Keçid linkləri

Təcili xəbərlər

Ukrayna kimi seçəcək?


Artıq Rusiya da qələbəni qeyd edir, «şampanlar açırlar»
Artıq Rusiya da qələbəni qeyd edir, «şampanlar açırlar»
Zahirən hər şey aydındır. Hətta ikinci turda iştirak edəcək adlar da bəllidir.

Amma rusların bir məsəli var: «Şeytan nə ilə zarafat etmir ki?». Bu məntiqlə yanaşanda, seçkidə hər şey ola bilər. Aydın məsələdir ki, V.Yanukoviçi Y.Timoşenkodan kifayət qədər böyük nəticə ayırır.

O da aydındır ki, indi ukraynalılar inqilabdan, siyasətdən yorulublar, hətta bir qədər peşman da olublar, çünki Qərb «narıncı» inqilab ərəfəsində verdiyi çox böyük vədlərin arxasında dayanmadı. Bu da Timoşenko üçün problem yaradır. Üstəlik, prezidentlə baş nazirin münasibətləri çox da hamar deyil. Bu da bir böyük problemdir. Bütün bunlar aydındır. Amma yazının əvvəlindəki «şeytan məsəli» nə qayıtmaq istərdik. Bəlkə seçki ərəfəsindəki siyasi kombinasiya vəziyyəti dəyişəcək? Hər halda bunu istisna etmək olmaz.

ÜÇÜNCÜ QÜVVƏ KİMİ MÜDAFİƏ EDƏCƏK?

Seçkidə maraqlı vəziyyət yarandı. Səslərin demək olar ki, hamısını üç namizəd götürdü. Onlar arasında ən maraqlısı S.Tiqipko oldu. Bu adam əslində siyasətdə düşünülən qədər də yeni şəxs deyil. Ukraynalılar bu adam haqqında zarafatla deyirlər ki, o, kim olmayıb ki? «Demək olar ki, bütün vəzifələri sınaqdan keçirib!». Elə bu səbəbdən Tiqipkoya yeni üçüncü qüvvə kimi yanaşmaq bir qədər çətinlik törədir. Qeyd etdiyimiz kimi, o, siyasətdə yeni deyil. Seçkidə müəyyən uğur qazanmasının səbəbi də o oldu ki, nə «narıncı» inqilağın tərəfdarlarına, nə də əleyhdarlarına səs vermək istəməyən insanlar öz səslərini Tiqipkoya verdilər. Hər halda ukraynalıların özləri belə düşünürlər.

Amma Timoşenko dərhal nəzərlərini ona yönəltdi, hətta Baş nazir postunu təklif etdi. Fəqət, Tiqipkonun səsləri çətin ki, Timoşenkonu xilas etsin.

Timoşenko hətta öz proqramı ilə Tiqipkonun proqramı arasında fərq olmadığını bildirdi. Yanukoviç isə Tiqipkoya onun əvvəllər tutduğu postu - Mərkəzi Bankın sədri vəzifəsini təklif etdi. Nəticədə elə alındı ki, Tiqipko digər iki namizəd arasında «bölünməz alma»ya çevrildi. İndi bu «alma» müəyyən mənada seçkinin taleyini həll etməlidir. Amma bir qədər maraq kəsb edən detal var. Tiqipkonun elektoratı nə qədər stabildir? Onlar özlərinin siyasi kumirlərinin səsini eşidəcəklərmi? Bax, bu sual doğurur.

Üstəlik, başqa problem də var. Vaxtilə V.Yanukoviçin seçki qərargahına rəhbərlik edən, indi Y. Timoşenko tərəfindən «ovlanmağ»a cəhd edilən Tiqipko seçkiyə çox az vaxt qalsa da tələsmir, heç kimi müdafiə etməyəcəyini deyir, yeni partiya yaradıb gücünü parlament seçkisində sınamaq istədiyini bildirir.

Amma narahatlıq doğuran təkcə bu deyil, həm də Ukraynanın gələcəyidir. Hətta deyilənə görə artıq Rusiya da qələbəni qeyd edir, «şampanlar açırlar». Bu detal da son anda seçicilərin mövqeyini dəyişmək iqtidarındadır. Amma kim bilir?.. Hər halda indi Rusiyanın mayakı daha parlaq görünür. Ən maraqlısı budur ki, seçki ərəfəsində parlament yeni qanun layihəsini qəbul etmək istyir. V. Yanukoviç ehtiyat edir ki, Y. Timoşenko seçkinin nəticəsini saxtalaşdıracaq. Ancaq eyni ittihamla Y.Timoşenko da V.Yanukoviçə qarşı çıxır.

UZAQ VƏ YAXIN UKRAYNA

Ukraynanın tutduğu mövqe çox mühüm əhəmiyyət kəsb edir. Bircə detalı qeyd edək ki, MDB-nin mövcudluğu müəyyən mənada Ukraynadan asılıdır.

Çox güman ki, hakimiyyətin dəyişməsi Ukraynanın geostrateji vəziyyətinə çox də böyük fərq gətirməyəcək, Rusiya ilə yaxınlaşma rusların düşündüyü qədər olmayacaq. Amma NATO ilə bağlı arzuları dəfn etmək lazım gələcək.

Rusiyanı da bu vəziyyət qane edir. V. Yanukoviç hesab edir ki, GUAM bir təşkilat kimi artıq aktuallığını itirib. Bu detal da Rusiyanın zövqünü oxşamaq iqtidarındadır. Yanukoviçin hakimiyyətə gələcəyi təqdirdə siyasi səhnədə Gürcüstanın mövqeləri bir qədər zəifləyəcək. Amma onu da vurğulamaq lazımdır ki, NATO ilə bağlı yaşanan uğursuzluq hətta Qərbin özünü də dilxor etmir, çünki Ukraynanın və Gürcüstanın arzuları ilə Qərbin imkanlarının uzlaşması problemi var idi.

Hər halda gələcəyə ümidlə baxmaq lazımdır. Siyasət bəzən vintvari xətt üzrə inkişaf edir. Ola bilsin, yeni Ukrayna öz arzu və istəklərinə bir daha yenidən qayıtsın. Yenə də rusların məsəli yada düşür: «Şeytan nə ilə zarafat etmir ki?».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG