Keçid linkləri

Təcili xəbərlər

İkiüzlülüyümüzün konstruksiyası və funksiyası


Niyazi Mehdi
Niyazi Mehdi
Milli yaddaşsızlığımız özümüz haqqında saldığımız əski sör-söhbətlərdəndir. Özümüzü yaddaşsızlıqda suçlamağımızın kökündə belə bir ideya durur ki, yaddaşlı və yaddaşsız uluslar var. Əgər yaddaşlı uluslar varsa, deməli, onların mentalitetində, şüurlarında, xasiyyətlərində elə strukturlar, elə qəliblər var ki, yaddaşa qulluq edir. Məsələn, kinli olmaq istəyənin düşmənlə bağlı güclü yaddaşı olmalıdır ki, fürsət düşəndə öcünü, intiqamını ala bilsin. Deməli, kinlilik «mənə edilmiş pislikləri yadda saxlamaq» mexanizmi kimi işləyir. Bir ulusda hamı kinli ola bilmir, ancaq ulusun mentaliteti istəyirsə ki, kinlilik bu millətin xasiyyəti olsun, o zaman düşmənə kinsiz olanları ayıb edir. Belə olanda təbiətinə görə kinsiz adamlar da məcbur olurlar kinsizliklərini gizlədib özlərini millətlərinə yaraşan adam kimi göstərmək üçün kin görüntüsü yapsınlar. Çeçenlər də bizdəki kimi çox qohum-filan hərləmirlər. Qohumun əlindən tutmaq da elə total, hamını bürümüş xasiyyət deyil. Ancaq qohumun qanını yerdə qoymaq böyük ləkədir və bu ləkənin qorxusundan kinsiz də kinli olur və ya kinli oyununu oynayır.

Beləcə, biz gəlib çıxırıq MİLLİ XASİYYƏT məsələsinə. Bunun o biri variantı sosial xarakterdir. Problemi Freydin davamçısı Erix Fromm belə qoymuş və belə anlatmışdı: toplum elə bir durum yaradır ki, onun məqsədlərinə hansı enerjinin işləməsi qulluq edirsə, insanlar da ona tutulurlar. XIX yüzil kapitalizminin yığımcıl adamlara gərəyi vardı, ona görə də yığımcıllıq qızğınlığı, enerjisi olan adamlar uğur qazanırdılar. XX yüzilin ortasında xərcləmək ehtirası (enerjisi) olan adamlara gərək yarandı (istehlakçı toplumun xarakteri). Beləcə, «homo consumens» fenomeni, yəni istelakçı insan olayı yarandı. Yığımcıl kapitalizm çağında tavarın dözümlülüyü, yəni tutalım, 5 il geyilməyə davam gətirən ayaqqabılar yüksək tutulurdu və adamlar dözümlü nəsnələri ilə öyünürdülər. XX yüzildə moda dəyişgənliyi vaxtı-vaxtında avtomobili dəyişmək, yeni-yeni kostyumlara keçmək öygüsü yaratdı.

Batı kapitalizmi üçün ölkə içi resurslardan istifadə etmək məqsədi ortaya çıxanda istehlakçı, tükədici əhaliyə gərək yarandı ki, çox alsnılar, tez-tez dəyişsinlər və beləcə, ölkə içində bazar qaynaşsın.

İndi bu kontekstdə deyə bilərik ki, milli xasiyyətin eləsi var ki, əskilərdən gəlir, elələri də var ki, çağdan-çağa millət üçün aktual olan vəzifələrə yönəlik formalaşır. BU GÜN AZƏRBAYCAN İNSANINI NƏLƏRİN TƏRSİ, ETGİSİ YAPIB DÜZƏLDİR? Çox ilginc suallardandır. Ona cavab axtarsaq, aydın olar ki, toplumun bütünlükdə qarşısında duran vəzifələri duruldub aydınlaşdıran, sonra isə bu vəzifələrə uyğun enerjiyə tutulmağı populyar edən elə bir hakim siyasi güc yoxdur. TV-lərdə millətin Qarabağla bağlı problemlərindən «yanıqlı» qrimasla, sir-sifətlə danışanlar çoxdur, türkçülükdən danışanlar da az deyil, Azərbaycanı güclü görmək diləklərini yana-yana deyənlər isə nə qədər istəsən. Ancaq bütün bu sör-söhbətlərdə səmimiyyət qıtlığı var. Azərbaycan toplumu və Azərbaycan insanı ikiüzlülüyə tutulub. Hakim siyasi güc bütün toplumun qabağına elə bir məqsəd qoyub ki, o məqsədi gerçəkləşdirən «enerji» ikiüzlülükdür.

Gəncliyimdə V.F. Yeqorov soyadında yazarın slavyanofillərdən və mədəniyyətin semiotikasından yazanda söylədiyi bir düşüncədən bərk təsirlənmişdim: ikiüzlülük (riya) mədəniyyətin şərtlərindəndir. Doğrudan da sənin qanın qaradır, ancaq adamla rastlaşanda ikiüzlülük yapıb gülümsəmə ilə salamlayırsan. Nəzakət və etiketlərin çoxu insan ikiüzlülük edəndə alınır. Tamamilə səmimi insanlardan olan toplum güman ki, ilahi səltənət kimi görünərdi, hələ onu demirəm ki, aktyor sənətinin, siyasətin və daha nələrinsə hamısının kökündə minimum riya durur. Ancaq minimum. Normal durumunda toplumda ikiüzlülük hər nə varsa, basıb yemir. Bizdə isə səmimiyyət heç bilmirəm, cəmiyyətimizin hansı küncünə qovulub. Səmimiyyətin ən fədakar, şəhidlik səviyyəsində daşıyıcıları dindarlardır. Bizdə isə ikiüzlülük məscidlərdə də ayaq tutub gedir.

Oğlunun rüşvət qazancından «xoşbəxt» ahıllıq illərini keçirənlərin bulvarda alovlu söhbəti anti-korrupsiyadır. Polis leytenantı polis generalının korrupsionerliyinə nifrət edir. Camaata yalançılıq edib pis ət soxuşduran bazarkoma, əgər bu «institut»un adı indi də belədirsə, nifrət edir. Adam az qalır desin ki, heç olmasa, onlar bu nifrətlərində səmimidirlər. Di gəl, freydist analiz aparanda görürsən ki, bu nifrətin də içində ikiüzlülük qatışığı var.

Bütü bu haşiyədən sonra deməliyik ki, sual suallığında qalır. Azərbaycanda indiki çağda o nə ümumi məqsəddir ki, hamımızı riyakarlığa, ikiüzlülüyə tamarzı, abırsız edir? Ona görə də hamı hamını yalana öyrədir. Başqasına yalandan nəyi söyləməyin tekstini vermək azərbaycanlı şakərinə çevrilib. Arvad ərini öyrədir: «müdirinə deyərsən…»; Ata oğlunu öyrədir: «nişanlına deyərsən…».

Azərbaycanda indiki çağda ümumi məqsəd Azərbaycana aid olduğu üçün ümumi deyil, hər bir azərbaycanlıda təkrarlandığı üçün ümumidir və onu belə formula etmək olar «düşmənlik və düşmənçilik şəraitində sağ qalmaq». Azərbaycanda indi silah saxlamağa görə iş düşür, ona görə də adamlar iş düşməyən silahla, ikiüzlülüklə yaraqlanıblar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG