Keçid linkləri

Təcili xəbərlər

Təhsil də qorxulu olarmış...


Ramiz Mehdiyevin ideyası hələlik təklif xarakteri daşıyır
Ramiz Mehdiyevin ideyası hələlik təklif xarakteri daşıyır
Deyirlər ki, tarix spiralvari xətt üzrə inkişaf edir. Bunun doğru və yaxud
yalan olması heç kimə məlum deyil. Amma Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin növbəti təklifi haqqında eşidərkən bu detalı yada salmamaq qeyri-mümkündür.

Hər şey sanki Mirzə Cəlilin «Ölülər»ində olduğu kimidir. Keçmişdə atalar gileylənirdilər ki, rus məktəblərində oxuyan uşaqlar dönüb başqa adam olur, öz atalarını başa düşmürlər. İndi ataların əvəzinə hakim dairələr belə düşünür və ona görə də xaricdə təhsilə nəzarəti gücləndirmək istəyirlər. Amma bunu necə etmək fikrindədirlər?

XARİCDƏ TƏHSİL ALMAQ ÜÇÜN «XEYİR-DUA»

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təklif edir ki, xaricdə təhsil almaq üçün tələbələrin seçimi Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən həyata keçirilsin. Qısası budur ki, xaricdə təhsil almaq istəyənlərə bundan sonra prezident yanındakı Komissiya, ya da cənab Mehdiyevin özü razılıq verməlidir.

Əgər söhbət xaricdə təhsil alanların sayını artırmaqdan, onların maddi vəziyyətini yaxşılaşdırmaqdan, təhsil üçün daha yaxşı ölkələr və universitetlər seçməkdən getsəydi, bunu çox normal qəbul etmək olardı. Amma indiki halda söhbət bundan getmir. Söhbət icazədən gedir.

Düzdür, xaricdə təhsil almaq yerli institutlarda təhsil almaqdan bir qədər fərqlənir. Xaricdə təhsil alanlar, etiraf etmək lazımdır ki, fərqli dünyagörüşünə sahib olurlar. Fərqli dünyagörüşü deyəndə ölkədəki indiki gerçəklikdən bir qədər fərqli hal nəzərdə tutulur. Bəli, burada da həmişə düzgün seçim olmur. Bəzən tələbələr bir o qədər də inkişaf etməyən, demokratikliyi ilə seçilməyən ölkələrə təhsil almağa gedirlər. Bu problemdir və o, özünü ən çox dini təhsil almaq üçün xaricə göndərilən tələbələrdə birüzə verir. Burada dövlət və ruhani institutları vəziyyəti yaxşılaşdırmaq üçün müdaxilə edə bilərdilər.

Məsələn, İranda təhsil almış tələbələr Azərbaycan üçün nə qədər gərəkli ola bilər? Onların dünyagörüşü avtoritar və teokratik ideyaların hökm sürdüyü mühitdə formalaşır. Burada ruhani din xadimlərindən birinin fikri yada düşür: « uşaqlar valideynlərindən daha çox zəmanənin və yaşadıqları mühitin övladaları olurlar».

Fəqət, prezident administrasiyası vəziyyəti konkretləşdirmir. Əsas odur ki, hakimiyyət tələbələri yox, təhsil almaq üçün ölkələri, universitetləri düzgün seçməlidir. Amma hakim dairələri bunlar düşündürmür. Onlar tələbələri seçmək və həmin tələbələrin bir neçə il bundan sonrakı davranışını müəyyənləşdirmək və idarə etmək fikrindədirlər.

HAKİMİYYƏTƏ LOYALLIQ HAQDA ARAYIŞ

Ramiz Mehdiyevin ideyası hələlik təklif xarakteri daşıyır və söhbət ancaq təklifdən gedir. Reallıqda isə tələbələrin seçimini həyata keçirmək çox çətin olacaq. 17-18 yaşlı gəncləri xaricə təhsil almağa buraxmamaq üçün çox ciddi əsaslar lazımdır və bu, insan haqlarının bilavasitə pozulması deməkdir. Bu seçimin həyata keçiriləcəyi təqdirdə gənclər özləri haqqında yox, valideynlərinin hakimiyyətə loyallığı barədə arayış təqdim etməli olacaqlar. Məsələnin mahiyyəti bundadır.

Hələ seçkilər başlamamışdan müxalifətin heç bir sosial bazası olmaması haqda bəyanat verən hakimiyyət eyni uğurla kiminsə uşağına xaricdə təhsil almağa icazə verməyəcək. Bunun təhsilin keyfiyyətinin yaxşılaşmasına isə heç bir müsbət təsiri olmayacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG