Keçid linkləri

Təcili xəbərlər

Konstitusiyaya dəyişiklik: «Soxulcan uzun, ömürsə qısadır»


18 mart referendumu mənə köhnə bir əhvalatı xatırlatdı. Soxulcan əhvalatını...
18 mart referendumu mənə köhnə bir əhvalatı xatırlatdı. Soxulcan əhvalatını...
(«Qısaldılmış dalğalar» gündəliyi)

18 mart referendumu mənə köhnə bir əhvalatı xatırlatdı. Həyatı boyu soxulcanı tədqiq edən məşhur bioloq onun müxtəlif buğumları haqqında dalbadal yazılarla çıxış edir. Yazılar bitmək bilmir. Mənim kimi gənc jurnalistlərdən biri isə dözməyib həmin alimdən soruşur ki, bəs soxulcanın quyruq hissəsi barədə yaxın vaxtdamı çıxış edəcək. O da belə cavab verir: «Soxulcan uzun, ömürsə qısadır».

Nə vaxtsa ağlımıza gəlməzdi ki, bir gün bu sözü hakimiyyətlər haqqında da deyəcəyik. Eynən o cür - hakimiyyət uzun, ömürsə qısadır. Düşünürdük ki, ömür uzundur, hələ çox hakimiyyətlər, prezidentlər, nazirlər, deputatlar görəcəyik. Çox vədlər eşidəcək, çox hesabatlar dinləyəcəyik. Amma Konstitusiyada dəyişiklər qüvvəyə minəcəksə, bu fikrimizdə yanılmalı olacağıq. Yəni soxulcan əhvalatı...

Təsəvvür edin ki, indi sizin övladınız məktəbdə oxuyur, amma illər sonra nəvəniz məktəbə gedərkən təhsil naziri Misir Mərdanovun təzəcə yazdığı dərsliyi açıb oxuyur, axşam televizorda isə göstərirlər ki, prezident İlham Əliyev ona və Bakı şəhərinin qocaman rəhbəri Hacıbala Abutalıbova «İstiqlal» ordeni verir. Nəvəniz sabah yenidən dərsə gedəndə Ziya Məmmədovun Koreyadan bir ay öncə gətirdiyi avtobusun əyləclərinin uğultusundan qulağını tutur. Günorta isə nəvəniz ilk dərsə getdiyi gün Dövlət Kartof Fondunun ona hədiyyə etdiyi diyircəkli qələmi itirdiyi üçün dızhadız ağlayır və siz də onu sakitləşdirmək üçün Beynəlxalq Muğam Mərkəzinin içində açılan «Çin uşaqlar aləmi» yarmarkasına aparacağınızı söz verirsiniz. Həmin gün Kəmaləddin Heydərov dünyada ən çox staja malik nazir olması ilə bağlı «Azadlıq» radiosunun Özbəkistan xidmətinə eksklüziv müsahibə verir.
Amma çox xahiş edirəm, bunları təsəvvür etməyin. Baxmayaraq ki, referendum günü qapının ağzını kəsib...
***
Bizdən soruşurlar ki, niyə biz jurnalistlər 750 min yeni iş yerinin açılmasını şübhə altına alırıq. Şəxsən mən bu gündən yeni iş yerləri ilə bağlı hökumətin rəqəmlərinə etiraz etməyəcəyəm. Onların yalan olub-olmaması da məni maraqlandırmır. Amma təzə sualım yaranıb.

Bu qədər təzə iş yeri açılıb, köhnədən də bir xeyli vardı. Bəs nədən neft sektorunda çalışan 70 min adam Ümumi Daxili Məhsulun 61 faizini yaradır? Bəs qalan işləyənlər, o cümlədən bu 750 min təzə işçi nə yaradır? Nə üçündür bu iş yerləri?!

Şahvələd Çobanoğlu bir sıra mətbuat orqanlarında köşə yazıları ilə çıxış edir. Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG