Keçid linkləri

Təcili xəbərlər

Meyxananın zövq prezumpsiyası


Niyazi Mehdi
Mənim siyasətlə bağlı ötən yazımın Yurdum ayamalı oxucusu yazır ki, meyxananı öncələr sevirdi, indi isə görəndə ki, onu necə bayağılaşdırıblar, nəşə ilə, söyüşlə, yerliçiliklə korlayıblar və bu korlanmışlığında da yayaraq sırf bakılı faktından ümumazərbaycan faktına çeviriblər, dilxor olur. Boynuma alım ki, mənim də meyxanalar yasaq zonasından tele-zonaya çıxanda ilk əvvəl xoşuma gəlirdilər. İndi isə təsadüfən hansısa kanalda meyxana yarışı urcahıma çıxanda həməncə kanalı dəyişirəm. Yaxşı, belədirsə, meyxanalara ikrah bildirə bilərəmmi və bildirərəmsə, nəyi əlavə edə bilərəm?

Məni doğrudan da çox hallarda meyxanaçılar və meyxanalar yaxşı mənada təsirləndirmirlər. Hərçənd 20-25 il bundan qabaq Albert Lordun «Rəvayətlər ozanı» adlanan ünlü kitabından seçmələri dilimizə çevirib «Qobustan»da çap etmişdim və orada meyxanaya dəxli olan bir sorunun cavabı verilmişdi. Soru isə belə idi: necə olur ki, «Mahabharata», «Manas» kimi azman tekstləri ozanlar əzbərdən bilirdilər. Lord müəllimi Pərridən çıxış edərək göstərirdi ki, bu tip dastanları söyləyənlər əzbərlədiklərini söyləmirlər. Onlar dastanın tipik situasiyaları ilə bağlı formulları bilirlər və o situasiya gələndə bu formullardan biri ilə situasiyanı söz biçiminə salırlar. İndi çox hazırcavab görünən meyxanaçıların çoxunun da ustalığı heçdən möcüzələr yaratmaq deyil, məqamında düşüncəni, cavabı güclü edən modeli, formulanı tapıb işlətməkdir. Həmin formulaların çoxu isə onların öz ixtirası deyil, haçansa yaşamış ustadların gətirdikləridir.

Meyxanalardan, yadımdadır ki, düşüncə sayrışmaları ilə seçilən Aydın Talıbzadə ağıllı nəsə yazmışdı. Ancaq mən istərdim Azərbaycanda Lordun formallar nəzəriyyəsi əsasında meyxanadan dissertasiya da yazılsın, araşdırmalar da aparılsın. Mədəniyyətdə ənənə və novatorluq kimi axmaq-axmaq nəsnələrdən yazmaqdansa, meyxanaların anatomiyasını açmaq yey! Güman ki, meyxana və rep paralelləri də dərinə nəsə bilgilər verərdi.

Deməli, mən nəyi dedim? Bir yandan onu ki, meyxana çoxdandı məni ilgiləndirmir. O biri yandan da demədim ki, onu bayağılaşdıran yüzlərlə ağzı söyüşlü, xumar gözlü gənc ortaya çıxıbsa, meyxanaları yenidən
O nəsnələrin ki mədəniyyətdə çoxlu ləzzətini ( kefini, kayfını) tutanlar var, onların yaşamaq haqqı var
TV və Radiolardan qovmaq gərəkdir – onların elm üçün dəyəri onların mədəniyyət üçün dəyərinə də tanıq, şəhadət verir.

Bəs, məndən məsləhət uman oxucuma nə deyərdim? Deyəcəklərimin çoxları üçün ilginc ola biləcəyini düşünərək deyirəm. Bu söyüş və nəşə-filan məsələsinə görə meyxanadan dilxor olanda yadına sal ki, oxşar hallar Qərbin repində, reperlərində də olur. Bütünlükdə isə gənclər mədəniyyətində narkotikdən, tərbiyəsizlikdən, pintilikdən qiyam, epataj kimi istifadə yeni deyil və kimsə (məsələn, ünlü Terner) bütün bunların kökünü hippi, təsəvvüf-sufizm, dzen-buddizm qollarında tapa bilər.

O nəsnələrin ki mədəniyyətdə çoxlu ləzzətini (kefini, kayfını) tutanlar var, onların yaşamaq haqqı var. Bu haqq nə sənin, nə mənim zövqümdən asılı deyil. Hakimiyyətin başında duran «zövqlü» padşah və ya prezident isə belənçi bayağılığın kökünü kəsmək istəyəndə o, həməncə bayağılığını itirib hətta elitar adamlar üçün də yüksək çeşidli (kalitəli) sənət incisinə çevrilir. Hakimiyyət təcavüzünün, ədabazlığının, öz gücünə heyranlığının bir alın yazısı var. Hətta ən axmaq nəsnənin üstünə də möhkəmcə yeriyəndə o, intellektual şarm, cazibə qazanır.

Bu bir haşiyə.

O biri haşiyə odur ki, sən ağlına, zövqünə, təhsilinə görə pis şouları, sarı mətbuatı, bulvar romanlarını bəyənməmək mərtəbəsinə qalxımsansa, narazılığını onlara yox, başqa hədəfə yönəlt. Məsələn, narazı qal ki, niyə bu mədəniyyətin yüksək incəsənətlə tərbiyələnmiş duyğuları vəcdə gətirən şoular doğurmaq gücü yoxdur?! Niyə yüksək səviyyəli ciddi mətbuat yoxdur, romanlar və şeirlər yoxdur?! Bir sözlə ondan narazı qalmalısan ki, niyə sənə başqa düşüncəli və mənəviyyatlı insan kimi gərəkənləri sən öz mədəniyyətində tapammırsan.

Mən niyə məsələni belə çevirirəm? Çünki çox vaxt meyxana kimi şeylərdən narazılıqlarını bildirənlər düşünürlər ki, əsas işi gördülər. Ancaq, gəlin, nəyimiz varsa, onlara əsəbiləşməyə enerji sərf etməyək. Bizə gərəkli nələr yoxsa, onları dünyamıza gətirməyə güc sərf edək. Ola bilər ki, beləcə, yenilər diriliyini, təpərini itirmiş köhnələrin də yerini dar edərlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG