Azərbaycan müxalifətinin bir qrup lideri mitinqdə. 26 noyabr 2005
İndi diqqət daha çox İrandakı hadisələrə yönəlsə də, ölkə daxilindəki proseslər də az maraq kəsb etmir. Diqqətçəkən hadisələr yetərincədir… Məsələn, hakim partiya bu vaxta qədər qanunlarda mövcud olan nisbətən liberal maddələri sərtləşdirməklə məşğuldur. Sanki YAP, onun deputatları və məmurları qonşuluqdakı proseslərdə nəzərə çarpan güzəştin olmamasından ilham alırlar. Hər şeyi, elektron və kompüter mediasını, hətta QHT-ləri nəzarətə götürmək üçün əllərindən gələni əsirgəmirlər...
Cəmiyyət və müxalifət isə seyrçi mövqeyindən əl çəkə bilmir. Bu qədər dövr keçib, böyük olaylar baş verib, amma ölkə müxalifəti hələ də öz aralarında əməkdaşlıq və birləşmək formullarını tapa bilmir. Bunu müxalifətin üzvlərinin də bir qismi etiraf edir. İndi yeni ideya ortaya atılıb. Söhbət Azərbaycan Xalq Cəbhəsinin (AXC) bərpa olunmasından gedir...
«Super» təşkilat yaratmaq ideyası çoxdan səslənirdi. İndi bu, AXC-ni bərpa etmək formasında peyda olub. Birinci dəfə bu ideya mərhum eks-prezident Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıdandan sonra səslənmişdi. Amma həmin vaxt bu mümkün olmadı. Hətta 1998-ci ildə öz aralarında vahid namizədi müəyyənləşdirə bilməyən AXCP ilə Müsavat seçkini boykot etmək qərarına gəldilər. Amma yaxın tarixi də unutmaq mümkün deyil. Bir vaxtlar yaradılmış Demokratik Konqresdən bir formul kimi niyə istifadə edilməsin?
Azadlıq meydanı, 1988-1989
İndi bu ideyanın, yeni AXC-nin bərpa olunmasının həyata keçməsini mane olacaq faktorlar çoxdur. Ən böyük neqativ cəhət ondan ibarətdir ki, müvafiq partiyaların hər birinin nomenklaturası formalaşıb. Əgər AXC yaranarsa, onun rəhbərliyi necə formalaşacaq? Təbii ki, yeni birliyin əsasını AXCP, Müsavat və AXCP-nin klassik qanadı təşkil etməlidir.Amma bir məsələ yenə də problem kimi qalır. Məsələ bundadır ki, özünü tarixə proyeksiya etmək və bununla müəyyən qədər siyasi gündəmdə qalmaq bir o qədər də gənc üsul deyil. Hətta belə fikirlər var ki, Müsavat partiyası başqa ad altında yaradılsaydı, bu, Heydər Əliyevin və indiki prezidentin Demokratik Respublikaya və onun banilərinə münasibətini bəlkə dəyişərdi, çünki müsavatçılıq və Müsavat deyəndə onlar indiki müxalifətçi Müsavat partiyasını nəzərdə tuturlar. Düzdür, burada başqa detal da az rol oynamır. YAP Azərbaycan respublikasının banıisi kimi Heydər Əliyevi görür və bunu hamıya təlqin etməyə çalışır...
AXC-nin bərpa edilməsi haqda fikirlər səslənərkən istər-istəməz bütün bunlar yada düşür. İndi bir çox strukturları Demokratik Respublika dövründəkilərlə bağlamağa cəhd edirlər. Ancaq bu, nə qədər uğurludur? Belə cəhdlər bir çox hallarda həmin tarixi simvolların deqradasiyasına gətirib çıxarmırmı?..
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.