Keçid linkləri

Təcili xəbərlər

Orijinallıqlarımız bizi hansı ağ günə çıxarıb, hansı «zibilə» salıb?


Niyazi Mehdi
Niyazi Mehdi
Bu günlərdə Gün.az TV-də sevdiyim düşüncə adamı Aydın Talıbzadə ilə mədəniyyət haqqında söhbətdə idim. Onun dilində mədəniyyətin orijinallığı öyünmək üçün avtomatik sübut kimi səslənəndə məndə mübahisə «qurdu» tərpəndi.

Onu da deyim ki, orijinallıq, milli və şəxsi bənzərsizliklə qürrələnmək çağımızda hər yerdə dəbdədir və bəndəniz də həmişə bu dəbin yolçusu olub. Kimsə kiminsə şeirinin səviyyəsinə şübhə bildirəndə «mən öz dünyaduyumumu, öz hisslərimi vermişəm» cümləsi elə deyilir ki, sanki qarşı tərəfə «bu başqa məsələ» deyib geri çəkilmək qalır. Məndə birdən, orijinallığın, bax bu şübhə altına alınmaz dəyərinə qiyam yarandı və dedim ki, orijinallıqla öyünmək üçün mütləq göstərilməlidir ki, bu bənzərsizlik, özgünlük hansı başqa yolla çözülməz problemləri çözməyə vasitələr verir, hansı görünməz problemləri görünər edir?

ORİJİNALLIĞIN TARİXİNDƏN

İnsanlarda orijinallığa vurğunluğun tarixi düşündüyümüz qədər də qədim deyil. Təxminən İntibahdan, Dirçəliş dönəmindən bu yana orijinal və ya türklər demişkən ÖZGÜN olan adam, əsər, davranış aramsız ismarışdadı. Hamı orijinal olmaq istəyir, oxuyanlar da, çalanlar da, yazarlar da, bəstəçilər də – hətta siyasətçilər də. Dirçəlişəcən isə, hər halda Avropada novatorluq – orijinallıq olanda novatorluq olur, axı - pis siyahıda idi. Novator kim idi? Etibarsız adam, çünki əxlaq normalarını, dədə-baba qanunlarını, dini gələnəkləri saya salmırdı. Təsadüfi deyil ki, ərəblərin «bidət» sözünün anlamı da yenilikdir.

HAMI ORİJİNAL OLANDA

Bizim çağda orijinallığın Azərbaycanda da özünü göstərən bir sürü paradoksları var. Bir yandan, Qərb XX yüzildə istehlakçı topluma çevrilməklə özünü varlı edib. Belə toplum necə olur? Elə olur ki, tez-tez geyim, maşın, mebel dəbləri dəyişir və dəyişən dəblər bazarda yeni nəsnələrə tələb yaradır. Bu zaman zavodlar və fabriklər var gücü ilə işləyir. Ancaq modada nə önəmlidir? HAMININ cins şalvar istəməsi, hamının mini və ya maksi sevgisi. HAMI isə bu variantda bir-birinə oxşayanlardır. Yəni belənçi HAMI-da heç kim orijinal deyil, hamı «fırt edib bir-birinin burnundan düşüb». Ona görə də bu «hamı» sürü, yığnaq kimidir. Qərbin və indi Azərbaycanın kütləvi sənətləri, kütləvi mədəniyyəti orijinallıqdan qaynaqlanan zövqləri, davranışları sevmir, çünki belə zövqlər bazarı öldürür, tirajlaşmaya böyük əngəllər qoyur. Ancaq, o biri yandan, orijinallıq da ortadan götürülə bilməz. Çünki məhz orijinallıq yeni modalara qaynaq, törədici başlanğıc olur.

MOTAL PENDİRİNİN «PİS» QOXUSU

Bu haşiyədən sonra yazımın başında toxunduğum problemə qayıtsam, deməliyəm ki, axmaq orijinallıq da var. Onun üçün də sənətlə, mədəniyyətlə bağlı «orijinal» damğası avtomatik yüksək brənd (brend) olmur. Biz mədəniyyətimizin orijinal olayları ilə öyünmək istəyiriksə, bu orijinallığın sayəsində Azərbaycan insanının hansı dəyərli başartıları qazandığını sadalamalıyıq. Motal pendirinin «pis» qoxusunda Azərbaycanlı kültür orijinallığı mətbəx mədəniyyətinin qoxu palitrasını zənginləşdirir. Necə ki çinli ilan yeməkləri dad palitrasını zənginləşdirir.

Azərbaycanlının orijinal, bənzərsiz çayxorluğu imkan verir ki, kişilər saatlarla pivəsiz söhbət etsinlər. Bu baxımdan Bakıda ucuz və çoxsaylı çayxanaların yığışdırılması azərbaycanlıların alkoqolsuz məkanını çox daraldır. Ancaq o biri yandan, pinti çayxanalarda eymənmədən otura bilməmiz heç də ruhumuzun yoqa sakitliyindən soraq vermir.

TƏKLİF

Bütün bunlardan sonra təklifimi deyim: gəlin, milli orijinallığımızın siyahısını tutaq və sonra da bunun yanına başqa bir siyahını qoyub göstərək: azərbaycanlıların kültür orijinallığı Qərbi və Şərqi girinc etmiş hansı problemləri çözməyə yollar açır. Eləcə də başqa bir siyahı gərəkdir: bizim hansı milli orijinallığımız durduğumuz yerdə, heç yerdən bizi «zibilə salır»?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG