Keçid linkləri

Təcili xəbərlər

«Anlamın» mənası


Niyazi Mehdi
Fəlsəfədə, mədəniyyətdə nələrisə qat-qat açmağa imkan verən çox «adi geyimli» deyimlər mənə yaman ləzzət verir.

Belə deyimlər, yumağı vuran təpik kimidir, dəyəndə yumaq diyirlənərək açılır.

Bax, bu təpik-deyimlərdən biri mənim ağlıma «məna» və ya Anadolu türklərinin işlətdiyi «anlam»la bağlı gəldi.

NİYƏ BİRDƏN-BİRƏ BU MƏSƏLƏDƏN DANIŞMAQ İSTƏDİM?

Ona görə ki, bizim camaat tez-tez «məna» sözünü işlətsə də soruşanda bəlli olur ki, «məna»nın mənasını «hiss edirlər», di gəl bilmirlər.

Yeri gəlmişkən, azərbaycanlılar üçün aktual olan «deyə bilib-bilməmək» məsələsinə də toxunum. Bizim adamlar çox tez-tez özlərini bilmək, bilik bolluğunda duyurlar, ancaq gileylənirlər ki, bildiklərini deyəmmirlər. Ünlü bir filosof olan Lüdviq Vitqenşteyn isə söyləmişdi ki, sən yalnız deyə bildiyini bilirsən. Deyəmmirsənsə, deməli, bilmirsən. Artırım ki, «deməyi» yalnız sözlərlə bağlamayaq. Sən hansısa düşüncəni sözün çatmayanda əl-qolunla, üz-gözünlə anlada bilirsənsə, bu da bir deməkdir, laldili kimi…

PİNTİ GEYİM VƏ PİNTİLİK


Bəs bu söylədiklərim bizim üçün nədən aktualdır? Ondan ki, qoy, bir çox adamlar silkələnib ayılsınlar: onlar bilməlidirlər ki, deyə bilmədiklərini bilmirlər! Ona görə də «bilirəm, ancaq danışıq qabiliyyətim olmadığından söyləyə bilmirəm» cümləsi ilə gözə kül üfürməsinlər, nə özlərinin, nə bizim.

İndi isə mənanın nəliyini (nə olmasını) açan bəzəksiz-düzəksiz deyim: bir şeyin mənası onun bildirdikləridir. Türklərin «anlamı» bunu başqa cür açır: bir nəsnənin anlamı onun anlatdıqlarıdır.

Bundan çıxanlar: əgər sənin geyimin pintidirsə, onun mənası sənin pintiliyin olacaq, çünki bildirilən bu pintilikdir.

Dünyada asan mənalar var, bir də var, çətin tapılan mənalar. Pintilik asan tapılan anlamlardandır.

HACI TOYUNDA ALKOQOL

Ancaq əgər hacı toyunda toy yiyəsinin gözyumdusu ilə kofe fincanında kimlərsə içki gətirilirsə, bunun anlamı, yəni bildirdiyi nədir?

Toy yiyəsinin dini ikiüzlülüyü?

Niyə ikiüzlülük?

Çünki bir üzü Allaha möminliyi göstərir, o biri üzü isə içən dostlarına üzgörənliyi. Bəlkə göstərdiyim aktın anlamı, yəni bildirdiyi odur ki, bu Azərbaycanda heç bir fundamentalist İslam ideyasını axıra çatdırmaq olmur?

Bu axırıncı söylədiyimdən milli mentalitetimizlə bağlı nəsə ciddi elmi düşüncələrə çıxmaq olar. Ona görə də: bir nəsnənin, olayın çətin tutulan mənasını sən deyə bilirsənsə, deməli, həmin mənanı bilirsən.

İndi isə bu soruya baxaq: həyatın mənası nədir? Mənim söylədiyimdən itələnsək, demək olar ki, hər hansı adam üçün həyatın mənası nə üçü yaşamağın cavabında onun üçün bilinənlərdir. Yəni səndən soruşanda ki, yaşamaq sənin üçün nəyi bildirir, bu sual yaşamağın mənasına yönəlik sorudur. Adamların xeylisi bu sualın fərqinə varmırlar, ona görə də ailələri üçün və ya özləri üçün yaşayırlar, ancaq bilmirlər ki, yaşamlarının mənası ailələridir və ya özləridir. Axı, soruşanda bunu deyəmmirlərsə, deməli, bilmirlər.

Başqa xeyli adamsa həyatlarını elə belə gəzinti kimi yaşayırlar – deməli, onların həyatının prinsipial mənası yoxdur, yəni mənasız yaşayırlar.

HƏYATIN «BAŞQA» MƏNASI

Adamlar var ki, həyat onlara başqalarına faydalı olmağı bildirir, deməli, həyatın mənası da bu olur.

Bir variantda «başqaları» «özümüzünkülər»lə mənalandırılır – yəni sən sən olmayanlara «biz» deyib özümüzünküləşdirirsən, sonra da özün özün üçün yox, «özümüzünkülər» üçün çalışırsan-vuruşursan.

İkinci variantda isə başqalarını özgələrlə eyniləşdirib məhz özgələrinə yaxşı olmaq ərənliyini göstərmək istəyirsən.

Beləcə, xeyli ilginc məsələlərə çıxmaq olar, hamısı da gördüyünüz kimi adi bir deyimin təpik vurub açdıqlarıdır. Azərbaycanda ələ salmaq üçün, nifrət etmək üçün «təpik-deyimlər» çoxdur.

Ancaq bilmirəm, düşünmək üçün də çoxmudur?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG