Keçid linkləri

Təcili xəbərlər

Qadınlar üçün giriş qadağandır (İsmayıllı gündəliyi - 3)


Qadınların sərbəst getdiyi yerlər bazar və arxdır. Bəli arx. XXI əsrdə qadınlar hələ də əllərində vedrə evlərinə su daşıyırlar
Qadınların sərbəst getdiyi yerlər bazar və arxdır. Bəli arx. XXI əsrdə qadınlar hələ də əllərində vedrə evlərinə su daşıyırlar
İŞSİZ KİŞİLƏR VƏ ÜMİDSİZ QADINLAR DİYARI

«Artıq bezmişəm. Bilmirəm neyləyim. Ən böyük arzum hansısa xarici ölkəyə getməkdir. Əgər möcüzə baş versə, xarici ölkəyə getmək şansım olsa, nəyin bahasına olursa-olsun gedəcəm. Dünya dağılsa da, gedəcəm. Getsəm, gəlməyəcəm. «İnterpol»nan axtarışa versələr də. Özüm ölüm, düz deyirəm» – bu sözləri 23 yaşlı tələbələrimdən biri Aysel deyir.

Ümumiyyətlə, mənə elə gəlir ki, İsmayıllıda məmə yeyəndən pəpə yeyənə qədər yaşından, cinsindən asılı olmayaraq, hamının ən böyük arzusu buranı tərk etməkdir. Bakıya, Rusiyaya, ya da istənilən xarici ölkəyə. Ordakı çətinliklər heç kimi qorxutmur.

Tural adlı həmsöhbətim də nəyə görəsə əmindir ki, dünyanın istənilən yerində qabyuyan işləmək burda müəllim, həkim olmaqdan daha yaxşıdır:

«Niyə burda qalım ki? – Tural sual edir. - İş yox, güc yox. Lap işləsən də halal qazandığın pulu xərcləməyə yer də yoxdur, adam nə qədər çayxanada domino, nərd oynayar?».

Onu da demək lazımdır ki, həmsöhbətim heç burada həkim və ya müəllim olmağın nə demək olduğunu da bilmir, çünki təhsilsiz və işsizdir.

QIZINI OXUTMAYAN AİLƏLƏRİN ALİ SAVADLI GƏLİN SEVDASI

Qadınların vəziyyəti acınacaqlıdır desəm, bilin ondandır ki, burdakı durumu təsvir etməyə daha ağır sözlər tapmaqda çətinlik çəkirəm.

Buradakı qızlar valideyn və qardaş nəzarəti olmadan nə kitabxanaya, nə də kurslara gedə bilirlər. Onsuz da ailələrin qazancı əsasən qadınların bağça-bostandakı ağır əməyindən çıxır. Amma həyətdən kənarda iş tapmaq istəsə, hökmən kişilərin müqaviməti ilə üzləşirlər. Qızlar deyir ki, universitetə sənəd vermək istəyəndə çox böyük təzyiqlə üzləşirlər. Amma bununla belə, təhsilli və işləyən qadın burda bütün işsiz kişilərin arzusudur. Səbəbini də belə göstərirlər ki, belə xanımı olan insan daha iş axtarmaya bilər.

Qadınların vəziyyəti acınacaqlıdır desəm, bilin ondandır ki, burdakı durumu təsvir etməyə daha ağır sözlər tapmaqda çətinlik çəkirəm
Tələbələrimdən biri deyirdi ki, atası dörd övladının heç birinə ali təhsil almağa izn verməyib və məktəbi bitirən kimi hamısını ailə biznesinə (dükanda satıcı və dəmir sexində işçi) qatmışdı. Amma böyük oğlunu evləndirəndə ata deyib ki, təhsilli qız tapmaq lazımdır.

Təhsilli qız sevdası ev sahibəm Çiçək xaladan da yan keçməmişdi. Dediyinə görə, o, işsiz oğlunu evləndirmək üçün müəllimə axtarırdı ki, ona da bir gün ağlasın.

QEYRƏT NECƏ ƏLDƏN GEDİR

Evlilikdən söz düşmüşkən, deyirlər ki, İsmayıllıda Heydər parkına valideyn nəzarəti olmadan gedən qızları oğlanlar almır. Bir dəfə eksperiment naminə Heydər parkının arxasındakı çayxanaya tək girdim. Ağsaqqalların mənə tərəf baxıb başlarını buladıqlarını görüb, onlara arsenalımdakı ən gözəl təbəssümümü göndərdim. Başlarını bulayaraq deyinən kişilərin sözləri mənim eşidə biləcəyim qədər yüksək tonda səslənirdi: «Tumanlarını çıxardıb şalvar geyinirlər, indi də çayxanaya gedirlər. Qeyrət əldən gedir».

İnsafən, Azərbaycanın dörd bir yanında eyni eksperimenti etsən, eyni reaksiya görəcəksən. Hər halda, əyalətlərdə. Hərçənd ki, daha yaşlı rəfiqələrim deyir ki, əvvəllər Bakıda da belə imiş. İndi vəziyyət dəyişib. Nə isə, İsmayıllısayağı qeyrət dərsini alıb, sodalı çaydan içib qadınlara gedilməsi qadağan olunmayan yerlərə üz tuturam.

ARXA GEDƏN SÜRMƏLİ QIZLAR

Qadınların sərbəst getdiyi yerlər bazar və arxdır. Bəli arx. XXI əsrdə qadınlar hələ də əllərində vedrə evlərinə su daşıyırlar. Mənim diqqətimi çəkənsə budur ki, qızların vedrələri balacadır və adətən ağır yükdən çəkinməyən İsmayıllı qız-gəlinləri arxa gedəndə yüklərini yüngül etməyə çalışır. Soruşuram ki, gündə bir neçə dəfə arxa getmək onları yormurmu?

29 yaşlı Pərvanə: «Bir dəfəyə də daşıya bilərik. Amma evdə o qədər sıxılıram ki, qəsdən bir neçə dəfə su dalınca gedirəm. Orda rəfiqələrimlə söhbət edirik. Ayaqüstü də olsa, bir az ev işlərindən dincəlirik».

KİTABXANADA KİŞİ VƏ QADIN GÜNLƏRİ

Biologiya müəlliməsi Ülviyyə deyir ki, indi vəziyyət hələ düzəlib. Beş il əvvəl qızlar nə kitabxanaya, nə internet-klublara, nə də adi parka gedə bilmirdilər. Ülviyyə xanım və musiqi müəlliməsi Lalənin səyləri nəticəsində vəziyyət bir az dəyişib. Kitabxanalarda artıq həftədə bir gün qızlar günü olur, valideynlər və qardaşlar sakit ürəklə qızlarını kitabxanaya buraxır. Çünki həmin gün oğlanlar üçün kitabxanaya giriş qadağandır.

YEDDİ OĞUL İSTƏRƏM

Evində qaldığım Çiçək xalanın 4 övladı var. Üçü qız, biri oğlan. Qızlar analarına ev işlərində yardımçı olurlar. 27 yaşlı oğul təhsilsiz və işsizdir. Ev işlərində yardımçı olmağa isə ənənələr mane olur. Heç özünün də belə arzu nümayiş etdirdiyini xatırlayan yoxdur. Çiçək xala isə «neçə övladın var?» sualına «bir övladım, Turalım var» deyə cavab verir. Dediyinə görə, qızları da çox istəyir, amma nədənsə əmindir ki, o «öləndə meyidini Tural götürəcək».

«Hmm, görəsən niyə bəzi insanlar üçün ölümdən sonra nəyin baş verəcəyi bu qədər önəmlidir? Diri ikən görmədikləri qayğını öləndən sonra alacaqlarına niyə belə inamlıdırlar?» kimi sxolastik sualların məngənəsindən məni bu dünyadan ümidini üzmüş insanlar arasında optimizmini itirməyən qəhrəmanlarım xilas etdilər. Onlar barədə gələn yazımda...
XS
SM
MD
LG