«İfaçılıq sənəti» Bakının küçələrini niyə boşaldırdı?
...80-ci illərin ortalarında - Azərbaycanın tək TV-li çağlarında, maraqla baxılan bir televiziya verilişi vardı. Tanınmış musiqişünas Firidun Şuşinskinin apardığı bu proqram «İfaçılıq sənəti» adlanırdı. Başı buxara papaqlı, əli təsbehli, üstəlik, çox yaraşıqlı kişi olan Firidun bəy (hamını onu belə çağırmağa məcbur edirdi) musiqi tarixinə aid araşdırmalarını, keçmiş xanəndələrin həyat tarixçəsini özünəməxsus şirin tərzdə seyrşilərə çatdırırdı. Təsviri material, lent yazıları az idi. Firidun bəy bəlkə də televerilişin şərtlərini pozur, ara vermədən danışırdı. Ancaq onun danışıq tərzi, aurası, siması, duruşu, oturuşu o qədər cəlbedici idi ki, saatlarla ona qulaq asa bilərdin. Təsadüfi deyil ki, «İfaçılıq sənəti» proqramı efirə gedəndə (saat 19-20 arası), Bakının küçələrində adamlar seyrəlirdi...
Firidun bəy mənim yaxından tanıdığım yeganə Şuşinski idi. «İşıq» nəşriyyatında çalışdığım illərdə, onun görkəmli xanəndələr haqqında yazdığı bir neçə kitabının redaktoru olmuşdum. O kitabların içində 3 şuşalı – «Cabbar Qaryağdıoğlu», «Seyid Şuşinski» və «Xan Şuşinski» də vardı...
«Qəmərim» mahnısı necə yarandı?
Firidun bəy Şuşinskiləri çox sevərdi, Şuşanı da həmçinin. Xan əminin səsini eşitdiyi 30-cu illər Şuşasından danışmaqdan doymazdı. O səsi ilk dəfə əmisiqızı Fatmanın toyunda eşidibmiş. O zaman dəbdə olan oyun havası «Qəşəngi» imiş. Şuşanın qız - gəlinləri, xüsusən də Xan əminin apardığı toylarda bu havaya oynamağa can atarmışlar. Şirniçi Yunisin qızı Qəmər, Şuşanın ən gözəl qızı sayıldığı kimi, «Qəşəngi»ni oynamaqda da birinci imiş. Qızıllı Məhəmmədin oğlu 10 yaşlı Firidunun xatırladığına görə, həmin toyda Qəmərin gözəlliyindən, onun şirin-şirin süzməsindən ruhlanan Xan (o da cavan imiş) bədahətən «Qəşəngi»yə bu sözləri qoşaraq mahnı kimi oxuyubmuş:
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər,
Əyil üzündən öpüm,
Qaranlıqdır, görməzlər,
Ay Qəmərim, Qəmərim,
Gözəl Qəmərim, Qəmərim.
Bu dərə uzun dərə,
Baxdıqca uzun dərə.
Burda bir bağ salmışam,
Qəmər gələ üzüm dərə...
Ay Qəmərim, Qəmərim,
Gözəl Qəmərim, Qəmərim.
İlk baxışdan məhəbbət...
Şuşanı ilk dəfə (və son dəfə) 1976-cı ildə gördüm. Universiteti bitirib işləyirdim. İlk məzuniyyətimin vaxtı çatanda, rəfiqəm Məlahət məni Şuşaya öz evlərinə qonaq çağırdı. Adətən qonaq getməyi elə də sevməyən mən, nədənsə təklifi qəbul etdim. 33 ilin uzaqlığından baxanda, hər dəfə allaha şükür edirəm ki, nə yaxşı mən Şuşanı gördüm, orada 15 gün yaşadım. Və ona ilk baxışdan vuruldum...Düz 33 ildir ki, onun «dərdindən dəliyəm», düz 17 ildir ki, ən sevdiyim ayda ona ağı deyirəm...
1986-cı ildə...latın əlifbasıyla
Firidun bəy qəribə adam idi. Ötənlərdən-keçənlərdən maraqlı söhbətlər edərdi. Həm Şuşanın, həm də Bakının tarixini gözəl bilirdi. Üstəlik, hər iki şəhərin adamlarını yaxşı tanıyırdı. Bir adamın adını çəkmək kifayət idi ki, Firidun bəy onun nəsil şəcərəsini sizə söyləsin. Kaş onun danışdıqlarını diktofona köçürə biləydim...
Onu diliacılıqda suçlayırdılar. Firidun bəy hər adama ürək qızdırmazdı. Hər adamı kitabına yaxın buraxmazdı. Nəşriyyata əlyazması gətirən kimi, məni axtarardı. Hamı bunu bilirdi və uğunub-gedirdi. Hətta «Seyid Şuşinski» kitabını yazıb bitirəndə, mənim uzunmüddətli bülletendə olduğumu bilib hirslənmişdi: «Yenə redaktor Sevda olmalıdır, vəssalam!» Axırda əlyazısını gətirib evdə işləməli oldum...
Onu yerliçilikdə də suçlayırdılar. Ancaq onun ən sevdiyi şair Səməd Vurğun idi. O hələ gənc ikən böyük şairi bütün Şuşanı qarış-qarış gəzdirmişdi. Ondan danışanda gözləri yaşarırdı. İllər öncə Ağstafada yediyi bozartmanın dadı damağında qalmışdı. Bir də Ədalətin sazının vurğunu idi. «Vəsiyyət eləyəcəm, öləndə qəbrimin üstündə Ədalət çalsın» deyərdi. Bilmirəm, onun vəsiyyətinə əməl etdilərmi?...
Bir də Firidun bəy «Cabbar Qaryağdıoğlu» kitabı çapdan çıxan kimi, üstünü yazıb mənə hədiyyə etmişdi. 1986-cı ildə, latın əlifbasıyla!.. Onu əziz xatirə kimi saxlayıram...
Üç Şuşalıdan Firidun bəyin ən böyük fərqi nəydi?
Cabbar əmiyə, Xan və Seyid Şuşinskilərə baxanda, Firidun bəy çox şanssız sayılır. O, ŞUŞASIZLIĞI yaşadı. Şuşanı düşmən tapdağında qoyub getdi... Ona baxanda biz şanssız sayılırıq. Firidun bəy bu dünyadan köçüb getdi. Biz isə yaşayırıq... guya yaşayırıq... Şuşasız yaşayırıq...
P.S. Şuşanın işğalından 17 il ötür.