Keçid linkləri

Təcili xəbərlər

«Divanın altındakı kişi» kim idi?


…1954-cü il noyabrın 20-də Almaniyanın Münhen şəhərinin «Alpenplate-6» meydanındakı mənzillərin birində kişi meyiti tapıldı. Qatil qurbanını öldürəndən sonra mətbəxdəki divanın altına salmışdı. Ev sahibəsi çağırdığı polislərə meyitin onun evində kirayə yaşayan Mikayıl İsmayılov olduğunu söylədi. Üzü tanınmaz hala düşdüyündən, əynində adı çəkilən şəxsin paltarı olduğundan, ən əsası, ekspertiza başdansovdu aparıldığından, öldürülən şəxsi Mikayıl İsmayılov kimi dəfn etdilər. Aradan bir neçə gün keçəndən sonra «Azadlıq» radiosunun Azərbaycan redaksiyasının baş redaktorunun neçə gündür işə çıxmadığı bəlli oldu. Onun Mikayılla «dost» olduğu yada düşəndə, araşdırmalar təzədən başladı. Ölənin kimliyi ortaya çıxdı. Qatilə də elə bu lazımdı. Vaxtdan yararlanıb İtaliyaya keçə bildi…

QƏTL BÖYÜK HAY-KÜY YARATDI

Münhendə törədilən vəhşi qətl Qərbi Avropa, Amerika və bütün demokratik dünyanın qəzet və jurnallarını günlərcə məşğul etdi. Almaniyanın nüfuzlu «Del Ştern» qəzeti «Divanın altındakı kişi» məqaləsində qətli «tamamilə siyasi motivli qətl» adlandırdı. Mühacirət mətbuatı onu kommunistlərin öldürdüyü mücahid, şəhid, «Azərbaycanın Rusiya əsarətindən qurtuluş və istiqlalı uğruna şəhid edilən yüz minlərcə Azəri türk gənclərindən sonuncu qəhrəmanı» deyə tanıdırdı («Türk yolu» dərgisi).

«Əsir Azərbaycan» isə onun qətlindən xəbərsiz sosializm qurmağa davam edirdi… (Yazıq Vətən!...Yazıq Azərbaycan! Səni qəlbdən sevən, yolunda can qurban verənləri «vətən xaini» damğası vurdun, torpağına həsrət qoydun. Səni alət edib sərvət toplayanları, tamahkar ağzını «gül qoynuna» dayayıb soranları həmişə bəsləyib əzizlədin, torpağında yer verdin. Niyə beləsən?...)

1954-cü il dekabrın 5-də mərhum, axır ki, öz adıyla Nyu-Ulm şəhər qəbiristanlığında, qardaşı Seyfulla bəyin yanında dəfn edildi. «Azadlıq» radiosunun Azərbaycan redaksiyası, başçısının ölüm xəbərini və dəfnini «mərhumun əqrəba, dost və tanışlarına dərin təəssüflərlə» bildirdi…

FƏTƏLİBƏYLİ KİM İDİ?

Əbdürrəhman Fətəlibəyli-Düdənginski (Abo)1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində doğulmuşdu. Deyilənə görə, Arpaçayın sağ sahilində məskunlaşmış Səfəvilər nəslindəndir. Atası Əli bəy də tanınmış adamlardan sayılırdı. Düdəngə və Zeyvə kəndlərinin bəyi olan Əli bəy, həm də çar ordusunun zabiti idi. Abonun iki yaşı olanda, atasını orduda zəhərləyib öldürürlər. İrəvan quberniyasının sərhədində xidmət edərkən, bir rus zabiti müsəlman dinini ələ salır. Qəzəblənmiş Əli bəy zabiti qılıncla vurmaq istəyir. Qoymurlar. Bircə aydan sonra onu axşam yeməyində zəhərləyib öldürürlər…

Beləliklə, Abo, özü demişkən, allahın himayəsində böyüyür. Bu sözləri o, 1929-cu ildə bəy oğlu olduğuna görə komsomoldan xaric ediləndə, ağlayaraq söyləmişdi: «Axı, mən heç atamı görməmişəm, allahın himayəsində böyümüşəm. Elə bu əhvalatdan sonra Abo ətrafında baş verənlərdən bezib, gizlicə Tiflisə gedir. Hərbi məktəbə daxil olur. Abonun o dövrünü görənlər onu belə tanıdırlar: «Açıq danışmağı sevirdi. Düz sözün aşiqi idi».

BAKILI LEYLİ ABONU MƏCNUN EDİR!

1935-36-cı illərdə Abo Moskva Hərbi Akademiyasında oxuyur. Oranı əla qiymətlərlə bitirir 1937-ci ildə Bakıya məzuniyyətə gəlir. Bu gəliş onun bakılı qızla –Leyli Qazıyeva ilə evlənməsiylə bitir. Xoşbəxt cütlük onları nələr gözlədiyindən xəbərsiz Leninqrada (Sankt-Peterburq) qayıdırlar. Abo Leninqrad Hərbi Dairəsinin qərargahında xidmət edirdi, hətta 6-cı şöbənin rəisi olmuşdu.

1938-ci ildə doğulan uşağa atasının adını verir - Əli. Bu illər Abonun həyatının ən xoşbəxt illəriydi. Bacısına yazdığı bir məktubunda «Vaxtımızı çox şən və xoşbəxt keçiririk» deyir və əlavə edir: «Leyli özünü tam sahibə kimi aparır» Onlar 1940-cı ilə qədər bu əfsanəvi şəhərdə yaşayırlar.

1939-cu ildə Finlandiya müharibəsində iştirak edir, «Qızıl ulduz» ordeni ilə təltif olunur. 40-cı ildə Sovetlər Pribaltikanı tutanda, Fətəlibəyli Riqada yerləşən qərargaha göndərilir və almanlara əsir düşür…

FƏTƏLİBƏYLİ NECƏ AZƏRBAYCAN LEGİONUNUN BAŞÇISINA ÇEVRİLDİ?

Yazının ən ağır, ən çətin yerinə gəlib çıxdım. Bu mürəkkəb, ziddiyyətli, ağır dövrü necə çatdırım ki, XXI yüzilin sakini məni, daha doğrusu mayor Fətəlibəylini, onun almanlara niyə könüllü əsir düşdüyünü anlasın, qəbul etsin, ona haqq versin? Yenə mühacirət mətbuatına üz tuturam. Nə qədər çalışsam da, Sovet işğalını öz gözüylə görmüş, canıyla duymuş, taleləri param-parça olmuş Cümhuriyyət fədailərindən daha doğru ifadə forması tapa bilmərəm. Odur ki, Fətəlibəylini bu qərarı verməyə məcbur edən o böyük addımı mühacirət mətbuatının diliylə sizə çatdırmağa çalışacağam.

Türkiyədə çıxan «Mücahit» dərgisi yazırdı ki, müharibədən öncə qırmızıların ona verdikləri bu rütbə və ulduzlu uniforma Fətəlibəylinin mənliyində ən ufak bir təsir yaratmamışdı. O, daima hürriyyət (azadlıq) maskası altında, hürriyyətsizlik zəncirləriylə sımsıx bağlanan əsir vətənini və kommunist çəkməsi altında can verməkdə olan Azərbaycan xalqını düşünürdü. Ona görə də, kommunistlərin Azərbaycana yapdıqları tükürpədici işkəncə və zülümlərdən dolayı qırmızı cəhənnəmdə intiqam hissiylə illərdir vəzifə tutan Fətəlibəyli, komandiri olduğu hərbi birliklə bərabər Alman tərəfə keçməyə müvəffəq oldu. Qısa bir zamanda on minlərcə azərbaycanlıdan mütəşəkkil Azərbaycan legionu adı altında böyük bir ordu qurdu.

BU ORDU KOMMUNİSTLƏRƏ QARŞI TARİXİN DASTANLAR YARADAN QƏHRƏMANLARI KİMİ SAVAŞIRDI.

Mayor Fətəlibəyli Almaniyanın ən yüksək medalı olan «Dəmir xaç» aldı. Ancaq (əziz oxucular, diqqət edin!) kommunistlərə qarşı Almanlarla bir cəbhədə vuruşduğu halda, heçç bir zaman nasist rejiminin təsirinə qapılmadı. Cəbhələrdə onunla vuruşan silah yoldaşları belə söyləyirdilər: «Fətəlibəyli nasist rejimin ən yüksək generallarının önündə yumruğunu masaya vuraraq-Bunu unutmayın ki, biz Almaniya üçün deyil, öz vətənimizin hürriyyət və istiqlalı üçün çarpışır və qanımızı tökürük! – deyə bağırırdı.
Düdənginski nə qədər azərbaycanlı əsiri məhv olmaqdan qurtardı!

Almaniyanın məğlubiyyətindən sonra özünü oda ataraq, 30 minədək azərbaycanlını kommunistlərə əsir düşməkdən xilas etdi. Legionçuları müttəfiqlərə təslim etdi… 1947-ci il dekabrın 5-də Ceyhun Hacıbəyliyə İtaliyadan yazdığı məktubdan seçmələri diqqətinizə çatdırıram: «Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir… Üçüncü ildir ki, burada çırpınırıq… Olsun ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, Zahid xan Qahirədədir (Fətəli xan Xoylunun qohumu-S.İ.) və qaçqınların problemləri ilə məşğuldur. O, bütün müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik, İordaniya və İraq ölkələri 2-3 min qəbul etməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik. İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra, özüm Misirə gedib, orada Almaniyadan, Avstraliyadan, İsveçrədən gələnləri qəbul edəcəyəm… Mənim ailəm isə, hələ də düşərgədə əziyyət çəkir… Onları görə də bilmirəm…»

Abo bəy daha nələr etdi? M.Ə.Rəsulzadə ilə onun münasibətləri necə idi? Fətəlibəyli «Azadlıq» radiosunda necə işlədi? Sovet KQB-si onu niyə öldürdü? Qatilin – «dostun» taleyi necə oldu? Leyli xanımın başına nələr gəldi? Sabah-iyunun 12-də Fətəlibəylinin 101-ci doğum günündə saytımıza daxil olsanız, bu sualların cavabını öyrənə biləcəksiniz…

Ən son yazılan

XS
SM
MD
LG