Alim Qasımov və Fərqanə xanım
Deyəsən, 2008-ci ilin yayı idi. Alim Qasımov qızı ilə Yaponiya səfərindən qayıtmışdı. Onu «İz» proqramına qonaq çağırdıq. Cümə günü gələcəyinə söz verdi. Ancaq işi uzandığından, sözünə əməl edə bilmədi. Bazar axşamı efirə gedəcək verilişi şənbə günü yazası olduq.
Şənbə günortaüstü Alim bəy Fərqanə xanımla studiyamıza gəldi. Söhbətə başlamazdan əvvəl onlara çay təklif etdim. İş günü olmadığından, çayı elə özüm gətirəsi oldum. Çayı Azadlığın mətbəxində təzəcə fincanlara süzürdüm ki, studiyadan sehrli bir səs eşitdim. Alim bəy mikrofonları sazlayan texnikimizin yanında bir xalq mahnısı oxumağa başlamışdı...
Çayı tələsik süzüb özümü studiyaya saldım. Gec idi. Alim bəy heyfsiləndiyimi görüb çayı içə-içə söz verdi ki, söhbətin sonunda mütləq bir mahnı oxuyacaq. «Onda mənim ən sevdiyim mahnını – Cabbar əminin «Uca dağlar»ını oxuyun» - dedim. Böyük xanəndəmiz sözünə əməl etdi. Və Cabbar Qaryağdıoğlunun ötən əsrin əvvəllərində bir müddət ayrılıqdan sonra səhərin alaqaranlığında Şuşanı görərkən qoşduğu o möhtəşəm mahnını səsləndirdi.
Bu oxuma həm də ona görə qiymətlidir ki, eynən Cabbar əmi kimi, tarsız-qavalsız, ürəkdən oxunmuşdu...