Azərbaycan müxalifətinin iki yolu var...
Əli Kərimli hakimiyyəti atçılığın yeni inkişafında suçlayıb. AXCP sədri deyib ki, hakimiyyət Troya cinsindən olan atlar yetişdirir. Atların sayı o qədər çoxdur ki, Troya ilxısından danışmaq olar.
İttihama görə, Troya atları aparatın tövləsində yetişdirilir. Bu işlə sarayın baş mehtəri məşğuldur.
Troya atları prezident və parlament seçkiləri deyilən milli cıdır yarışında istifadə olunur.
Cıdıra baxana bu atları ayırmaq bir az çətindir. Çünki qıraqdan Troya atları başqalarından heç nə ilə fərqlənmir.
Özü də tərs kimi həmişə qabaqda gedirlər.
NÖYÜT İYİ...
Ancaq ekspertlərin dediyinə görə, Azərbaycanın Troya atlarının bir fərqli cəhəti var – bu atlardan bir az nöyüt iyi gəlir...
Ancaq Troya atları «müxalifət niyə birləşə bilmir?» sualına ikinci cavabdır.
Birinci cavab o idi ki, birləşməyə qoymayan müxalifət liderlərinin ambisiyalarıdır.
Ancaq üçüncü cavab da var.
Niyə bir ölkədə müxalifət birləşə bilir, başqa ölkədə birləşə bilmir?
Bir rus siyasətçisi deyirdi ki, yaxın illərdə Rusiya müxalifəti birləşə bilməyəcək. Çünki pul az, partiya isə çoxdur.
Yaxın mövqelərinə və eyni hədəflərinə görə birləşməsi gözlənən müxalifət partiyaları eyni və məhdud resurslar uğrunda öz aralarında didişməyə məcburdurlar.
İKİ YOL VAR ...
Bu isə rəqiblər arasında təbii seçmə prosesidir.
Buna görə Azərbaycan müxalifətinin iki yolu var: ya seçki deyib, bir yerə toplaşmaq, sonra da yan-yörənə boylanmaq ki, görəsən aramızda Troya atı kimdir?
Ya da yanındakına Troya atı kimi baxmaqdansa, özünə Qarabağ atı kimi baxmaq.
...Qarabağ atı gec-tez birinci gəlir...
...Ya da SSRİ-nin Britaniya kraliçasına bağışladığı Qarabağ atı kimi ətrafına baxır, baxır, sonra da xiffətdən ölür...