Keçid linkləri

Təcili xəbərlər

Futbol diplomatiyasının sonu


İki ölkənin futbol komandalarının yarışını izləmək üçün Yerevana gəlmiş Türkiyə prezidenti ermənistanlı həmkarı ilə. 6 sentyabr 2008
İki ölkənin futbol komandalarının yarışını izləmək üçün Yerevana gəlmiş Türkiyə prezidenti ermənistanlı həmkarı ilə. 6 sentyabr 2008
Son vaxtlar Ermənistan prezidenti ilk baxışda qəribə görünən bəyanatları, kəskin çıxışları ilə diqqəti cəlb edir. Hazırda o, Türkiyə ilə sərhədlər açılmayana qədər bu ölkəyə səfər etməyəcəyini bildirir.

Bəs Türkiyə ilə Ermənistan arasındakı müvəqqəti mülayimləşmə Qarabağ probleminin həllinə necə təsir etdi? Nə oldu? Futbol diplomatiyasının ömrü niyə görə bu qədər qısa oldu? İki tərəfli görüşlər də heç bir nəticə vermədimi?

Əslində Türkiyənin fəallığından heç bir nəticə yaranmadı. Türkiyə ilə Ermənistan arasındakı dialoq ancaq Azərbaycan-Türkiyə münasibətlərində müəyyən qədər soyuqluq yaratdı. Elə bu prosesdə də Azərbaycanı narahat edən daha çox Qarabağ problemi idi, çünki Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması Azərbaycan üçün etibarlı müttəfiqin itirilməsi demək olardı.

Qarabağ probleminə gəldikdə isə qeyd etmək olar ki, indi ən asan yol elə birinci suala cavab verməkdir. Bəli, Türkiyə-Ermənistan problemində olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da elə bir nəticə yoxdur və onun nə vaxt olacağını da heç kim bilmir. İndi ən asan, həm də ən mürəkkəb yol «gedin özünüz razılaşın» deməkdir. Sanki bunu təkidlə israr edənlər özləri bilmirlər ki, Qarabağ probleminin danışıqlar yolu ilə nizamlanmasında bu vaxta qədər heç bir nəticə hasil olmayıb. Tərəflər isə prosesi dinc danışıqlar yolu ilə tənzimləməyə məcbur ediliblər.

Dağlıq Qarabağa bir neçə səfər təşkil etmiş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bildirir ki, problemi dinc yolla həll etmək mümkün olmasa, onda sülhə məcburetmə prinsipinə əl atılmalıdır. Bu fikri, prinsipcə, qəbul etmək olar, çünki istər nəzəri konfliktologiyada, istərsə də digər münaqişələrdə bu mexanizmin modifikasiyalarından istifadə olunur. Amma burada bir detal unudulur. Hazırda Azərbaycan da, Ermənistan da müəyyən mənada sülhə məcbur edilib. Həm beynəlxalq təşkilatlar, həm də böyük dövlətlər bunda israr edirlər və proses 15 ildir ki, məhz bu məcrada, atəşkəs rejimində davam edir.

Digər detal isə ondan ibarətdir ki, sülhə məcbur etmə ancaq nüfuzlu beynəlxalq təşkilatların - ilk növbədə BMT-nin və böyük dövlətlərin diktəsi ilə baş tuta bilər.

Əvvəldə qeyd edildiyi kimi, xaricilərin buyurduğu yol sülh yoludur. Hətta Azərbaycan da artıq bir tərəf kimi prosesin gedişindən narazılıq edir və dialoq naminə dialoqda iştirak etmək fikrində olmadığını bildirilir. Müdafiə naziri Səfər Əbiyev ölkəyə təşrif buyuran bütün xarici qonaqlarla görüşdə problemin sülh yolu ilə həll edilməyəcəyi təqdirdə hərb yolunun tətbiq olunacağını deyir. Amma onlar da bir nəfər kimi problemin sülh yolu ilə nizamlanmasının labüdlüyünü bildirir. Bu da sülhə məcbur etmənin bir formasıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG