Keçid linkləri

Təcili xəbərlər

Biz niyə azad deyilik?


AZAD İNSAN GÖRƏNDƏ GÜLÜRDÜK...

Maraqlı sualdır, deyilmi? Cavabı da ilk baxışda çox sadədir. Elə dövlətdə yaşayırıq ki, azad olmaq kosmosa uçmaq kimi çətindir. Bir də ki, nahaq yerə demirlər ki, Şərqdə ancaq hökmdarlar azad olur. Hərdənbir özümüzü Qərbə aid etməyə çalışsaq da, biz də mahiyyətcə əsl Şərq ölkəsiyik. Amma bu, ilk baxışda belə sadə görünür. Bizlərə də azadlığın verildiyi vaxtlar olub. Ancaq həmin vaxtlar bu azadlıqla nə etmək lazım olduğunu bilmədik. Üstəlik, azadlıqla bağlı hər şey bizə gülünc görünürdü. Azad insan görən kimi gülürdük. Belə vaxtlar da olmuşdu, baxmayaraq ki, artıq bunu unutmuşuq. İndi isə başqa məqamdır. Üzərimizdə daim bir neçə təzyiq hiss edirik. Biri dövlətdir. Bəs o birisi? Söhbət də elə bu haqdadır.
Azadlıq müxtəlifliyi nəzərdə tutur, mentalitet isə yekcinsliyi. Azadlıq sərbəstlik verir, mentalitet isə tormozlayır.

AHH, BU MENTALİTET, MENTALİTET...

Mentalitet ötəri fenomen olsa da, vaxtdan asılı olaraq dəyişsə də, onu nəzərə almamaq mümkün deyil. Daha doğrusu, əvvəllər çox çalışdıq ki, onu nəzərə almayaq. Amma proseslərin davamı göstərdi ki, yanılmışıq. Və indi çox qəribə vəziyyət yaranıb. Əvvəllər «mentalitet» deyəndə hamı əlini yelləyirdisə, indi hamı mentalitetdən yazır. Həqiqətən də çox qəribədir... Nə isə, keçək mətləbə. Mentalitet çoxqatlı anlayışdır. Amma bizim onu saf-çürük etməyə həvəsimiz yoxdur. Əsas odur ki, belə bir davranış steorotipi, düşüncə tərzi var. Deyilənə görə, ikinci dünya müharibəsindən qayıdan təyyarəçilər hətta küçədə gedərkən tez – tez dönüb arxaya baxırlarmış. Bu vərdiş onlarda hava döyüşlərindən qalıbmış. Mentalitet də belədir. O, bizi vadar edir ki, bir işi görməmişdən əvvəl tez-tez dönüb ətrafa, eləcə də arxaya baxaq. İnsanlar nə fikirləşər? Mentalitetin sayəsində bu sual daim bizi təqib edir, biz daim addımımızı cəmiyyətlə həmahəng atmağa çalışırıq,
cəmiyyətdəki uğurlu, təqdir olunan tiplərə bənzəməyə, uğursuz tiplərdən isə qaçmağa cəhd edirik. Mentalitet lap fizikadakı «orta statistik kəmiyyət» anlayışı kimidir. Çalışırıq ki, orta kəmiyyətə yaxın olaq, çox da fərqlənməyək. Fərqlənmək, orta kəmiyyətdən uzaq düşmək ictimai qınağa səbəb ola bilər. İndi özünüz fikirləşin. Belə olan təqdirdə hər hansı azadlıqdan danışmaq mümkündürmü? Azadlıq müxtəlifliyi nəzərdə tutur, mentalitet isə yekcinsliyi. Azadlıq sərbəstlik verir, mentalitet isə tormozlayır. Deməli, biz öz üzərimizdə təkcə dövlətin təzyiqini hiss etmirik, həm də mentalitetin də təzyiqi var. Əgər bir gün dövlətin təzyiqi götürülsə belə, biz yenə də azad olmayacağıq. Buna mentalitet imkan verməyəcək. Əgər hamı dindardırsa, sən də dindar olmalısan, sən də toy məclislərini hamı kimi keçirməlisən, hamı kimi yas mərasimlərini yola verməlisən, danışanda gözün başqalarında olmalıdır, hamı kimi geyinməli, hamı kimi yaşamalısan, hətta hamı kimi ölməlisən, hamı kimi dəfn olunmalısan... Göründüyü kimi, azadlığa daha yer qalmadı. Belə olan təqdirdə azadlıqdan danışmaq çox çətindir.

TOTALİTAR DEMOKRATİYALAR


Heç də bütün demokratik ölkələrdə işlər düşünülən qədər də rəvan getmir. Əgər biz mentalitetdən əziyyət çəkiriksə, başqa ölkələr mühafizəkarlıqdan girincdirlər. Əslində mühafizəkarlıq mentalitetin elmiləşmiş, ideologiyaya çevrilmiş formasıdır. Yeni demokratiyaların problemi daha çoxdur. Onlarda azadlıq totalitar demokratiya formasında təsbit olunub, əsl liberal və azad demokratiyaya hələ çox var. Əgər qeyri- demokratik rejimlərdə dövlət insanı əzirsə, totalitar demokratiyalarda bunu çoxluq edir. Azadlıq isə barmaqla ölçülmür, kiminsə qərarından asılı olmur, o, ya var, ya da yoxdur. Yeni dövlətlər hələ bu idealdan uzaqdır. Elə köhnə demokratiyalar da totalitar demokratiyadan gileylənir. Görünür, bunlar da cəmiyyətin inkişafında bir dalğadır. Deməli, növbəti dalğanı gözləmək lazımdır...

Ən son yazılan

XS
SM
MD
LG