Keçid linkləri

Təcili xəbərlər

Qarabağ, Sudet vilayəti və Münhen şəhəri


Prezidentlərin Münhen görüşü, 22 noyabr 2009-cu il
Prezidentlərin Münhen görüşü, 22 noyabr 2009-cu il
Münhen görüşü də belə yola verildi. Düzü, Münhen tarixdə ərazi bütövlüyünə ağır bir zərbənin vurulduğu şəhər adı çıxardığından gözləmək olardı ki, Almaniyada nəsə başqa bir şəhər seçiləcək. 1938-ci ildə Münhendə İngiltərə və Fransa rəsmiləri Almaniya və İtaliya rəsmiləri ilə görüşüb razılığa gəlmişdilər ki, Çexoslovakiyanın Sudet vilayətini Almaniyaya bağışlasınlar. Çexləri bu görüşə dəvət belə etməmişdilər. Sudet bir çox mənalarda indiki Dağlıq Qarabağa bənzəyir. Orada alman əhali çoxluq təşkil edirdi, yerli əhali Almaniyaya birləşmək istəyirdi, Çexoslovakiya isə ərazi bütövlüyü deyib dururdu, lap Azərbaycan kimi.

HANI NEFT-QAZ RIÇAQLARININ İSTİFADƏSİ?

Bu tarixi yada bir ştrix kimi saldım. Aydındır ki, iki situasiya arasında oxşarlıqlar olduğu kimi ciddi fərqlər də var. Almaniya iri dövlət idi, Ermənistan kiçik, Sudet məsələsində çexlərin əlində heç bir ciddi təsir vasitəsi yox idi, Azərbaycanda neft, geopolitik mövqe, bu ölkədən keçən strateji enerji xətləri və daha nələr var. Anlaşılmayanlar isə bunlardır: Niyə görə bu qədər təsir vasitələri ilə Azərbaycan Ermənistan şərtləri altında danışıqlar aparır? Niyə görə Azərbaycan ilə ciddi enerji əməkdaşlığı olan ABŞ, Rusiya və Fransa Qarabağ məsələsində stabil olaraq təzyiqləri Azərbaycana yönəldirlər? Hanı neft-qaz rıçaqlarının istifadəsi?

Münhendəki görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin müzakirə edəcəkləri məsələlər dairəsi barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yaymışdı. Həmin məsələləri xəbərdə yayıldığı kimi sıralayıram:

- Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması;
- Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi;
- Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması;
- Öz müqəddaratını təyin etmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu;
- Məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı;
- Bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi.

Yəni, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, əvəzində isə Dağlıq Qarabağ ermənilərin məqbul saydığı formada (heç bir şey bu məsələdə hansısa bir məhdudiyyətin qoyulmasına işarə etmir) «öz müqəddəratlarını» təyin edirlər. Üstəlik, Dağlıq Qarabağa dəxli olmayan rayonların birindən Ermənistana dəhliz də alırlar və bu razılaşmalar əldə edilənə qədər də Dağlıq Qarabağ üçün bir aralıq status müəyən olunur, yekun sazişdən sonra isə bölgədə beynəlxalq qüvvələr yerləşdirilir. Son iki məsələdə məqsəd Azərbaycanın müharibə hüququnun neytrallaşdırılmasıdır. Aralıq status Dağlıq Qarabağa hüquqi bir status verir ki, Azərbaycan ora qəfil hərbi hücum etməsin. Beynəlxalq qüvvələr də regiona eyni məqsədlə yeridilir.

MƏGƏR AZƏRBAYCAN SON 16 İLDƏ BU QƏDƏR ZƏİFLƏYİB Kİ…


İndi, yeni suallar yaranır. Axı, bu şərtləri Ermənistan Azərbaycana 1993-1994-cü illərdə təklif edirdi. O vaxt Rusiya diplomatı Kazimirov da regiona tez-tez gəlib elə təqribən bu razılaşmanı təklif edirdi. Bəs nə dəyişib? Ermənstan 1993-cü ildən bəri Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonları «təhlükəsizlik kəməri» adlandırıb və bu rayonları istənilən vaxt Dağlıq Qarabağın əvəzində Azərbaycana qaytarmağa hazır olub. Bu şərtləri Ermənistan 1993-cü ildə müharibədə təzəcə məğlub etdiyi Azərbaycana təklif edirdi və Azərbaycan bu şərtləri rədd edirdi! İndi 16 il sonra, Azərbaycan neft bumuna nail olandan sonra, hərbi büdcəsi Ermənistanın bütün ümummilli büdcəsini ötəndən sonra, Azərbaycan rəsmilərinin dediyinə görə, Ermənistanı diplomatik arenada izolyasiya etdikdən sonra 1993-cü il şərtləri ilə Ermənistanla bazarlaşmağın məntiqi nədir? Məgər Azərbaycan son 16 il ərzində bu qədər zəifləyib ki, 1993-cü ildə qəbul etmədiyi şərtləri indi qəbul etsin? Bunca «güclənəndən», «regionun liderinə» çevrildikdən, «iqtisadi artım templərinə görə dünyada lider» olduqdan sonra «zəifləmiş», «regional inkişaf layihələrindən kənarda qalmış» və «diplomatik arenada təklənmiş» Ermənistanla «Azərbaycan torpaqlarının Azərbaycan torpaqları ilə dəyiş-düyüş edilməs» formulu əsasında danışıqlar aparmasını rəsmi Bakı sadə azərbaycanlılara necə izah edəcək?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG