Məni hər yerdə aldadırlar. Dükanda malı satış qiymətindən də xeyli baha sırıyırlar. Dəmiryol vağzalının kassasında bilet olduğu halda deyirlər qurtarıb. Qaz idarəsi xətti kəsir, gedib soruşuram niyə belə elədiniz, deyirlər borcun var. Su idarəsinin işçisi əhaliyə verilən suyun içməli olduğuna and içir (elə ona görə də biz qaynadıb içirik). Məktəbdə nə baş versə, günahın uşaqda olduğunu deyirlər (Yalan danışan müəllimi qoyub düz danışan uşağa inanmağa utanıram). Marşrutda xeyli gedəndən sonra anlayıram ki, sürücü 20 qəpiyin dərdindən məni aldadıb. Bu maşın mən gedən yerdən 500 metr aralı keçir. Telefon qovşağı kiminsə şəhərlərarası danışıq pulunu mənim ayağıma yazır. Qəssab torbadakı əti mənə uzadarkən yanımdakı müştəriyə deyir ki, «bu ət sənlik deyil, get sabah gəl». Qonşum hərdən soruşur: «niyə bizimlə belə rəftar edirlər? Mən nə pis iş görürəm? 5 uşaq böyüdürəm bu dövlət üçün. 5-ni birdən ey… Pis iş görürəm məgər?! Dövlət üçün bundan artıq nə etmək olar?! Acığa daha baxmayacam o uşaqlara. İndi görərlər»! Sonra bir siqaret yandırır, çəkir, çəkir, bir az sakitləşir, yenə öz-özünə «Niyə məni belə edirlər. Axı mən burada qalmaq istəyirəm», - deyir. Arada bir Füzuli meydanında nəfəsimi dərirəm. Yanımdan o tərəf bu tərəfə keçən bir yeniyetmə qulağına dayadığı mobil telefona deyir ki, «komandir, mənim hər həftə 10 manatlıq kontur yükləmək imkanım olsaydı, o pulu verib birdəfəlik əsgərlikdən qalardım…». Bilmirəm «komandir» ordan nə deyirdi, amma yeniyetmə burdan yalvarır ki, elə demə, atam rəhmətə gedib. Bir az aralıda bir sürücünün gözü görə-görə maşınını evakuasiya edirlər. Tum satan arvad da körpələrini havaya çıxaran qadınlara baxıb öz özünə deyinir: «Biri uşağı dizində tutub, o biri bələyi başıaşağı sallayıb gəzir. Buna yazıq Füzuli neyləsin…». Baxıram və görürəm ki, arvad düz deyir - həqiqətən də bəzi cavan gəlinlər uşaqları qucaqda əməlli başlı başıaşağı tutub gəzinirlər. Ağlımdan bir fikir keçir: Görəsən balaca vaxtı məni başıaşağı tutub gəzdiriblər, ya məni addım başı aldadanları... |