Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan ABŞ-a münasibət prizmasında...


Prezident Corc Buş və İlham Əliyev, Ağ Ev. 28 aprel 2006
Prezident Corc Buş və İlham Əliyev, Ağ Ev. 28 aprel 2006
Heydər Əliyevin vaxtında vəziyyət bir qədər fərqli idi. Kifayət qədər ehtiyatlı adam olan Heydər Əliyevin nə özü, nə də məmurları heç vaxt aşkar şəkildə hansısa dövlətin, beynəlxalq təşkilatın əleyhinə danışmırdı. Hətta onun vaxtında rəsmi Bakı bircə dəfə olsun belə Rusiya kimi dövləti tənqid etmədi. Amma indi vəziyyət dəyişib. İlham Əliyev hakimiyyətə gələndən rəsmi ritorikada ziddiyyətli çalarlar yer tapıb. Bunu onun yaşı ilə izah edənlər də var. Amma burada yaş o qədər də mühüm rol oynamır. Əgər məsələ yaşda olsaydı onda İlham Əliyev Rusiyanı da tənqid edərdi. Amma onun nə özü, nə də məmurları bircə dəfə olsun belə Rusiyanı tənqid etmirlər. Halbuki Azərbaycana ən ağır zərbəni Rusiya vurub, onu Qarabağ kimi ağır problemlə üz-üzə qoyub və indi də bu siyasəti davam etdirməkdədir. Başqa dövlətləri biganəlikdə qınamaq olar, amma onlar Azərbaycan ərazilərinin işğalında iştirak etməyiblər. Bəzən deyirlər ki, hakimiyyətin Rusiyaya tərəf meylli olduğunu sübut edin. Bəs bu sübut deyilmi? Təkcə Rusiyadan başqa hamı tənqid olnur!.. Bəs tənqid olunanlar kimdir?

AZƏRBAYCANIN KÖHNƏ «DƏRDİ»

Beynəlxalq təşkilatlar İlham Əliyev hakimiyyətə gələndən sözün əsl mənasında bəlaya «çevrilib». Onlar Azərbaycanı demokratiyanın və insan haqlarının vəziyyətinə görə mütəmadi olaraq tənqid edir, ölkə rəhbərini problemləri aradan qaldırmağa çağırır. Rəsmi Bakı ilk baxışda özünü elə göstərir ki, sanki onun üçün bu təşkilatlar mövcud deyil. Amma bu ilk baxışda belə görünür. Tez bir zamanda hakimiyyət özü- özünün ziddinə gedir və həmin təşkilatları kəskin tənqid edir. Çox güman ki, belə tənqidə demokratik dövlətlərin heç birində təsadüf olunmur. Onlar beynəlxalq təşkilatları qınayırlar ki, niyə Azərbaycan rəhbərliyini tərif yox, tənqid edir?

Amma günah beynəlxalq təşkilatlardadırmı? Azərbaycan sözün əsl mənasında həbsxanaya çevrilib. Beynəlxalq təşkilatlar bunu deməsələr cəmiyyət bundan xəbərdar olmayacaqmı? Burada çox şeyi sadalamaq olar. Amma məsələ bunda deyil. Sadəcə hakimiyyətin hansı təşkilatları və dövlətləri tənqid etdiyinə baxaraq onun mahiyyəti haqqında mühakimə yürütmək olar. Mahiyyət isə sadədir. Azərbaycan kəskin avtoritarizm dövrünü yaşayır. Hamı pisdir, dünya bizim əleyhimizədir, hamı bizə düşmən kəsilib - adətən qapalı rejimlər, avtoritar və totalitar dövlətlər belə təbliğat aparır. Buna əmin olmaq üçün hakimiyyət nümayəndələrini dinləmək kifayətdir.

Amma onlar təkcə beynəlxalq təşkilatlarla kifayətlənmirlər. Rəsmi Bakı ara-bir dövlətləri də möhkəm «tənqid» atəşinə tutur. Belə dövlətlərdən biri də ABŞ-dır.

YENİ DÜNYA GƏNC DÖVLƏTİN NİYƏ XOŞUNA GƏLMİR?

ABŞ-a qarşı yönələn «tənqidlər» dalğavari xarakter daşıyır. Belə bir dalğa bu yaxınlarda müşahidə olundu. Həmin dalğaya hətta Azərbaycanın konsulları da qoşuldular. Hər prezident seçkisindən sonra ABŞ tənqid edilir. Səbəb də budur ki, hakimiyyət Ağ Evin qarşısındakı çəmənlikdə görünmək istəyir.

Amma ABŞ rəsmiləri belə bir bəxtəvərliyi Azərbaycan prezidentinə qismət etmirlər. O, isə bundan qeyzlənir. Üstəlik, rəsmi Bakı belə bir fikirlə yaşayır ki, bütün beynəlxalq təşkilatlar ABŞ-ın razılığı ilə danışır və o, istəsə onlara təsir edə bilər! Amma əslində belə deyil. Həmin təşkilatların hesabatlarında bəzən ABŞ-ın özü tənqid olunur.

Azərbaycan rəsmilərinin «məntiqi sadədir». Onlar Qərb dövlətlərinə neft satır, Əfqanıstanda xidmət etmək üçün adamlar göndərirlər! Belə olan təqdirdə ABŞ niyə görə demokratiyanın pozulmasına bu qədər dözümsüz yanaşır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG