Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan qatarını kim sürür?


Bəs bu lənətə gəlmiş qatar mən minəndə niyə tez getmir?
Bəs bu lənətə gəlmiş qatar mən minəndə niyə tez getmir?
Bu yazı düz 9 il öncə yazılıb. 2000-ci ilin yayında Azərbaycanın qərb bölgəsinə qohum toyuna çağırılmışdım. «Bakı-Tiflis» qatarına bilet alıb yola çıxdım. Geri dönəndə, təbii ki, bir yazı da yazdım. Hə, qohumumun toyu da yaxşı keçdi (kənd toylarına bayılıram). Bu günlərdə kitab şkafında «küllənirdim». Birdən həmin yazı əlimə keçdi. Oxuyunca uğunub getdim... O nəvələrini kəndə aparan nənə, tovuzlu müəllimə, uzun illər sakitliyimizi pozan xlor satan, evimizin qapısını «xlor, xlor» - qışqıraraq döyən sənətçi dostumuz təzədən gəldi durdu gözümün önündə. Üstəlik, yazının başlığı da məni tutdu: «Azərbaycan qatarını kim sürür?» Bəlkə yazını saytımıza yerləşdirək? Oxucularımız baxıb görsünlər bu 9 ildə nələr dəyişib? Elə də etdim. Mirzə Cəlil demiş, hərdən keçmiş günlərə nəzər salmağın nə eybi var?..

Azərbaycan qatarının kim sürür?

Mən bu qatarları heç sevməm. Ancaq etiraf edim ki, qatarda getmək üçün sinov gedənlər də var. Üstəlik, məmləkət qatarlarında məmləkətin əsl sifətini də görmək olur axı... Bax, bu xalanın səsi-küyü kupeni bürüyüb. Yanında iki azyaşlı uşaq aparır rayona. Nəvələridir. Əvvəl birini aparmaq fikrindəymiş. Təzəcə evdən çıxıbmışlar ki, o biri məsələdən duyuq düşüb. Elə tumançaq qaçıb zibilliyin arasıyla (xalanın dediyini yazıram) ağlaya-ağlaya ki, «ay nənə, məni də apar». Nənə də məcbur olub onu eləcə ev paltarındaca götürüb özüylə. Hələ bir vağzaldan «6 məmməd» də verib (nənə belə dedi) bir mayka-tuman da alıb ki, kənddə geyindirsin.

İndi kupedə bu sonradan gələn o birinə aman vermir ki, vermir. Üstünə qışqırdığı bəs deyil kimi, «kola»sını da içir, payını da yemək istəyir. Xalanın qızı isə anasına ikicə soyutma yumurta bişirib qoyub. «Nəvilsin bu da gələjək» - deyir xala- «Hərəmizə birini qoymuşdu anası ölmüş». Sonradan gələn nənəsinin payını yedi, nənə yazıq qaldı aj... «Aparıf bunu verəjəm o biri nənəsinə, ikisini saxlayammaram». «Hə, ver getsin deyirəm, yazıqsan...» Elə bil uşaq mənim yumurta payımı yeyib...

Qazaxda televizorlar haranı göstərir?

-Nə var, nə yox? Nə təhər dolanırsınız doğma Qazaxda? - deyə xalanı sorğu-suala çəkirəm.
-Nə təhər olajax? Dolanma ujundan uşaxlar köçüf Bakıya gəliflər. Kirədədilər... Yeznəm marşrutka sürör. Bir təhər keçinerik...
-Qazaxda televizora baxa bilirsinizmi? (Keçi can hayında, qəssab piy...)
-Hə, hərdən baxerıx...
-Yəqin ancaq Az-TV-1-ə baxırsınız?
-O hansıdı? «Loto» göstərənmi?

Kupedəki tovuzlu cavan müəlliməni gülmək tutur:

-Yox, ay xala, Heydər Əliyevi göstərən!
-Yox, ölöm, bizimki ancaq Bakıyı göstərer, o da işıq olanda...

Gülüşürük. Müəllimə:
-Ay xala, Bakı elə AzTV-di da..
-Nəvlem, a bala. Bakıda yaman çox yerə baxellar. Bizdə elə şey yoxdu - elə «loto»du..

Yenə müəllimlərin əli pul görür...

Tovuzlu müəllimə əri ilə Bakıdan toydan qayıdır. Uşaqları evdə qoyub. Ona görə yaman nigarandı.

-Sizin vəziyyətiniz yaxşı olar,- deyirəm. Rayonlarda ən çox qazanan müəllimlərdir deyirlər. Bəs ərin nə iş görür?
-Nə iş görəjək? Var ki, görsün? Hamı kimi Rusiyaya gedir. Qazancı da olanda olur, olmayanda olmur. Düz deyirlər, yenə müəllimlərin əli pul görür...

Ata, sür, ata…

Tiflis qatarı yaman asta gedir. Elə hey dayanır. Sonradan gələn uşaq da dözə bilməyib hey qışqırır: «Ata, sür, ata!» Atası avtobus sürür, axı. Ona elə gəlir ki, dünyada hərəkət edən hər şeyin sükanı onun atasının əlindədir (indi görün Azərbaycan qatarını onun atası sürsəydi, nə zor olardı, hər dayanacaqda: ata, sür, ata!)

Tiflis qatarı Ağstafaya az qala 12 saata çatdı. Sonradan gələn uşaq da yatana qədər elə hey qışqırdı: «Ata, sür, ata!» Bilsəydim belədir, onu o biri nənəyə vermək fikrini dəstəkləməzdim...

Qatar tezdən gəlir!

Uşaq «ata, sür!» qışqırdıqca, yadıma məhəlləmizin xlorsatanı düşür. Zalım oğlunun boğazını elə bil xlorla deşib-açıblar. İndi də yay, uşaqlar tətildə, pəncərələr də açıq... Çıxarıram başımı pəncərədən, deyirəm, niyə qoymursan yataq? Deyir, ay xanım, vallah, mən neyləyim, qatar tezdən gəlir. Deyirəm, bəs mən neyləyim, axı yatmaq istəyirəm. Deyir, ta neynirsən yatmağı, gəl xlor al!

Bəs bu lənətə gəlmiş qatar mən minəndə niyə tez getmir? Uşağın əmrlərinə möhtac qalır?..
Bu xlorsatanla bizim neçə illik qovğamızı dost-tanış da bilir. O gün bir ailə dostumuz, hamınızın tanıdığı tanınmış sənətkar səhər-səhər bizə gələsi idi. Bir də gördük zəngi basmaq əvəzinə, qapıda durub qışqırır: Xlor var, xlor...aseton, mebel yağı, pasta, kislota... Xlor!
Vallah, elə onun da səsi pis çıxmırdı ha...

P.S. Vəssalam! Bu 9 il öncəki Azərbaycana bir ekskurs idi - Sürən bəlli, sürülən bəlli! Bəs nə dəyişib? Azərbaycan qatarını indi kim sürür? Necə sürür? Xatırladım ki, sonradan gələn uşağın artıq 13-14 yaşı var. Onu kim əvəz eləsin?...

Ən son yazılan

XS
SM
MD
LG