Keçid linkləri

Təcili xəbərlər

Zəncirsiz… Ruhsuz… 26-lar bağı


26-lar getdilər... Bəs yerlərində nə buraxdılar? Hamlet demiş, budur məsələ!
26-lar getdilər... Bəs yerlərində nə buraxdılar? Hamlet demiş, budur məsələ!
İlin bağı

Heç bir bəhsə girmədən keçmiş 26-lar bağını «İlin bağı» elan etmək qərarına gəldim. Zarafat deyil, gör neçə aydır medianın gündəmindən düşmür. Lap düzü, elə 2008-ci ildə də haqqında söz-söhbətlər dolaşırdı. Ancaq bu il lap gül vurdu: birdən-birə o boyda 26-ları (pardon! -23-ləri) çıxarıb Hövsan qəbiristanlığında təzədən basdırmaq sizə asan gəlməsin! Elə burdaca bir haşiyə çıxım ki, bu zavallılarn yer sarıdan bəxtləri gətirmir: Ağcaqum çölündə - o cəhənnəmdə güllələndilər (1918), xeyli sonra (1920) qızmar və qara Bakıda təzədən torpağa tapşırıldılar, 89 ildən sonra bir də həmin proseduru keçdilər - bu dəfə Hövsanda... Heç olmasa, son yolçuluq olsun! Tam səmimiyyətlə deyirəm. Nə olur-olsun, düz 70 il «qəhrəmanlarımız» olublar... Evlənəndə üstlərinə gedənlərimiz olub, onlara şeir, poema, cild-cild kitab yazanlarımız olub, nəhəng heykəllər yapanlarımız, ölümünə göz yaşı axıdanlarımız olub... Aldanılmış, güllələnmiş, sürülmüş, alçaldılmış və təhqir edilmiş insanların tarixi, görünür, belə də olmalıydı...

Fəvvarə bilsəydi...

26-lar getdilər... Bəs yerlərində nə buraxdılar? Hamlet demiş, budur məsələ! Yenə çox söhbətlər gəzdi-dolaşdı. Nələr-nələr olacaq söylədilər. Və... sonda nə oldu? Adi, fəvvarəli (ah, bu fəvvarə, yarananda Bakıda gülüş hədəfi olacağını bir bilsəydin!), qazonlu, oturacaqlı, ütülü və eynən Filarmoniya bağı kimi - RUHSUZ! Yox, sonuncu heç olmasa Qala divarlarının, elə Filarmoniyanın özünün qucağında xumarlanır. Hə, hovuz da üçhissəlidir. Yəni bağın ortası başdan-ayağa hovuzdur. Lap ortada isə qızılı rəngli şahlara layiq fəvvarə. Belə getsə, ona hovuzlu bağ deyəcəklər. Ad demişkən, 100-dən çox yaşı var, amma zavallının dəyişməz adı yoxdur!

Bu bağ nə adlar görməyib?

Lap Filarmoniya bağı kimi bura da vaxtilə şəhərin iri meydanlarından biri olub (Qılman İlkin). Səkkiz hektar ərazisi varmış. Birja idarəsinin yaxınlığında olduğu üçün, həm meydan, həm də birjanın yerləşdiyi küçə (indiki Ü.Hacıbəyov) Birja adlanırmış. Bu onun birinci adı. Qılman İlkinin yazdığına görə, meydan boş və çılpaq düzənlikmiş. Bakının dəli xəzrisi əsəndə, burada tozanaq qoparmış. Yaxınlıqda hərbi kazarma da varmış.

Meydan at – arabaların duracağıymış. Üstəlik, burada həftə bazarları keçirilərmiş. Şəhər bələdiyyəsi meydanı abadlaşdırmaq üçün vəsait tapmadığından, 5 hektar sahəni satmaq məcburiyyətində qalır.
Sahə varlılara satılır. Binalar ucaldılır, ancaq pulu «gördüm» deyən olmur... Dumanın iclasında 3 hektarı da satmaq məsələsi müzakirəyə qoyulur.

Həsən bəy Dumanın deputatıydı...

İl :1904. Varlı qlasnılar yeni bina tikmək məsələsini dəstəkləyirlər. Təkcə Həsən bəy Zərdabi qəti əleyhinə çıxır. Sübut etməyə çalışır ki, bu meydan şəhər əhalisi üçün yaxşı istirahət yeri ola bilər. Heyhat! Duma səs çoxluğu ilə (bu söz bizə yaxşı tanışdır, deyilmi? Səs çoxluğuyla nə qədər taleyüklü məsələlərin bir andaca həll edildiyinin şahidi olmuşuq. Ancaq baxın, tarixdə o varlı qlasnılar yox, «Bakıya ac gəlib-ac gedən» o böyük Kişi qalıb!) iki hektar sahəni birja komissiyasına verir. Birja komissiyası isə bina tikdirməkdən imtina edir! Meydan düz 1912-ci ilə kimi boş qalır. Elə həmin il Bakıda Nikitin qardaşlarının sirk binası yanır. Sirk İndiki Nizami küçəsiylə (Torqovı) Bülbül prospektinin (Bolşoy Morskoy) tinində yerləşirdi. Dumanın iclasında yeni sirk binasının Birja meydanında tikilməsi qərara alınır. Heç kəs etiraz etmir. Etiraz edəcək Kişi artıq həyatda yoxdu... (Həsən bəy 1907-ci il noyabrın 28-də dünyasını dəyişmişdi).

Meydanda taxta (?) sirk binası tikilir (bu həmin sirk binasıdır ki, daşnaklar 1918-ci ildə azərbaycanlıları bura yığıb yandırmaq istəyiblər). İki il sonra binanı genişləndirib iki min adam tutan «Rekord» kinoteatrı yaradırlar...

Birja meydanı necə Hürriyyət (Azadlıq) meydanı oldu?

Qılman İlkinin yazdığına görə, 1917-ci il noyabrın 11-də fəhlə, əskər və matrosların «hakimiyyət sovetlərə verilməlidir!» tələbiylə keçirilən mitinqindən sonra meydan Hürriyyət çağrılmağa başladı. Ancaq başqa versiya da var: 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə, Nuru Paşa həmin bağın ərazisində bayram mitinqi düzənləyir və oranın Hürriyyət bağı adlanmasını istəyir. Hətta ötən il bir gənclər təşkilatı bağda Nuru Paşanın heykəlini qoymaq təklifini vermişdi (yenə o uzun hovuz gəldi durdu gözümün önündə).

Bolşeviklər hakimiyyəti zəbt edəndən bir az sonra - 1920-ci ilin sentyabrında 26-ların cənazələri Aşqabaddan Bakıya gətirilir və Hürriyyət bağında dəfn edilir. Komissarların güllələnməsinin 5 illiyi ərəfəsində isə meydan yenidən qurulur. «Rekord»un taxta binası sökülür, 4 tərəfdə ağaclar əkilir, qəbirlərin üzərində abidələr ucaldılır (rəssam Q. Yakulov, heykəltəraş Y. Tripolski, memar İ. Pavloviç).
Abidələrin divarında yumruğunu düyünləmiş fəhlə fiqurlarının eynisi Xaqani küçəsindəki sütunlu evin (Türkiyə səfirliyinin binası) fasadında da varmış.

Bəs niyə Zəncirli bağ ?

İş orasındadır ki, 26-lar bağı dörd yandan yoğun zəncirlərlə dövrəyə alınıbmış. Hələ meydandakı hovuzun ortasında da zəncirlərini qırmaq istəyən fəhlə fiquru quraşdırılıbmış. Ona görə də, bakılılar bu bağa, haqlı olaraq, «Zəncirli bağ» deyərmişlər.

1958-ci ildə bu komplrksə heykəltəraş S.Merkuryevin «Komissarların güllələnməsi» qorelyefi də əlavə olunur.

Sovet hökumətinin ürəyi bununla da soyumur. 1968-ci ildə - güllələnmənin 50 illiyində bağ tamamilə yenidən qurulur (Cümhuriyyət fədailərinə yapdığımız abidələrlə müqayisə edin). Və sizin də gördüyünüz şəklə düşür. Gəlin, ortasında əbədi məşəl yanan abidənin yaradıcılarını da tanıyaq. Hamısı azərbaycanlıdır: memarlar H.Ələskərov, Ə. Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov.

Sonuncu ad: xeyirli olsun!

Hə, bir ad qaldı. Müstəqillikdən sonra yanındakı «Sahil» metrosuna və qonşuluğundakı gözəlim Xəzərə görə onu Sahil bağı çağırmağa başladılar... Yaxşı da etdilər. Məncə, hər şey gəldi - gedərdi. Qalan dənizdi...

Vəssalam, bu da növbəti Bakı bağının tarixçəsi. Qaldı nə? Yazının başlığında gedən nöqtələri doldurmaq: ZƏNCİRSİZ, BİRJASIZ, HÜRRİYYƏTSİZ, 26-LARSIZ, RUHSUZ...SAHİL BAĞI...

Bəlkə mən yanılıram?

Ən son yazılan

XS
SM
MD
LG