Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəhayət ki, noyabrın 24-də özünün 2008-ci ildəki fəaliyyətinə dair hesabatı «təqdim etdi» (özünün imicinə hörmət edən şirkətlər bu hesabatları adətən ictimaiyyətə I rübdə açıqlayırlar). Bunu ona görə dırnaq içində yazıram ki, təqdimat-zad əslində olmadı, sadəcə, kirimişcə öz saytlarına yerləşdirdilər. Sanki, onların marağındadır ki, bu məlumatları nə qədər adam az oxusa, bir o qədər yaxşıdır. Ümummilli şirkətdən (müstəqil Azərbaycan yaranandan onun 1 nömrəli vergiödəyicisi ARDNŞ-dir) fərqli olaraq, məsələn, «BP-Azərbaycan» şirkəti illik hesabatını öz ofisində enerji sahəsində ixtisaslaşan jurnalistlərə təqdim etməklə başlayır və təqdimat suallar və tövsiyələrlə yekunlaşır. Bundan əlavə, əcnəbi şirkət mütəmadi olaraq özünün fəaliyyətinin əsas istiqamətləri üzrə rüblük hesabatlarını yayır. ARDNŞ-DA KİMLƏRSƏ İŞƏ GƏLİR, KİMLƏRSƏ «KÜLÜNG» VURULAR ARDNŞ ildən ilə böyüyür, genişlənir və 2008-ci ildən başlayaraq artıq Azərbaycan sərhədlərini də aşmağa başlayıb. Bu gün artıq müasir Azərbaycanı uzaq xaricdə Qarabağ problemindən savayı, həm də SOCAR-la (ARDNŞ-in ingilis deyimi) da tanıyırlar. Bəs neft və neft məhsullarının satışından, ixrac edilən qazdan gələn bu qədər pul ARDNŞ strukturları arasında ədalətli bölüşdürülürmü? Çünki Azərbaycanda bəzi «ağzıgöyçəklər» orda-burda danışırlar ki, ölkəyə gələn neft pulları vətəndaşlar arasında heç də ədalətli paylaşdırılmır. Həqiqətən, bu paylaşmanı real həyata keçirmək hökumət üçün müşkül bir işdir, ona görə ki, neft gəlirləri artandan ölkə əhalisini sayıb hesablamaq özü bir problemə çevrilib. Məsələn, bu il müstəqillik tarixində əhalinin ikinci dəfə siyahıyaalınma prosesi keçirildi (həqiqətən çox sakit keçdi, heç kəs cürət edib səsini çıxartmadı ki, bəs məni «şotkaya» vurmadılar), ancaq onun nəticələri 2010-cu ilin yayında (əksər camaat istirahətdə, əli pula çatanlar isə ölkə xaricində olanda) açıqlanmalıdır. Elə isə ARDNŞ-in illik hesabatına nəzər salaq. Neft şirkətimizin ən böyük strukturunu, yəni «Azneft» İstehsalat Birliyini nəzərə almasaq, onda maraqlı bir faktla üzləşirik. Belə ki, Sosial İnkişaf İdarəsi kapital qoyuluşu üzrə xərcləmələrdə «Azneft»dən sonra lider qurum olub. 2008-ci ildə kapital qoyuluşu bu idarə üzrə təqribən 111.5 mln. manat təşkil edib. Bəs nə işlə məşğul olur bu idarə? Onun uşaq bağçaları, məktəbləri, mənzilləri, idman kompleksləri, xəstəxanaları, kitabxanaları və bu kimi onlarca yardımçı təsərrüfatları var. Orada işləmək arzusunda olanlar ildən-ilə artır, çünki nə əli mazutlusan, nə də dənizdə «ştorma» düşürsən, daim ağ yaxalıqda və isti yerdə... Necə deyərlər, neft pullarının qeyri-neft sektoruna yatırımlarını görmək istəyənlər buyurub gələ bilərlər Sosial İnkişaf İdarəsinə. Onun binası da möhtəşəmdir, yerləşdiyi yer də («Sahil» metro stansiyasından Malakan bağına gedən yolun üstündə)! Müqayisə üçün qeyd edək ki, «Kompleks Qazma İşləri» Tresti üzrə kapital qoyuluşu bundan 5.7 dəfə az olub (buradakılar adından göründüyü kimi, ARDNŞ-in sifarişi ilə quyu qazmaqla məşğuldurlar) və nəticədə bura ayrılan vəsait cəmi 19 mln 658.6 min manatla yekunlaşıb. Müqayisə üçün bildirək ki, daim diqqət mərkəzində olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) kapital xərcləri neftin dünya qiymətlərinin «kəllə-çarxa» çıxdığı il cəmi-cümlətanı 27.1 mln. manat olub. Başqa bir fakt. 1 yanvar 2009-cu ilə ARDNŞ işçilərinin ümumi sayı 65 min 83 nəfər idisə, bunun 7 min 838 nəfəri Sosial İnkişaf İdarəsinin payına düşüb. Bir ildə bu İdarədə işçilərin artımı düz 504 (!) nəfər olub. Elə həmin zaman kəsiyində «Azneft»də (adından göründüyü kimi, neft çıxaranlar cəmləşib burada) işçilərin sayı 474 nəfər azalıb, Geofizika və Geologiya İdarəsində 132, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində 297, «Azərneftyağ» NEZ-də 72, H.Əliyev adına Bakı NEZ-də 86, «Kompleks Qazma İşləri» İdarəsində isə 240 iş yeri ixtisara salınıb. «QAZ» VURUB, «QAZAN» DOLDURANLAR ARDNŞ-in 2008-ci ilə həsr edilmiş hesabatında o da açıqlanır ki, hasil edilən neftin maya dəyərinin 15.8 faizini əməkhaqqı təşkil edir. Şirkət üzrə orta aylıq əməkhaqqı 563 manat 70 qəpik təşkil edib. Ancaq idarələrin əməkhaqları arasında əməlli-başlı fərq var. Belə ki, 238 nəfərdən ibarət ARDNŞ aparatında orta əməkhaqqı 938.23 manat təşkil edib. Bu, şirkətdə ən yüksək maaşdır. Məvacibi quyu qazmaqdan çıxan «Kompleks Qazma İşləri» Trestində isə bu göstərici 666.84 manat olub. Maraqlıdır ki, Sosial İnkişaf İdarəsində orta əməkhaqqı demək olar ki, şirkətdə ən aşağıdır – 352.90 manat (onda bura niyə belə axın var?). Statistika üzrə ən aşağı əməkhaqqı isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində qeydə alınıb – 323.15 manat (onlar maaşsız da işləyə bilərlər, ona görə ki, əsas vəzifələri neft məhsullarının pərakəndə satışını təşkil etməkdir). BU DA AXIRI Neftin sənaye üsulu ilə hasilatı artıq 160 ildir ki, davam edir. Bu ötən dövrdə elm və texnika nə qədər inkişaf etsə də, neft sənayesi yenə də «ağır əmək fəaliyyətli» peşə növü olaraq qalır. Buna görə də inkişaf etmiş ölkələrdə 60 yaş neftçi üçün (istər adi işçi ol, istərsə də prezident) istirahətə getmək üçün bir siqnaldır. Neftçilər demək olar ki, çox yerdə yüksək əməkhaqqı aldıqlarından, bu hüquqdan sevinclə istifadə edirlər, çünki aldıqları təqaüd onlara firavan və sakit həyat sürməyə kifayət edir. Ancaq Azərbaycanda belə deyil... 1 yanvar 2009-cu il tarixinə olan məlumata görə, ARDNŞ işçilərinin 13.5 faizini və ya 8778 nəfərini «pensionerlər» (təqaüdçülər) təşkil etmişdir. Bunların 1415 nəfərinin yaşı 70-də çox olanlardır. Şirkətdə yaşı 80-i ötmüş isə 37 nəfər çalışmaqdadır. Ən maraqlısı isə budur ki, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də bunların sırasındadır. |