Keçid linkləri

Təcili xəbərlər

Bloklaşma və «Bloklaşma»


Qarşıdan gələn parlament seçkiləri Azərbaycanda siyasi partiyalar arasındakı debatları, müzakirələri yenə qızışdırıb. Gözlənilən prosesdir. İqtidar düşərgəsində o qədər də narahatlıq gözə dəymir. Səbəbi də aydındır. Kifayət qədər mərkəzləşmiş hakimiyyət və onu təmsil edən iri siyasi partiya – YAP var. Ötən seçkilərin nəticələri deməyə əsas verir ki, bu il də bu partiya və onun kiçik mütəfiqləri yerlərin 90 faizinə yaxınını tutmaq iddiasındadırlar və ən azı Mərkəzi Seçki Komissiyasının belə bir nəticəni elan edəcəyinə inanmaq üçün daha çox əsas var, nəinki tərsinə. Müxalifət düşərgəsində isə ciddi mübahisələr gedir.

MÜMKÜN MÜXALİFƏT BLOKLARI

Real olaraq Azərbaycan iqtidarına ciddi savaş açmaq imkanı olan qüvvələr arasında üç qütb seçilir. İlk iki qütbü AXCP, Müsavat və onların ətrafına toplaşmış siyasi partiyalar təmsil edir. Şərti olaraq yeni siyasi qüvvə adını daşıyan bir qrup siyasətçi, onlarla bağlı QHT-lər isə şərti olaraq üçüncü qütbü təşkil edirlər. 2000-ci ildən bəridir ki, adı çəkilən bu siyasi qüvvə hələ də bir siyasi partiya yaradıb ortaya qoymayıb. Bu qütbün yaranma səbəbinin özü digər iki qütbün siyasi uğursuzluqları ilə izah edilir.
Ümid edilir ki, uduzan siyasi qüvvələrin yerini daha çevik və başarılı insanların birliyi əvəz edə bilər. Müxtəlif dövrlərdə Eldar Namazov və onun yaratdığı Azərbaycan Naminə təşkilatı və İlqar Məmmədov və onun təmsil olunduğu REAL bloku bu üçüncü qütbün təmsilçilərindən sayılıblar. Yeni siyasi qüvvələrin ortaya çıxması başa düşülən və təbii bir prosesdir. Lakin bunun üçün heç olmasa birinci addım atılmalıdır, yəni konkret siyasi iddiası olan siyasi bir partiya yaradılmalıdır. Bu baş verməyənə qədər iqtidarla siyasi mübarizənin əsas yükü ənənəvi iki siyasi qütbün – Müsavat və AXCP-nin üzərinə düşür.

AXCP VƏ MÜSAVATIN BİR-BİRİNİ MÜHASİRƏ CƏHDLƏRİ


AXCP və Müsavatın demokratik müxalifətin liderliyi uğrunda bir-biri ilə bəzən açıq, bəzən isə gizli rəqabət aparmaları hamıya aydın olan bir faktdır. Hər əhəmiyyətli seçkilər öncəsi isə bu rəqabətin eyni ssenarili manevrlər əsasında getməsi deyəsən artıq çoxlarının əsəblərinə toxunmağa başlayıb. Nədir bu ssenari? Növbə ilə hərdən bu partiyaların biri ətrafına bir neçə xırda partiya toplayıb digərini öz blokuna dəvət edir və ümid edir ki, həmin blokda öz rəqibini mühasirəyə alıb qərarları təkbaşına verə biləcək.

1998-ci ildə AXCP Əbülfəz Elçibəyin rəhbərliyi altında müxalifəti birləşdirmək istədikdə Müsavat ciddi etirazlar edirdi. Gətirilən arqument təqribən bu idi ki, Müsavat Elçibəyin liderliyini qəbul edir, ancaq onun liderliyini qəbul etməyən bir xeyli başqa siyasi qüvvə var və buna görə də müxalifəti daha geniş koalisiyada birləşdirməyə ehtiyac var. Nəticədə, vahid namizəd əvəzinə «Beşlərin namizədliyi» ortaya çıxdı. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva və İlyas İsmayılovdan ibarət qəribə bir namizədlər koalisiyası Müsavatın AXCP-nin onu mühasirəyə alması cəhdlərinə müqavimətin nəticəsi idi. Axırda da seçkiləri boykot etdilər...

2003-cü ildə vəziyyət dəyişdi. Müsavat Partiyası 20-ə yaxın siyasi partiyanı öz ətrafına toplayıb AXCP-ni də dəvət etdi. Bu dəfə də AXCP mühasirə cəhdi kimi qiymətləndirdiyi təhlükəyə özünəməxsus bir cavab verdi – AMİP-lə bloklaşdı. Müsavat isə seçkiyə bir neçə gün qalmış ADP-ni də özünə qoşub AXCP-ni AMİP-lə «tək» qoydu və nəticədə... 2003-cü ildə baş verənləri hamı bilir. İddia etmək də istəmirəm ki, AXCP ilə anlaşsaydı, Müsavatın namizədi qalib elan olunacaqdı, amma 2003-də AXCP və Müsavatın strateji əhəmiyyətli seçkilərə ayrı-ayrı bloklarla getdiyi faktdır.

2005-də Müsavat «Azadlıq» Blokunu tərk etdikdən sonra tərsinə situasiya yarandı. İndi AXCP öz müttəfiqləri ilə birgə Müsavata birbaşa da olmasa, dolayısı ilə «gəl, bizə qoşul» deyir. Bu dəfə Müsavat imtina edir və qovğa başlayır. Ortada başqa adlar hallansa da, başqa partiya nümayəndələri arasında söz deyişməsi getsə də, mahiyyət budur.

BLOKLAŞMA MƏNTİQİ

Siyasi bloklaşmanın məntiqi bir-biri arasında heç bir fikir ayrılığı olmayan siyasi qüvvələrin birlik yaratmasında deyil. Belə olsaydı, həmin siyasi qüvvələr sadəcə bir siyasi partiyada birləşərdilər. Blok yaradan siyasi partiya digər partiyanın iştirakı olmadan istədiyi siyasi məqsədə çata bilməyəcəyini anlayıban sazişə gedir. Qarşılıqlı siyasi güzəştlər isə ümumi məqsədlər uğrunda daha güclü siyasi qüvvənin yaranışına yol açır. Məntiq kifayət qədər sadədir, deyilmi? Bu məntiqin davamı da var: Bir siyasi qüvvəni küncə sıxmaqla onunla blok yaratmaq olmaz. Lap buna nail olunsa da, ilk fürsətdəcə özünü sıxılmış hesab edən partiya qırıb qaçacaq və blok dağılacaq. Bir siyasi qüvvəni söyə-söyə siyasi müttəfiq etmək olmaz. Ən nəhayət, hər bir potensial müttəfiqə olan münasibət onun bloka gətirə biləcəyi siyasi güclə mütənasib olmalıdır. AXCP də, Müsavat da təkbaşına siyasi arenada öz mövcudluqlarını qoruya biləcək gücdədirlər və indiyə qədərki praktika göstərir ki, bu partiyalardan biri ətrafına nə qədər partiya yığsa da, digərini «mühasirə» edə bilməyəcək. Real siyasi bloklaşma isə yəqin ki, bu iki siyasi partiyanın bir-biri ilə səmimi, «mühasirə» cəhdləri olmadan, bir-birini küncə sıxmadan aparacaqları dialoqla başlayacaq.
Bu, bu il də baş verə bilər, gələn il də, ondan sonrakı il də...
XS
SM
MD
LG