Keçid linkləri

Təcili xəbərlər

«Dön özünə bax, balaca adam…»


Qəlyanaltı etdi, sonra da çatlamış, bir az da çirkli əllərini varlığına inandığı tanrısına uzadıb şükür etdi
Qəlyanaltı etdi, sonra da çatlamış, bir az da çirkli əllərini varlığına inandığı tanrısına uzadıb şükür etdi
Bir mağazada görmüşdüm onu - titrəyirdi... Arxamda durmuşdu. Mən siqaret qutusunu gözlədiyim halda o, tez-tez «mənə bir stəkan» verin deyirdi. Sonra mən siqaret paketimi, o da «stəkan»ını aldı. Sən demə, «stəkan» dediyi şey içi spirtli içki olan plastik qab idi. Tələsik uzaqlaşdı mağazadan, özünü xəlvətə verdi, ağzını açdı stəkanın, bir göz qırpımında onu başına çəkdi...

Arxasına düşmüşdüm, o, zibil yeşiklərində butulka toplayır, mən də baxırdım. Maraqlı adam idi. Fotoaparatın pəncərəsindən insanlar fərqli görünür, necə olur-olsun bu insanı obyektivdə saxlamalı idim. Ona yaxınlaşıb dərdimi - insanların həyatından foto-hekayələr hazırlamaq istədiyimi dedim. Dinləmədi məni. Onun dərdi daha böyükmüş - həyat yoldaşı «xərçəng» xəstəliyindən əziyyət çəkirmiş, uzun illərdir uşaqları olmurmuş, həkim reseptləri qalaq-qalaq yığışıbmış, cibində saxlayırmış onları. Bunları dedi mənə, artıq titrəmirdi, amma ağlayırdı. Sakitləşdirməyə çalışırdım onu, sonra siqaret yandırdıq birgə. Dərdini dedi mənə, sakitləşdi.

Remark 1941-ci ildə avstriyalı yazıçı Stefan Zveyqin həyat yoldaşı ilə birgə intihar etməsindən sonra belə deyirdi:
Zaman zibil qutularında keçdi. Günorta düşdü.
«Əgər onlar dərdlərini deyə biləcək bir nəfər tapsaydılar, intihar etməzdilər».

Bir az söhbətdən sonra onun bir günlük həyatını fotolarla təsvir etmək razılığını aldım. Hekayə onun evində, o, yuxudan ayıldığı vaxt başlayacaq və yenə onun evində, onun gününün sonunda bitəcəkdi. Bir gün ərzində onunla birgə olacaqdım, onun yaşamını, həyat çətinliklərini, gündəlik «quru çörəkpulu»nu əldə etdiyi qazanc yerlərini fotoların dili ilə anladacaqdım. Böyük göz kimi onu izləyəcəkdim - Corc Oruelin «1984»-ündəki kimi...

Boş evinin problemlərindən danışdı ertəsi gün. Süfrə başında oturub qəlyanaltı etdi cütlük, sonra da çatlamış, bir az da çirkli əllərini varlığına inandığı tanrısına uzadıb şükür etdi.

Beləcə, onun həyatı tavanı çökməkdə olan uçuq dörd divar arasında başladı, bizim hekayəmiz də həmçinin. Yenə həmişəki kimi butulkaları seçdi zibil qutularından, sonra quru çörəkləri topladı.

Quru çörəyin 1 kq-nı 6 qəpiyə satacağını dedi, güldü. Topladığı butulkaları təhvil verib pulunu aldı. Zaman zibil qutularında keçdi. Günorta düşdü. O, butulka puluna 1 «stəkan» aldı, içdi. Mənsə çəkirdim...

O, butulka puluna 1 «stəkan» aldı, içdi.
Çalışırdım dostumuzun soyuqqanlılığını kənardan gələn nifrət dolu baxışlardan qoruyum. Amma alınmadı. O, bir zibil qutusuna yaxınlaşanda, səkidə oturmuş ağsaçlı bir kişi «Azərbaycanı biabır edirsiniz» dedi.

Qoca kişinin dedikləri təsirsiz ötüşmədi: qəhrəmanım həyəcanlanıb titrədi, ağladı... «Daha çəkmə» dedi. Dedi, «polislər bizi görər, sonra evimə gəlib, döyərlər məni»...

Adam taleyi ilə barışdı... Kamyu demişkən, «insanlar öz gerçəklikləri ilə yaşayır»...

Beləcə foto-hekayəmiz – bir insanın həyat hekayəsi yarımçıq qaldı. Qulağımda qəhrəmanım İlqarın «Mən bu böyük şəhərdə balaca bir adamam» sözləri, beynimdə Vilhelm Rayxın «Qulaq as, balaca adam» əsərində İlqarlara səslənişi: «Sənə individual azadlıq deyil, ümumxalq azadlıq; özünə inam deyil, dövlətə hörmət; fərdi deyil, ümumi inkişaf vəd edirlər, sən də onlara «xilaskarlar» kimi baxırsan və «viva-viva», «yaşa-yaşa» deyə bağırırsan... Mən sadəcə sənə bunu deyə bilərəm ki, sənin tək xilaskarın sənin özünsən»...
XS
SM
MD
LG