu Aslan, qadını Ruşaniyə Norveçə köçməyə məcbur oldular.

Hər il Elmarın ölüm günü ərəfəsində Azərbaycan mediası onları yada salır...

SON

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MÖVZU BARƏDƏ FİKİRLƏRİNİZİ BURADA BİLDİRİN

Ən son yazılan

XS
SM
MD
LG