Keçid linkləri

Təcili xəbərlər

Topun yarısı ilə matç


Ordu-hökumət-Gülən üçbucağında davam edən bu gəlişmələr prezident Gülün qərarına necə təsir göstərəcək?
Ordu-hökumət-Gülən üçbucağında davam edən bu gəlişmələr prezident Gülün qərarına necə təsir göstərəcək?
Türkiyə 12 iyunda «Tərəf» qəzetində çap olunan və «AKP hökumətini devirməyi və Fətullah Gülən icmasını nüfuzdan salmağı» iddia edən bir «sənəd»in yaratdığı sunaminin şokunu hələ də aradan qaldıra bilməyib. Baş qərargah rəisi, ordu generalı İlker Başbuğun 26 iyunda «kağız parçası» adlandırdığı «sənəd» Milli Təhlükəsizlik Şurasının (MTŞ) 30 iyunda 8 saat davam edən iclasına da damğasını vurdu. İclasdan sonra prezident, baş nazir və Baş qərargah rəisinin iştirakı ilə keçirilən dar çərçivəli iclasın gündəliyində də «sənəd» vardı – «kağız parçası» üzərindən orduya qarşı «asimmetrik bir savaş» elan edildiyinə inanan ordu rəhbərliyi narahatlığını hər platformada gizlətmədi.

MTŞ-nın iclası davam edərkən «sənəd-kağız parçası»nda imzası olduğu güman edilən polkovnik Dursun Çiçekin həbs edilmə tələbi ilə mülki prokurorluq tərəfindən məhkəməyə göndərilməsi və gecə yarısı həbs edilməsi əsəbləri daha da gərsə də, Çiçekin 19 sonra sərbəst buraxılması da ordu-hökumət-Gülən icması üçbucağında inkişaf edən proseslərin səngiməsinə kifayət etmədi.

Çünki proseslərin içində başqa bir önəmli məsələ də vardı: müxalifətlə anlaşdığını iddia edən Ərdoğan hökuməti gecə yarısı «ordu mənsublarının mülki istintaqa cəlb edilməsini nəzərdə tutan qanunu» Məclisdən keçirərək mübahisələri daha da alovlandırmışdı. Ordunu razı salmayan bu qanun ana müxalifət partiyası tərəfindən «mülki çevriliş» şəklində xarakterizə edilmiş və prezident Gülün qanunu təsdiq etməsi halında CHP Konstitusiya Məhkəməsinə şikayət edəcəyini bildirmişdi.

Bu durumda prezident Gül tərəflər arasındakı «hakimlik» rolunu öz üstünə götürdü. «Mülki çevriliş» qanunu ilə bağlı olaraq Milli Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və Baş qərargahın fikirlərini öyrənən A.Gül, prezident iqamətgahının hüquqşünaslarına qanunu analiz etmək üçün tapşırıq verdi.

Ana müxalifət lideri Dəniz Baykala görə, yaranmış vəziyyət prezident Gülün bitərəfliyini testdən keçirmək üçün önəmli bir fürsət idi. Çünki Gül, «Konstitusiyaya zidd olan» bu qanunu yenidən müzakirə üçün Məclisə göndərməli idi.

Qanunu baş nazirin Cemil Çiçekin ağzı ilə müdafiə edən hökumət qanadına görə isə, bu, «Türkiyənin demokratikləşməsi nöqteyi-nəzərindən önəmli bir addım» idi. Ordunun məsələyə baxışı da qətiləşmişdi - generallara görə, bu qanun Konstitusiyaya zidd olduğu kimi, ölkədə yarana biləcək olan «hüquq xaosu»nun da təməlini atmışdı.

Əgər prezident qanunu olduğu kimi təsdiq etsəydi, ona «AKP-nin prezidenti» deyənlərin çörəyinə yağ sürtəcək və mübahisələr daha da qızışacaqdı. Gül bundan üç səbəbə görə ehtiyat edirdi:

1. «AKP-nin prezidenti» etiketini öz üzərinə götürmək istəmirdi;

2. Ordunun və ana müxalifət partiyasının iddia etdiyi kimi, məhkəmə qanunun Konstitusiyaya zidd olduğuna qərar versəydi, bu da prezidentin prestijinə böyük zərbə vuracaqdı. Ona görə də A.Gül öz hüquqşünaslarına, ilk növbədə, qanunun Konstitusiyaya uyğun olub-olmadığını araşdırmaq üçün təlimat vermişdi;

3. Gülün qərarını gözləməyən Baş qərargah «sənəd-kağız parçası»nın mülki şəxslər tərəfindən hazırlandığına dair fikrini mediaya sızdırmışdı ki, bu da prezidentin önünə çəkilən önəmli baryerlərdən biri olmuşdu.

Ordu-hökumət-Gülən üçbucağında davam edən bu gəlişmələr prezident Gülün obyektiv və bitərəf qərar qəbul etməsinə nə dərəcədə təsir göstərəcəkdi? Yaranmış vəziyyətdə prezidentin «Mülki çevriliş qanunu»na verdiyi önəmi onun Ədirnədə keçirilən tarixi güləş yarışına baxandan sonra İstanbula yox, Ankaraya gedərək çalışmalarına davam etməsi bir daha göstərdi.

10 günlük intizardan sonra prezident Gül ordu mənsublarına mülki istintaq məhkəmə yolunu açan qanunu imzaladı. Ancaq ordunun reaksiyasını yumşaltmaq məqsədi ilə qanun dəyişikliyi ilə bağlı yeni sistemləşdirmələrin yubanmadan aparılmasını da hökumətə tövsiyə etdi. Dəniz Baykal isə bir çox hallarda olduğu kimi, yenə də Konstitusiya Məhkəməsini ünvan kimi göstərdi.

Proseslərə futbol prizmasından baxanda yaranmış mənzərə bu şəkildə ümumiləşdirilə bilər: meydançanın ortasındakı hakim futbol topunu iki yerə bölərək rəqiblərə atdı. Gərgin matçın yarım topla davam etdirilməsi üçün.

Ordu mənsublarına mülki istintaq və məhkəmə yolunu açan qanunla Türkiyədə bir «mülki çevriliş» yaşandımı?

Sual istisnasız olaraq hamı üçün mürəkkəbdir.
XS
SM
MD
LG