Keçid linkləri

Təcili xəbərlər

7 qərib türk məzarı…


Babək Bəkir
Babək Bəkir
Doğulduğum kənddə - Çarhanda 7 türk məzarı var. Bu kəndin yaşlı sakinlərinin deməsinə görə, 1918-ci il qırğınları zamanı Azərbaycana gələn Qafqaz İslam ordusu Şamaxıda da çoxsaylı itkilər verib. Düz 7 məzar da bizim kəndin payına düşüb. Bəzi məzarlar elə həyətlərdəcə qalırdı. Yaxşı yadımdadır, kəndimizdə Bahar adlı yaşlı bir qadın var idi. Məzarlardan biri də onun həyətinə düşmüşdü. Bahar xalanın 5 cüssəli oğlu vardı, kəndin təsərrüfat işlərində çalışırdılar. O, oğlanlarının köynəyini həmin məzarın sinə daşının üstündə yuyardı. Kasıb ailə idilər, köynəklər axşam yuyulub,sabah qurudulmalıydı. Elə köynəkləri sinə daşının üstünə də sərib qurudardılar. Bu məzar axşamlar Bahar xalanın oğlanlarının köynəklərindən axan kirqarışıq sabunlu su ilə sulanır, səhərlər sinə daşında bərq vuran günəş zərrəsiylə də isinirdi…

BİR DƏRƏ MƏZARIM OLSUN, BİR DAĞI ÖRTÜN ÜSTÜMƏ…

Məzarlardan bir neçəsi də kəndimizin yanındakı dərədə idi. Yaşlı insanların deməsinə görə, iki qoşa məzar isə düz kəndin girişində olub. Sovet hakimiyyəti illərində bu məzarların üstündən kəndə yol çəkmişdilər. Yaşlılar deyir ki, həmin naməlum türk əsgərlərinin nəşi indi də asfalt yolun altındadır. Onların məzarlarının sinə daşları isə yaxın illərə qədər elə yolun kənarındaca atılıb qalmışdı. Gecələr kəndimizin uşaqları bu daşların üstündə qumar oynayırdılar. Qəbiristanlıq qumar oyunu üçün ən təhlükəsiz məkan, bu sinə daşları isə ən münasib yer sayılırdı.

1988-ci ildə Dağlıq Qarabağda savaş başlayandan sonra bizim kənddən də döyüşlərə gedənlər oldu. Aralarında könüllülər də vardı, məcburi aparılanlar da. Onlardan yalnız biri döyüşlərdə həlak oldu. Hərçənd sonradan kəndimizə daha iki meyit gəldi. Ancaq onlar atəşkəs dövrünə düşdüklərindən rəsmən «şəhid» statusu almadılar.

BAYRAQ KRİZİ

Doğrusu bilmirəm ki, indi bütün bunları niyə xatırlayıram. Bəlkə də ona görə ki, indi Türkiyə ilə Azərbaycan arasında Anadolu türkləri demiş, bayraq krizi yaşanır. Bursada Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayraqları stadiona buraxılmadı. Hətta yerli elektron medianın yayımladığı görüntüyə görə, bayraqlar müsadirə edilib zibil yeşiyinə atıldı. Bunun ardınca da Bakıda Şəhidlər Xiyabanındakı türk bayraqları yığışdırıldı.

Həəə, bütün bunları həzm etmək çox çətindir. Hər halda bu iki qardaş ölkə arasında indi baş verənlər məni 15-20 il əvvəl kəndimizdə gördüklərim haqında dərindən düşünməyə vadar eləyir. O vaxt kəndimizin 7 türk məzarına bəslədiyi münasibət azərbaycanlıları böyük qırğınlardan qoruyan Qafqaz İslam ordusunun nişanələrinə Sovet Azərbaycanının münasibəti idi. İndi baş verənlərin isə belə sadə cavabı yoxdur. Deyəsən, Azərbaycan hələ də dəyişməyib. Üstəlik ona elə «kiçik qardaş» kimi baxırlar. Türkiyə isə yenə qabıq dəyişir…

QOŞA TÜRK MƏZARI «QEYBƏ» ÇƏKİLİB?…

Bu bazar yenidən Çarhana getmişdim. Yol qırağında qoşa türk məzarlarının sinə daşı gözümə dəymədi. Soruşdum, gördüm deyən də olmadı. Utandım soruşmağa ki, bəs indi gecələr kənd cavanları qumarı harda oynayırlar?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG