Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan nə qədər qaz çıxarır və hara sərf edir


2016-cı ilə qədər Azərbaycanın ümumi qaz ixracı 22-25 milyard kubmetrədək arta bilər
2016-cı ilə qədər Azərbaycanın ümumi qaz ixracı 22-25 milyard kubmetrədək arta bilər
AZƏRBAYCAN QAZ İXRACINI 3 DƏFƏ ARTIRA BİLƏR

Noyabrın 11-də Dövlət Neft Şirkəti (ARDNŞ) ilə İranın Milli Qaz İxrac Şirkəti arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, 2010-cu ildən ARDNŞ-nin İrana qaz ixracı nəzərdə tutulur.

ARDNŞ prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında deyib ki, 2010-cu ildən İrana əvvəl 500 mln. kubmetr, sonrakı illərdə isə bundan da artıq qaz satılacaq.

Bundan da əvvəl, oktyabrın 14-də ARDNŞ Bakıda «Qazprom»la qaz satışına dair kommersiya müqaviləsi imzalamışdı. Bu müqaviləyə əsasən, 2010-cu ilin əvvəlindən ARDNŞ Rusiyaya qaz satacaq. Burada da ilkin mərhələdə ildə 500 mln. kubmetr həcmində satılan qazın ixracını sonrakı illərdə artırmaq nəzərdə tutulur.

Xatırladaq ki, 2007-ci ilin əvvəlindən Azərbaycan Gürcüstana, həmin ilin 3 iyul tarixindən isə Türkiyəyə də qaz ixrac edir. Hazırda Türkiyəyə illik olaraq orta hesabla 6 milyard, Gürcüstana isə 1 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac edilməkdədir.

Bu hesabla 2010-cu ildən Azərbaycanın qaz ixracı 4 ölkə üzrə 8 milyard kubmetrədək yüksələ bilər.

2016-cı ilə qədər Azərbaycanın ümumi qaz ixracı 22-25 milyard kubmetrədək arta bilər. 8-9 ölkəyə satılacaq bu qazın həcmi «Şahdəniz» yatağının işlənməsinin 2-ci fazasının işə düşməsi nəticəsində artacaq.

AZƏRBAYCAN AZƏRBAYCANA NƏ QƏDƏR QAZ VERİR

Gələn il üçün Azərbaycanda nə qədər əmtəəlik qaz olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Hasilat göstərilir, bu, 27-28 milyard kubmetrdir, amma nəzərə almaq lazımdır ki, hasilatla əmtəəlik qaz arasında böyük fərq var.

Çünki hasil edilən qazın bir hissəsi təzyiqi saxlamaq üçün istismarda olan neft quyularına vurulur. Bu baxımdan, əmtəəlik qaz gələn il 18 milyard kubmetr ətrafında olacaq. Onun 7 milyard kubmetrə yaxını Türkiyə və Gürcüstana ixrac ediləcək, daha 1 milyardı isə yarıbayarı olmaqla Rusiya və İrana satılacaq. Yerdə qalan 10 milyard kubmetr mavi yanacaq isə daxili tələbatın ödənməsinə yönəldiləcək. Ancaq son 2 ilin təcrübəsi göstərir ki, statistikanın verdiyi bu həcmdə qaz ölkə vətəndaşlarının fasiləsiz, keyfiyyətli və dayanıqlı qaz təminatı üçün yetərli deyil. Yəni, istehlak edilən qazın yarısı «Azərenerji»yə istilik elektrik stansiyalarını təmin etmək üçün verilir. Yerdə qalanın yarım milyon kubmetri texniki itkiyə gedir (nəql və paylayıcı şəbəkələrdə texniki itki) və 5 milyard kubmetrlə Azərbaycanın bütün sənayesi, kommersiya qurumları, əhalisi və kommunal təsərrüfatı «yaşayır».

MAVİ YANACAQ: KAĞIZDA VƏ HƏYATDA

«Azəriqaz»ın statistikasına görə, 2009-cu ilin yanvar-sentyabr aylarında ölkədə əsas istehlakçı kateqoriyası («Azərenerji» nəzərə alınmazsa) əhalidir. Belə ki, bu dövrdə əhali 1 mlrd 879.7 mln kubmetr qaz, büdcə təşkilatları 74.5 mln kubmetr, sənaye və kommersiya obyektləri isə müvafiq olaraq 360.9 və 163.6 mln kubmetr mavi yanacaq istehlak edib.

Verilən statistik rəqəmlərə inansaq, onda əhali (ümumilikdə 1 milyon abonent) 9 aya 990 kubmetr və ya aya 110 kubmetr qaz işlədib. Nəzərə alsaq ki, bu müddətin cəmi 3 ayını əhali qazdan qızdırıcı vasitə kimi yaralanıb, onda daha maraqlı mənzərənin şahidi olarıq. Məsələn, mənim 3-otaqlı mənzilim 2004-cü ildən «kombi» sistemi ilə qızdırılıb və illik qaz məsrəfim heç vaxt 600 kubmetri keçməyib, yəni aylıq ortalama 50 kubmetr. Digər tərəfdən, Azərbaycanda qaz sayğacları tətbiq edilməmişdən öncə hökumətin normativ sənədlərinə əsasən, adambaşına düşən qaz məsrəfi aylıq 30 kubmetr götürülürdü. Yəni, orta statistik Azərbaycan ailəsi üçün ayda 120 kubmetr. Həmin vaxt vətəndaş cəmiyyəti bunun şişirdilmiş göstərici olduğunu uzun müddət sübut etməyə çalışırdı. Nəhayət, qaz sayğaclarının tətbiqindən sonra baş nazir Artur Rəsizadə etiraf etdi ki, sayğaclara əsasən sərf edilən qazın miqdarı qat-qat aşağıdır.

Elə isə nədən yenidən «daş dövrünə» (yəni «sayğacsız» dövrə) qayıdır artıq müstəqilliyini itirmiş «Azəriqaz»ımız?!

QAZLI AZƏRBAYCANIN QAZSIZ VƏTƏNDAŞLARI

Bu gün heç kəsə sirr deyil ki, nəinki Azərbaycanın ucqar regionlarında, heç Bakının özündə belə əhalinin qaz təminatı lazımi səviyyədə təşkil edilməyib. Daha doğrusu, hökumət bu yöndə müəyyən addımlar atır, ancaq lazımi nəticəni ala bilmir. Bunun da əsas səbəbi idarəetmədə olan problemlərlə bağlıdır. Yəqin elə bu səbəbdən də bu ilin 1 iyulundan «Azəriqaz» müstəqil qurum kimi fəaliyyətini dayandırdı və o, Prezident sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeçiliyinə keçirildi. Baxmayaraq ki, 1 iyuldan da əhali kateqoriyası üçün istehlak edilən qazın qiyməti 2 dəfədən də çox artırıldı, ancaq hələ ki, qaz təminatında adekvat yaxşılaşmanı abonentlər hiss etmir.

Adi bir misal. Bakının mərkəzində on minlərlə abonent var ki, qazı tamamilə yoxdur. Onların – yeni tikili sayılan çoxmərtəbəli evlərin sakinləri - maddi imkanları var ki, mavi yanacağı Azərbaycanın hazırda ixrac etdiyi qaz qiymətinə (hər 1000 kubmetr üçün $120) alsınlar. Ancaq kimdir Azərbaycan vətəndaşının halına yanan? Yeni binalara icra hakimiyyəti, yaxud tikintilərin qəbul edilməsinə cavabdeh orqanlar «kupça» verməsə, onlar hələ neçə illər QAZLI AZƏRBAYCANIN QAZSIZ VƏTƏNDAŞLARI olaraq qalacaqlar!
XS
SM
MD
LG