Keçid linkləri

Təcili xəbərlər

Qanuni, yoxsa icazəli?


Sulutəpə yaxınlığında dağıdılmış qanunsuz tikili, 6 avqust 2009
Sulutəpə yaxınlığında dağıdılmış qanunsuz tikili, 6 avqust 2009
Sökülən evlər, uçurdulan və başqa ünvana köçməyə vadar olunan ticarət obyektləri, bir məmurun vəzifədən getməsilə və başqa məmurun gəlişi ilə əldən-ələ keçən iqtisadi strukturlar... Bu mənzərə həm ölkə üçün və həm də Bakı şəhəri üçün çox xarakterikdir.

Öz evinin uçurdulmasına görə kompensasiya ala bilməyən qadının etiraz səsləri... İllərlə yeganə gəlir mənbəyi olan dükanı başına uçurulan sahibkar... Torpağı əlindən alınan kəndli... Hamısı eyni tipli hadisələrdir. Eyni tipli hadisələr təkrarlananda Qərbdə buna prsedent deyilir və bunun müqabilində presedent hüququ formalaşır. Amma buna Qərbdə belə deyirlər. Hələ bir az dərinə getsək İnsan və Vətəndaş Haqları bəyannaməsini xatırlamaq olar. Həmin bəyannaməyə görə qanunla qadağan olunmayan hər bir hərəkət icazəlidir.

Hazırda palçıq vulkanının yaxınlığındakı evlər sökülür. Yenə də eyni tipli hadisələr. İnsanlar prinsipcə ərazini tərk etməyə hazırdırlar. Amma bir şərtlə ki, başqa yerlərdə ev tikmək üçün və yaxud almaq üçün kifayət olan kompensasiya ödənilsin. Həm də adamlar öz tikililərinin qanuni olduğunu bildirirlər.

Amma onlar iki detalı unudurlar. Birincisi, mövcud olan qanunvericiliyə görə sökülməli evlərin qiymətləndirilməsini hökumət adamları, yəni məmurlar həyata keçirir. İkincisi, Azərbaycanda «qanuni» və «icazəli» anlayışları fərqli məzmun təşkil edir. Prinsipcə, Bakıda müvafiq icazə olmadan hətta küçədə dirək basdırmaq mümkün deyil, nəinki ev tikmək! Etiraz edən insanlar da bunu bilirlər.

«İcazəli» obyekt qanuni olmaya da bilər. Məmurların gözünün qabağında qəsəbə salınır, evlər tikilir və müvafiq dövlət strukturları bunu görmürlər. Absurddır, deyilmi? Fəqət, Azərbaycanda bu adi haldır. Bir vaxt dəmiryolu qırağında tikilən evlərin sökülməsi məsələsi qaldırılmışdı. Ola bilərmi ki, məmurların bundan xəbəri olmasın?!.

Bəli, bütün bu tikilələr icazəlidir, amma qanuni deyil. Bu da Azərbaycanın paradoksudur. Parlament üzvlərinə görə isə bütün bunlar qanunvericilikdəki boşluqlarla izah edirlər... Amma bu boşluqların sayı gündən-günə azalmaq əvəzinə artır. Bu da daha bir paradoksdur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG