Keçid linkləri

Təcili xəbərlər

Sevənlər də bir-birinə variant kimi baxırlar


Niyazi Mehdi
Niyazi Mehdi
İnsanların ara danışıqlarında «problem», «prinsip» terminlərini işlətməsi «csientizm»in, yəni elmbazlığın çoxdan dünyamıza girməsinə tanıq, şəhadət verir. Bu tanıqların ən maraqlısı isə 70-ci illərdə hətta kənddən gəlib tikintilərdə işləyən fəhlələrin də dilinə keçmiş «variant» sözüdür. O çağlar mənim diqqətimi buna ünlü teatr rejissoru Vaqif İbrahimoğlu çəkmişdi. İndi mən sözlərdən çıxış edərək çağımızın diaqnozunu qoymaq işinə girişmək istəyəndə «variant» yenidən yadıma düşdü.

70-ci illərdə azərbaycanlı bilincində, yəni şüurunda nələr baş verdi ki, onun «variant» sözünə belə gərəyi yarandı? «Variant» fizikada, sistem nəzəriyyəsində, strukturalizmdə, semiotikada «invariant» sözü ilə ilişgidə işləkləşmişdi. Bizim adi danışığımızsa «invariantı» bilmədən variantı sevmişdi. «Variant» «varians» şəklində latınca növcə, görünüşcə dəyişməyi bildirir. Adi danışıq «variant»ı elmdən götürdü ki, latın kökənli «sсientizm»lə «kişilənsin».

Ancaq bu götürmədə bir səbəb də var. «İnvariant» və «variant» onu bildirirdi ki, «gəlif» və «gəlip» sözləri variantdır. Onların invariantı isə «gəlib»dir. Struktur dilçilikdə «distributiv metod» deyilən bir nəsnə var. Görək, o bizi nə ilə mat qoyur. Azərbaycan türkü yaxşı bilir ki, «f» səsi ilə «p» səsi arasında yerlə-göy qədər fərq var. Distributiv (paylanma) metod isə söyləyir ki, əgər iki fərqli şey eyni qonşuların, çevrənin, əhatənin içində peyda olursa, deməli, bir invariantın balalarıdır, deməli, bir-birinin variantlarıdır. Yəni tam ayrı-ayrı səslər olan «f» və «p» «gəlif»də və «gəlip»də eyni qonşuların yanındadırsa, deməli, bir-birinin tayı, bir-birinin variantlarıdır. Mən əllaməçilik kimi və ya csientizm kimi görünən bu girişə görə «bağışlayın» da deyə bilərəm. Ancaq söylədiklərimi söylədim ki, ondan Azərbaycan mentalitetinin son illər uğradığı sonuclara çıxım. Bu sonuclardan biri odur ki, dünyada unikallıq («unikum»), «bircəlik», «bircə danəlik» yoxdur, hər nə varsa, nəyinsə variantıdır. 70-ci illərin azərbaycanlı fəhləsi, gülçüsü, sürücüsü «invariant»ı bilməsə də qənşərinə çıxan adamları, situasiyaları variant kimi qavrayırdı, onlar variantdırsa, bir-birini əvəz edə bilərlər, distributiv dilçilikdə «f» ilə «p» bir-birini əvəz edən kimi. Vaxtı ilə variant məsələsini və distributiv dilçiliyi bilmədən Stalin də söyləmişdi ki, əvəzolunmaz kadr yoxdur. Yəni bir partiya katibinin, bir generalın minlərlə katib, general variantları var, birini o biri ilə «f» və «p» kimi əvəzləmək olar. Zənginlik, dərinlik və bu zənginliyə, dərinliyə görə bir-birinə oxşamamaq, deməli, bircə dənə olmaq ruhla bağladılır. Ona görə də makinalar, maşınlar bir-birinin sinonimi, əvəzi, variantı kimi qavranılırlar, çünki onların ruhu yoxdur. Ancaq əgər insanla bağlı da «variant» düşüncəsinə gəlirsənsə, deməli, onu da makina biçimində qavrayırsan. XX yüzilin intellektual zirvədən suçlanması o idi ki, insan makina ilə eyniləşdirilib, insana unikal varlıq kimi baxılması unudulub, elə ona görə də insanların ilişgisi amansızlaşıb. İnsanlar qazandığı pulla, mənsəbi, verəcəyi xeyirlə identifikasiya olunurlar. Ona görə də dünyamızı əsl sevgi, şəfqət, ürəyi yanmaq atıb gedib. Bunu Batı intellektualları kapitalizm dünyası ilə bağlı söyləyirdilər. 70-ci illərdən sonra «variant» sözünün işləkləşməsi göstərir ki, azərbaycanlı düşüncəsi də insanla bağlı o fikrə gəlib çıxmışdı. Bugünkü Azərbaycan dünyası, Gürcüstan, Rusiya, Avropa dünyası kimi ürəksiz bir dünyadır. Ona görə itki düşüncəsi də yoxdur, bütün itənlərin variantı olmasına inam var. Sevənlər də bir-birinə variantlar kimi baxırlar, dostlar da.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG