(«Qısaldılmış dalğalar» gündəliyi)
Bu mövzu bitmək bilmir - hər yanda müğənni qadınların açıq-saçıq geyinməsindən danışırlar. Onu da etiraf edim ki, bu maraqsız müzakirələr şəxsən məni çox təəccübləndirib. Ötən il xəstəxana önündə orta yaşlı bir nəfərlə söhbət etdim, özü az qala ayaq üstə keçinmişdi, danışdığından bildim ki, həyat yoldaşı da içəridə yarıcan yatır. Yanındakı uşağa baxanda isə adamın qəlbi parçalanırdı. Amma bilirsinizmi söhbət əsnasında bu adam nədən şikayət etdi?
«Belə ölkə olmaz, açırsan televizoru, müğənnilər ekrana lüt çıxır».
Elə belə də dedi. Bu mövzuda daha kimlər şikayət etmir ki! Parlamentdə də tez-tez etiraz edirlər. Hələ bir dəfə Nizami Cəfərov bu «dözülməz hallara qarşı» ölçü götürmək barədə danışırdı, deyəsən, hətta qanun qəbul olunmasını da təklif etdi. Təhsil naziri Misir müəllim isə günlərin birində televiziyada müğənni Zülfiyyə Xanbabayevanı təriflədi – milli adət-ənənələrə uyğun geyindiyinə görə. Yəni təhsil nazirinin də müğənnilərin geyimi haqqında düşünülüb daşınılmış bir mövqeyi var.
Bu mövzu bitmir, televiziya ekranlarında, məclislərdə, yazılarda, qəzetlərdə. Artıq şou səhnədə, ekranda olanların deyil, onların ətrafında bu mövzunu gündəmdə saxlayanlarındır. Sanki başqa qayğılar yoxdur.
Mənə elə gəlir ki, bizim şou əhli adlanan kəsimdənsə onlara baxan, onlardan danışan, sevərək və yaxud sevməyərək onlara diqqət və duyğu ayıran adamlar daha çox şou həyatı yaşayır.
Bəzi ictimai adamları başa düşmək olur, bu adamlar haqda danışmaq təhlükəsizdir. Onlar haqda danışmağa nə var - haqqında deyilənlər çoxlarının heç vecinə də deyil. Amma bizə nə düşüb axı?!
Axı biz bu ölkədə açıqlıqdan öncə gizlilikdən şikayətçi olmalıydıq. Beş-on müğənni qadının açıq-saçıq geyinməsi yox, dövlət idarəçiliyində, büdcə xərclərində, neft gəlirlərinin istifadəsində mövcud olan gizlinlər bizi narahat etməli idi. Axı çətin günlər yaşayan bir toplum yaxşı bir günə çıxmaq üçün israrla şəffaflıq axtarmalı və tələb etməlidir. Məgər bu mövzuda qayğılar müğənnilərin açıq-saçıq geyinməsindən azmı əhəmiyyətlidir?
Bəs nədən bu ölkəyə şəffaflıq, açıqlıq, aydınlıq lazım olduğu halda, əksəriyyət girişib beş-üç müğənni qadının əndamını gizlətmək tələblərinə? Doğrudanmı biz gizli əməllərdən yox, açıq əməllərdən əziyyət çəkirik? Deyəsən, onu da anlamaq istəmirik ki, televiziyalarda açıq-saçıq qadınlara verilən geniş meydan da digər sahələrdəki gizlin işləri rahat və sakitcə aparmaq üçündür. Biz müğənnilərin geyimi, davranışı və həyat tərzi haqqında düşünərkən, dartışarkən, başqaları gizlin-gizlin bizə aid olan pulları sayır.
Qanunların, hüquqların tapdanmasına, ədalətsizliyə, korrupsiyaya dözən adamlar onlara heç bir aidiyyəti olmayan qadınların geyiminə dözmürlər. Bu isə qatarın relsdən çıxarılması hadisəsidir. Bilmirəm, siz heç qatarı getdiyiniz küçəyə sürdürmüsünüzmü?!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.