Keçid linkləri

Təcili xəbərlər

«Mən bilmirəm, Əmrah bilir»


Nəsimidə yaşayan həkim Xətai həkimlərini bir neçə məntəqədə səs verməyə aparır
Nəsimidə yaşayan həkim Xətai həkimlərini bir neçə məntəqədə səs verməyə aparır
Bayram dincəlişləri bitir... Həmin günlərdə Bakı dərin qış yuxusundan ayılmış, sanki keçmişə qayıtmışdı. Hətta 60-80-ci illərin tıxacsız Bakısını da yada salmışdı. Deyəsən, bu 10 gündə təkcə Bakı yox, bakılılar da keçmişə qayıtmışdı.

Bayramın 3 simvolu vardı: Novruz baba, Muğam və Referendum


Amma simvolları yox, bir olmuş əhvalatı danışmaq istəyirəm.

Əhvalat vaqe olur ötən əsrin 50-ci illərində, Azərbaycanın qərb bölgələrindən birində - Əmrahla Söyün (Hüseyn) adlı qardaşların ailəsində. Ata-anasını erkən itirən bu 2 qardaş savaş sonrası Azərbaycanda tək-tənha qalırlar. Aclıq! Soyuq! Ümidsizlik!... Bir-birinə isinişib, bir təhər günlərini çürüdürlər. Əmrah balaca Söyünə atalıq edir, onu böyüdür, nazını çəkir. Söyün Əmrahdan iznsiz heç nə etmir. Nə soruşsalar deyərmiş ki, «mən bilmirəm, Əmrah bilir». Məsələn, qonşu soruşsa ki: «A Söyün, sabah quzu otarmağa sən gedirsən, yoxsa Əmrah?» – Söyündən eyni cavabı eşidərmiş: «Mən bilmirəm, Əmrah bilir».

Əvvəl Əmrah, sonra Söyün evlənir

Demək, Söyünün toyu çalınır, gəlin gəlir. Məclis qurtarırsa da, Söyün gəlinin otağına girmir və səbəbini soruşana da deyir ki, «Mən bilmirəm, Əmrah bilir!»…

Bu lətifəyə bənzər gerçək hadisəni niyə yada saldım? Referendum günü paytaxt texnikumlarından birinin tələbələri lap Söyün kimi davranıblar. Yəni səsvermə bülletenlərini «bir Əmrahın» sözüylə işarələyib, sonra da lap uşaq karuselindəki kimi dönə-dönə fırlanıb «sehrli yeşiyə» salıblar. Sanki «Novruz babaya məktub» atıblar. Səbəbini soruşana da «Biz bilmirik, Əmrah bilir» deyiblər. Bir də onu deyiblər ki, ertəsi gün (martın 19-da) dərsdən azaddırlar və semestr imtahanlarını da problemsiz ötüşdürəcəklər.

Və nəticə

Nə qədər ki təkcə müəllimlər deyil, tələbələr də «karusel» oynayacaqlar...

Nə qədər ki həkimlər seçki dolambaclarında «azacaqlar»...

Nə qədər ki öz evimizdə öz balalarımız bütün bunları görüb-götürüb və susacaqlar...

Nə qədər ki jurnalistlərimiz «analoqu olmayan dövlətin seçkidə hamıya nümunə olmasından» yazacaqlar...

Və nə qədər ki «Əsir Azərbaycanım» deyə tarixə düşən ölkə (Almas İldırım) müstəqillik qazanandan sonra «Şəkil Azərbaycanım»a çevriləcək...

Nə qədər ki ölkə vətəndaşları seçki məsuliyyətindən qaçacaqlar...

Nə qədər ki insanlar azadlığa hamilə qalmayacaqlar...

...Bizlər Kəsəmənli Söyünün gününə qalacaq və nə soruşsalar eyni cavabı verəcəyik (başlığa bax)...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG