Keçid linkləri

Təcili xəbərlər

Birinin müddəti bitir, ikisi isə hələ təyin edilməyib...


Hətta Elmira Süleymanova istəsəydi belə bu rejimdə yaxşı ombudsman ola bilməzdi
Hətta Elmira Süleymanova istəsəydi belə bu rejimdə yaxşı ombudsman ola bilməzdi
Vaxtilə L.İ.Brejnev də belə etmişdi. Özünün baş katib olduğu dövrü SSRİ tarixində «inkişaf etmiş sosializm mərhələsi» adlandırmışdı, bunun üçün hətta Konstitusiyanı dəyişmişdi.

Psixoanalizin banisi Z.Freyd yazırdı ki, insan ömrü boyu uşaqlıqda aldığı təəssüratın əsiri olur. İlham Əliyev də gözünü açıb kommunist liderləri görüb. İndi istər-istəməz onları təqlid edir, hətta dözməyərək, Konstitusiyanı da dəyişdi...

Bu kiçik, bir neçə sətirlik girişi təsadüfən etmədik. Bu həftə ombudsman Elmira Süleymanovanın səlahiyyəti bitir. O da bir müddət idi ki, daha çox maketi ilə tanınan dövlətin fasadına bir bəzək vururdu. Hətta Elmira Süleymanova istəsəydi belə bu rejimdə yaxşı ombudsman ola bilməzdi.

Ona görə ki, bu dövlətin üçüncü şəxsi, parlamentin spikeri yubiley çıxışında fəxrlə demişdi ki, bizdə parlament ilə hökumət arasında heç bir problem yoxdur, Milli Məclisdə qəbul edilən qanunların böyük əksəriyyəti məhz prezident aparatından daxil olur. Bu da uşaqlıq və gənclik dövrünün bir təzahürüdür – Oqtay Əsədov da gözünü açıb görüb ki, əsas partiyadır, Ali Sovet, onun rəyasət heyəti boş şeydir...

Əsas institutları bu səviyyədə olan dövlətə ombudsman lazımdırmı?.. Artıq bəzi deputatlar səbrsizliklə yeni ombudsmanın təyinatını gözləyir və bunun yubadılmasını Konstitusiyaya zidd hesab edirlər. Ola bilər. Amma bir sual var: haradan əminlik var ki, yeni ombudsman əvvəlkindən yaxşı olacaq?! Belə əminlik yoxdur.

Ombudsman söhbəti Azərbaycanın Avropa Şurası ilə təmasları nəticəsində baş vermişdi, öhdəliklərdə öz əksini tapmışdı. Üstəlik, öhdəlikdə söhbət bir yox, bir neçə ombudsmandan gedirdi. Azərbaycanda mətbuat üzrə, hərbi işlər üzrə ombudsmanın təyin edilməsi bir öhdəlik kimi götürülmüşdü. Amma bu vaxta qədər onların ikisi – mətbuat və hərbi məsələlər ombudsman hələ də öz növbəsini gözləyir.

Ombudsman institutu müxtəlif ölkələrdə müxtəlif cür olur. İndi prezidenti Bakıda rəsmi səfərdə olan və demokratiya baxımından o qədər öncüllər sırasında olmayan Polşada hətta uşaq hüquqları üzrə ombudsman fəaliyyət göstərir.

Əsas odur ki, nəsə qanunda nəzərdə tutulursa, o həyata keçməlidir. Azərbaycan məmurlarının bu məsələlərə münasibəti isə çox maraqlıdır: «Buna hələ ehtiyac yoxdur!».

Vəssalam. Burada qanun da, beynəlxalq öhdəlik də tapdanır. Amma qanun və öhdəlik prezidentin və onun yaxın məmurların nəyinə lazımdır?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG