Keçid linkləri

Təcili xəbərlər

Vertolyot qəzası


Muhsin Yazıcıoğlu
Muhsin Yazıcıoğlu
Böyük Birlik Partiyasının sədri, millət vəkili Muhsin Yazıcıoğlunun vertolyotunun qəzaya uğraması Türkiyədəki seçkiqabağı tarazlıqları alt-üst etdi.

Siyasi partiya liderləri seçki mitinqlərini təxirə saldılar. Xəbəri alan kimi vertolyotun düşdüyü Kahramanmaraş bölgəsinə gedən daxili işlər nazirinə baş nazir Erdoğan da qoşuldu.

Prezident Gül hadisə ilə bağlı dərin üzüntüsünü bildirdi. Parlamentin sədri Köksal Toptan xaricə səfərini yarımçıq qoyub ölkəyə qayıtdı. Siyasi dünyagörüşü tamamilə fərqli olan CHP lideri Deniz Baykal Muhsin Yazıcıoğlunun lideri olduğu partiyanın qərargahına gedərək axtarışlarda ləngidiyinə görə hökuməti tənqid etdi. Yazıcıoğlunun doğulduğu şəhər olan Sivasda bütün partiyalar seçki təbliğatını dayandırdı.

Türkiyədə müxalifətdə olan bir partiya liderinin seçki vertolyotunun qəzaya uğramasından sonra yüksək siyasi mədəniyyət və yetişkənlik nümayiş etdirdi. Bu mənzərə Muhsin Yazıcıoğlu siyasətçi və parlament üzvü olduğuna görə ortaya çıxmadı. 1996-cı ilin yanvarında bəstəkar Onno Tuncun təyyarəsi Bursa dağlarında qəzaya uğrayanda baş nazir Tansu Çillərin də necə həyəcanla çalışdığına şahidəm. Bu, dövlətin öz vətəndaşına qarşı məsuliyyətini yerinə yetirməsinin təzahürüdür.

Əlbəttə, toplumun yaxından tanıdığı bir insan olmağın da burada təsiri var. Ancaq bir daha təkrarlamaqda fayda vardır ki, bu, dövlətin öz vətəndaşına qarşı daşıdığı məsuliyyətin ifadəsidir.

Dövlət öz vətəndaşını hər cür metoddan istifadə edərək təzyiq altında saxlamaq üçün yaradılmış bir qurum deyildir. Bunu dərk etməyənlərin dövlət kreslolarında oturmağa haqları yoxdur-bunu dərk edib vətəndaşın hüquqlarını qəsb edənlər isə dövlətin adından suça yol verirlər.

Siz, məmləkətimizin hər hansı müxalifət liderinin başına buna bənzər bir iş gəlməsi halında dövlətimizi idarə edənlərin hansı addımları atacaqlarını təsəvvür edə bilirsinizmi? Müxalifətdəki vətəndaşını «meymun» timsalında görən bir üsuli-idarə bəşəri dəyərlərin nə qədər gerisindədir, sizcə?

XIII əsrin filosofu Şeyx Edebali taxta çıxan oğluna bunu nəsihət etmişdi: «İnsanı yaşat ki, dövlət də yaşasın».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG