Keçid linkləri

Təcili xəbərlər

Barış layihəsi


Daşı ətəyimizdən töküb mediamızı normal məcrasında fəaliyyət göstərməyə yönlədirməliyik
Daşı ətəyimizdən töküb mediamızı normal məcrasında fəaliyyət göstərməyə yönlədirməliyik
Dünyada və bölgəmizdə barış rüzgarları əsir. Türkiyədə AKP hökuməti türklə kürdü «barışdırmaq» üçün qollarını çırmalayıb. İsveçrənin qolu çırmalı sorağı Türkiyə-Ermənistan sərhəddindən, Minsk qrupunun isə Laçın dəhlizindən gəlir.

Burada qolu çırmalamaq barışığın qaranquşudur - ondan sonrası yaz kimi özü gələcək.
Bizdən həmişə zövq alıb ərbabi-mərifət

Biz əhli-halə ətir saçan yasəmənlərik

Vahid



MEDİANIN KÜSÜLÜ QALMASI ABSURDDUR

Əhaliyə onun-bunun barışıq müjdəsini çatdıran medianın özünün küsülü qalması absurddur. Azərbaycanda «iqtidar mediası» adlandırılan qrupla «müxalifət mediası» deyilən qrup arasındakı qarşıdurma az qalıb düşmənçilik səviyyəsinə gəlsin.

Mediaya baxış nöqteyi-nəzərimiz kökündən dəyişməzsə, bu işin süngü vuruşları ilə nəticələnəcəyindən qorxuram.

Çünki «iqtidar mediası» və «müxalifət mediası» məfhumlarının hər ikisi «media» anlayışının naturasına ziddir.

«İqtidarı dəstəkləyən media» məfhumu - iqtidar üçün ən təhlükəli düşməndir. Çünki istənilən rejimi durğunluğa və çürüntüyə sürüyən əsas faktorlardan biri əslində təbliğat mərkəzi funksiyasını yerinə yetirən «iqtidar mediası»dır. Naturasında «müxalif» motivlərin üstünlük təşkil etməsi medianın başlıca xüsusiyyətidir. Ancaq bu özəllik aşırı radikal nöqtələrə qaçanda toplum ona verilməsi lazım olan obyektiv informasiya və təhlillərdən məhrum olur ki, bu da cəmiyyətdəki qarşıdurmanı dərinləşdirməkdən başqa heç nəyə yaramır.

Medianın başlıca vəzifəsi - kreslosunda rahat oturmaq istəyən dövlət idarəçisinin keyfinə obyektiv araşdırma və dəlillərlə soğan doğramaq, kreslosunu öz mənfəət mənbəyinə çevirmək istəyində olan idarəçilərin başını yastığa rahat qoymasını əngəlləməkdir. Əlbəttə ki, bunu etməyə çalışan media mənsubu kreslodan şəxsi mənafeyi üçün istifadə etməyə çalışan siyasətçi və ya bürokrat tərəfindən sevilməyəcəkdir. Buna görə də obyektiv yazmağı özünə düstur edən media mənsubları susdurulmağa çalışılacaq və ya iqtidardakılar «yaxşı işlərini mədh etmək üçün» öz nəzarətlərində olan media orqanlarını yaradacaqlar. Təkrar etməkdə fayda vardır ki, «iqtidarın özünə yaxın media qrupları» yaratma cəhdləri həmişə fiasko ilə nəticələnmişdir.

Məsələn, Tayyib Ərdoğan Türkiyənin baş naziri olandan sonra bu yolu tutdu - əvvəllər onu dəstəkləyən media qruplarının maddi cəhətdən güclənməsinə nail oldu, daha sonra yaxın adamlarının yeni mediaya girməsinə dəstək verdi. Bununla da kifayətlənməyib ölkənin ikinci böyük media holdinqinin ona yaxın olan və üstəlik kürəkəninin də baş direktor olduğu bir iş adamına satılması üçün dövlət bankından 750 milyon dollar kredit verilməsinə kömək etdi. Son günlərdə isə ölkənin ən böyük media holdinqini batırmağa çalışır. Ancaq bu cür təşəbbüslərin qələmini vicdanının səsinə bərabər tutan jurnalist və yazarları susdurmayacağı ağlı başında olan hər kəsə Ay və Gün kimi məlumdur. «İqtidarı qeydsiz-şərtsiz dəstəkləyən yazarlar» isə Tayyib bəyin reytinqini aşağı çəkməyə davam edəcəklər.

YAZI MÜBADİLƏSİ EDİLSİN

Türk mediası ətrafında cərəyan edən proseslər «Dərya kənarındakı o şöhrətli məkanımızın» mətbuatı ilə bağlı önəmli dərslər çıxarmağımızı vacib qılır. Daşı ətəyimizdən töküb mediamızı normal məcrasında fəaliyyət göstərməyə yönlədirməliyik.Bu məqsədlə hazırladığım təkliflər paketinin birinci bəndini açıqlayıram:

Mətbuatımızın qiymətli yazarları Zamin Hacı, Samir Sarı, Xalid Kazımlı, Natiq Güləhmədoğlu, Famil Cəfərli və b. (önəmli qeyd: bu adamların heç biri ilə şəxsi tanışlığım yoxdur, yazılarını hər gün oxuyuram. Siyahıya əlavələr etmək sərbəstdir) hələlik, həftədə ən azı bir dəfə «iqtidarı dəstəkləyən» qəzetlərdə yazsınlar.

«İqtidarı dəstəkləyən mətbuat»ın adını bilmədiyim yazarları da «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» və s. qəzetlərə, hələlik, həftədə bir dəfə risalə göndərsinlər.

Heç kim mövzu və üslubunda heç bir dəyişiklik etməsin. Həm qəzet səhifələrində rəngarənglik yaransın, həm də mətbu orqanları bu minvalla öz reytinq və tirajlarını yenidən dəyərləndirmə imkanı əldə etsinlər. Tərəflərdən pozitiv reaksiya gözləyirəm.

Paketin sonrakı bəndlərini yuxarıdakı təklifimə verilən reaksiyaya baxaraq açıqlamağı düşünürəm.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG