Keçid linkləri

Təcili xəbərlər

Şəhərdə iki-iki gəzmək olarmı?


Polis Gül bayramına etiraz edən gənclərin aksiyasını dağıdır, Bakı 10 may 2009
Polis Gül bayramına etiraz edən gənclərin aksiyasını dağıdır, Bakı 10 may 2009
Azərbaycanda baş verən siyasi olaylar adamda müxtəlif assosiasiyalar yaradır. Bu günlərdə daha iki gəncin heç bir səbəb olmadan döyülməsi istər – istəməz yada məşhur «Uzaq sahillərdə» filmini salır. Orada səslənən «Şəhərdə iki-iki gəzmək yasaq edilib» sözləri də güman ki, çoxunun xatirindədir...

İnsanı daha çox narahat edən budur ki, belə hadisə birinci dəfə baş vermir. Əvvəllər də belə hallar olmuşdu. Nə olub? Nə baş verib? Əslində heç nə olmayıb, sadəcə zaman keçdikcə bu hakimiyyətin xofu, öz vətəndaşlarından qorxusu artır. İki adamı bir yerdə görəndə hakimiyyətin asayişə nəzarət edən strukturlarının təşvişi artır. Bu hakimiyyət artıq hamıdan və hər şeydən qorxur. Hətta deyilənə görə, insanların namazı evdə yox, məscidə toplaşaraq qılmasından təlaş keçirirlər.

Müxalifəti, siyasi partiyaları, medianı və qeyri – hökumət təşkilatlarını özündən asılı vəziyyətə salandan sonra bu hakimiyyət nə edəcəkdir? Ən bəsit cavab budur ki, sakitləşəcəklər. Amma bu, çox səthi yanaşmadır.

Qorxu hissi onlara dayanmağa imkan vermir. Hər şey dağıldıqdan sonra
növbə vətəndaşlarındır – başlayacaqlar avtobusda, metroda adamları pusmağa, onların nə danışdığını güdməyə!..

Belə atmosferin ən pis cəhəti budur ki, adamlar bir-birini casus qismində görməyə alışacaq. İnsanlarda səmimiyyət hissi zəifləyəcək. Qorxu və təlaş hakim kəsiləcək...
Bunları deyəndə bəziləri ziddiyyət axtarır. Amma ziddiyyət yoxdur. Hər şey təbiidir. Qorxmaq və xoflanmaq üçün əsaslar kifayət qədərdir. Əks təqdirdə başqa mənzərə olardı.

Bütün müstəbid rejimlərdə həmişə belə olub. Tarix belə halların çox şahidi olub. Məsələn, rus çarı İvan Qroznıy o qədər qorxurmuş ki, hətta gizlincə İngiltərə kralına məktublar yazırmış ki, krallıq onu himayə etsin! Bütün Rusiya İvan Qroznıdan, sonuncu isə özünün təbəələri olan ruslardan dəhşətli dərəcədə qorxurdu!

Belə misalların sayını artırmaq olar. Amma yada bir fikir düşür: bütün diktatorlar bir-birinə bənzəyir, demokratik liderlər isə həmişə müxtəlif olur. Bu, tarixin dərsidir. O tarixin ki, kiminə tez, kiminə isə gec çatır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG