Keçid linkləri

Təcili xəbərlər

Avropalı gəlin


Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım
Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım
(Altı qızdan biri...Hənifə)

Azərbaycan tarixində ömür yoldaşı barədə bioqrafiya yazan 6 qadın olub. Bunların başında Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva dayanır. İkinci yer Mirzə Cəlilin xanımı Həmidə xanım Məmmədquluzadənindir. Üçüncü yerdə Sona Cabbarlı qərar tutub - Cəfər Cabbarlının Sonası. Dördüncü yer Müşfiqin Dilbərinindir. Beşinci Sabit Rəhmanın ömür dostu İsmət xanımdır. Altıncı Maestro Niyazinin Həcəridir (siyahını siz də tamamlaya bilərsiniz). Bu dəfə altı qızdan birincisindən - Hənifə xanımdan danışacağam - Avropalı gəlindən... Çünki mayın 5-i bu sayğıdəyər xanımın doğum günüdür...

Hənifə xanım necə Bakıya gəlin gəldi?

Hənifə xanım Aslan bəy qızı Abayeva 1856-cı ildə Terek vilayətinin Nalçik şəhərində türkdilli balkar zadəganları ailəsində doğulub. 1872-ci ildə Tiflisdəki müqəddəs Nina qız gimnaziyasını bitirəndə, Hənifə də yəqin ki, bütün qızlar kimi ata yurduna dönmək, müəllimliyə başlamaq fikrindəydi. Dönək Bakıya. Sizə kimdən deyim, Həsən bəy Məlikovdan. Bu şəxs Bakıda artıq neçə ildir ki, müəllimlik edirdi. Yaş keçirdi, ancaq evlənmək üçün qız tapılmırdı. Çünki Həsən bəy ziyalı müsəlman xanımla ailə həyatı qurmaq istəyirdi. XIX əsrin 70-ci illərində Bakıda təhsilli türk qızı tapmaq sizə asan gəlməsin!

Bir səhər (görəsən, o zamanlar da qəzetləri səhər gətirilərmiş?) «Qafqaz» qəzetini vərəqləyən Həsən bəyin gözü bir siyahıya sataşır: «Müqəddəs Nina» gimnaziyasını bitirənlərin içində bir türk qızının adı vardı! Həsən bəy həmən Tiflisə gedir. Gimnaziyanın direktoruna elçi düşür. Hənifə də məsələdən hali olur. İkilinin həmfikir olduqları anlaşılır. «Onlar evlənmək və bir yerdə işləmək qərarına gəldilər». Hənifə xanım xatirələrində belə yazır. Həsən bəy dədə-baba qaydasıyla toy qurur, elə məktəbdəcə kəbin kəsdirir və təzə arvadıyla Bakıya dönür (bu əhvalat sizə ancaq gördüyü, bəyəndiyi qızı almaq istəyən tacir Əsgəri - arşınmalçını xatırlatmadımı?).

Bakı bu «görünməmiş izdivacdan» şoka düşdü!


Bunu mən demirəm. 1925-ci ildə Parisdə - «Əkinçi»nin 50 illik yubileyiylə bağlı məqaləsində Əlimərdan bəy Topçubaşov yazır (Əlimərdan bəy Həsən bəy Zərdabinin kürəkəniydi). Özü elçi düşüb qız aldığı bəs deyilmiş kimi, Həsən bəy üzüaçıq cavan arvadıyla şəhərə gəzməyə də çıxır! Bakılılar uşaqlarının müəlliminə heyrətlə, qeyzlə baxırdılar: «Həsən bəyin əleyhdarları ... onu və arvadını daşa basırdılar». Ancaq heç nə Azərbaycan mədəniyyətinin o böyük «Əkinçi»sini yolundan döndərə bilmir. O, bir «ilk»ə imza atır - yeni ailənin, qadına yeni münasibətin əsasını qoyur. Xoşbəxtlikdən, bu işin ən güclü tərəfdarı da elə onun təhsilli və güclü xanımı olur. Onların hər ikisinə min rəhmət!

Hənifə xanım Həsən bəyin sağ əlinə çevrilir

Həsən bəy evlənməzdən bir az əvvəl «Müsəlman tələbələrinə yardım cəmiyyəti» yaratmışdı. Bakıya dönən kimi, cəmiyyətin himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə gətirir. Sonralar bu uşaqların sayı ona çatır! «Həsən bəyin arvadı bu uşaqları tərbiyə edir və məktəbə göndərirdi» -Hənifə xanım belə yazır (bir anlığa evinizdə 10 nəfərin də yaşadığını təsəvvürünüzə gətirin). Üstəlik, tez-tez cəmiyyətə pul köçürənlər vədlərini pozurdular. Həsən bəy onları məhkəməyə verir, üzvlük haqqı tələb edirdi. Ən ağrılısı, müsəlmanların yardım etmək istəmədiyi cəmiyyətə başqa millətlərin pul köçürməsi idi... Xalqın savadlanmasını, qəzet oxumasını istəməyən hökumətin basqıları da bir yandan (artıq ilk teatr, ilk qəzet yaranmışdı).
H.Z.Tağıyevin qızlar məktəbi. Hənifə xanım 1901-ci ildən burada işləyib
«Əkinçi»ni davam etdirmək mümkün olmur. Həsən bəy sürgündən yaxasını qurtarıb, Zərdaba köçməyə məcbur olur. Beləliklə, Hənifə xanım - Avropalı gəlin ağcaqanadların meydan suladığı kənddə düz 16 il yaşayır!

Zərdabda ağcaqanadlardan daha qorxulu insanlar vardı!


Həsən bəyin ən böyük davası bütün əyalətlərdə at oynadan şeyxlərlə olur. Sonra bütün ətraflarda maarifin yayılmasına çalışırlar. Hənifə xanım «kəndli uşaqlarına dərs deyir, qadınları başına toplayıb onlara ruscadan hekayələr tərcümə edib oxuyur, əl işləri, barama qurdu becərmək və s. öyrədirdi». Ömür yoldaşının geniş dünyagörüşü, millət yolunda fədakarlığı Həsən bəyi qürurlandırırdı. Qızları Qərib Sultan «Atam haqqında xatirələrim» əlyazmasında yazır:«Onlar ...eyni məqsədlə, eyni maraqla, eyni canatımla - xalqa təmənnasız xidmət ruhunda çarpazlaşmış bir natura idilər. Ömrünün sonuna kimi atam anamı özünün sadiq köməkçisi, həmfikri sayırdı»(əlyazma ruscadır).

Hənifə xanım ilk qızlar məktəbinin müəllimi, sonra müdiri olur

16 illik sürgündən sonra Bakıya (1906) dönürlər. Ancaq Bakı başqa Bakıydı. Həsən bəyin səpdiyi toxumlar artıq cücərmişdi. Müxtəlif cəmiyyətlər, qəzetlər, teatr truppaları və s. fəaliyyət göstərirdi. Hənifə xanım 1901-ci ildə açılan ilk Aleksandriyski rus-müsəlman qızlar məktəbinin müəllimi olur (H.Z.Tağıyevin qızlar məktəbinin açılmasında Həsən bəy əvəzsiz rol oynamışdı). Və ömür yoldaşının ölümündən sonra da (1907) pedaqoji işi davam etdirir. Həmin məktəbin müdiri, həmçinin 11 rus-tatar qız məktəbinin müdiri olur. Sovet işğalından ta ömrünün sonunadək müxtəlif maarif müəssisələrində çalışır. Hənifə xanım 1928-ci ildə Bakıda dünyasını dəyişir. Son nəfəsində onun yasdığı başında görəsən kim vardı?...

Ömrün qürubunda Hənifə xanımı incidən nəydi?

Həsən bəylə Hənifə xanımın 4 uşaqları olub. Böyüyü - Pəri Soltan xanımdı (1873). Müəlliməydi. Əlimərdan bəy Topçubaşovun həyat yoldaşıydı. 1919-cu ildə əriylə Versal sülh konfransına yollanan Pəri xanım,daha nə anasını, nə vətənini görə bildi. 1934-cü ildə əri, 1947-ci ildə özü haqq dünyasına qovuşdu. Paris yaxınlığındakı Sen-Klu məzarlığında dəfn olunublar...

İkincisi - Qərib Soltan xanım da müəlliməydi. Sovetlər ona hətta əməkdar müəllim adı vermişdi. Şəmkirin Zəyəm kəndində müəllimlik edərkən, ruhi sarsıntı keçiribmiş. Nadanlar onu qorxudub kənddən uzaqlaşdırmaq istəyirmişlər. Qərib Sultan Sovetlərin iç üzünü duya-duya 1967-ci ilə kimi yaşadı, heç evlənmədi, o biri bacı-qardaşının taleyindən xəbərsiz bu dünyanı tərk elədi...

Üçüncüsü - Midhət bəy mühəndis idi. Gəncədə çalışırmış. Deyilənə görə, gözdən uzaq olmaq üçün Gəncəni seçibmiş. Heyhat! 1936-cı ildə onu tutub güllələyirlər! Həm qardaşının, həm yeznəsinin hayıfını ondan çıxırlar...

Dördüncüsü - Səfvət bəy Cümhuriyyət tələbələrindəndi. Almaniyada təhsil alırdı. 1922-ci ildə onun təqaüdü kəsilir. Səbəb: «o varlıdır və Topçubaşovun qaynıdır». Sonbeşiyinin bu halından sarsılan Hənifə xanım Azərbaycan Xalq Komissarlar Sovetinə ərizə yazır. Təqaüdü bərpa edirlər. Səfvət bəy mühəndis - arxitektor diplomunu alır, ancaq Azərbaycana qayıtmır (bolşeviklərin cümhuriyyət tələbələrinə münasibətindən xəbərdardı). Birbaşa gedir bacısıgilə - Parisə, oradan Türkiyəyə. Onu son dəfə 1970-ci ildə Türkiyəyə səfər edən professor Ziyəddin Göyüşov görübmüş. Deyilənə görə, Səfvət bəy böyük vətən həsrəti çəkirmiş...

P.S. Avropalı gəlin hətta dünyadan köçəndən sonra da öz nəhəng ərinin «qeydinə qalıb». Həsən bəyin məzarının indi Fəxri xiyabanda olmasına görə də bizlər Hənifə xanıma borcluyuq. Uzun illər o sevimli həyat yoldaşını özünə həm də qəbirdaş edib, repressiyadan «qoruyub». Bu barədə ayrıca... İndi bizim üzərimizə düşən isə onları təzədən birləşdirmək, Avropa tipli ilk ailənin məzarını yeni evlənənlərin ziyarətgahına çevirməkdir. Yalançı bütlərə əklil qoyduğumuz yetər!!!

Ən son yazılan

XS
SM
MD
LG