Keçid linkləri

Təcili xəbərlər

Dövlət kreslosu və şəxslər


Bakı meri istisna olsaydı, deyərdin ki, məmurun şəxsi keyfiyyətlərinin dövlətçiliyə aidiyyatı azdır. Lakin bu, bütövlükdə prezident-məmur münasibətlərinə xasdır
Bakı meri istisna olsaydı, deyərdin ki, məmurun şəxsi keyfiyyətlərinin dövlətçiliyə aidiyyatı azdır. Lakin bu, bütövlükdə prezident-məmur münasibətlərinə xasdır
(«Olmaya cahanda dövlət» silsiləsindən beşinci yazı)
Heç dəyişməyən səhnə: mer ön cəbhədən nəsə deməyə cəsarət etmır, özündə bu cəsarəti tapan kimi isə dövlət başçısı yenə arxasını çevirib sağa-sola, yuxarıya baxır. Dinləyir, arada bir təlimat verəndə də başını mer tərəfə çevirmir.
Belə təəssürat yaranır ki, ölkə başçısının yanında duran şəxs dövlətin çox önəmli bir kreslosunda oturan məmur yox, prezidentin nifrət etdiyi və yanında dolaşdırmaqdan utandığı birisidir.
Paytaxtın icra hakimiyyəti başçısının dövlət rəhbərinin yanında göründüyü hər mənzərə «Nədir dövlət?» sualını yenə və yenidən özü ilə gətirib-gəlir.
Bakı meri istisna olsaydı, deyərdin ki, məmurun şəxsi keyfiyyətlərinin dövlətçiliyə aidiyyatı azdır. Lakin bu, bütövlükdə prezident-məmur münasibətlərinə xasdır.
Dövlət idarəçiliyinə ciddi yanaşılan hər hansı yerdə istənilən məmurun Bakı Şəhər İcra Hakimiyyəti başçısının durumuna salınması qəbuledılməzdir. Çünki:
1) Dövlətin nöqteyi-nəzərindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kreslosu orda oturana yox, dövlətə aid olan bir yerdir;
2) Dövlət idarəçiliyi bir komanda işi olduğuna görə, orda dövlət başçısının şəxsləri bəyənib-bəyənməməsindən söhbət gedə bilməz. Və əgər dövlətin başçısı özü ilə birbaşa təmasda işləyəcək şəxsə kreslo həvalə edibsə, ilk növbədə, dövlətin kreslosunun xalq gözündə etibarı naminə həmin şəxsə hörmətlə yanaşmaq məcburiyyətindədir;
3) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı dövlət kreslosunda oturduğu müddətcə öz şəxsiyyətinə hörmət etmək məcburiyyətindir - bunu hər şeydən əvvəl onun oturduğu dövlət kreslosu tələb edir. İstər prezidentin, istərsə də paytaxt icra hakimiyyəti başçısının «Dövlət» məfhumuna münasibəti təəssüf doğurur. Məmləkətimiz dünyada analoqu olmayan örnəklərlə o qədər zəngindir ki!..
Osmanlı padşahlarının taxta çıxma mərasimində xalqı küçəyə toplayarmışlar. Onlar da padşaha müraciət edib deyərmişlər: «Lovğalanma padşahım, səndən böyük Allah var»
Bakı Şəhər İcra Hakimiyyəti başçısını örnək olaraq göstərməyimizin əsas səbəbi, bu şəxsin dövlət idarəçiliyi üçün işə yarayacaq adam olması ilə yanaşı, onun media tərəfindən aramsız şəkildə yaylım atəşinə tutulmasıdır. Buna onun özünün sözləri və hərəkətləri də böyük ölçüdə şərait yaradır. İcra başçısını hədəfində saxlayan bəzi media qurumlarının mütəmadi olaraq tədavülə buraxdığı «iddialardan» biri – «merin səlahiyyətlərinin əlindən alınması» ilə bağlı olur. Hansı niyyətlə verilirsə-verilsin, qəzetçilik professionallığı ilə heç bir əlaqəsi olmayan bu səpkili iddialara dövlət tərəfindən heç bir reaksiya və açıqlama verilməməsi də «mer»lə bağlı xəbərlər qədər təəccüb doğurur.
Məsələn, məmləkətin dövlət nəzəriyyəçisi, akademik Mehdiyev belə, bir dəfə də ağzını açıb demir ki, ey bunları yazanlar, heç olmazsa, bilmədiyiniz şeyləri gəlin məndən soruşun. Axı o kreslo «mer»in şəxsi malı deyil ki, səlahiyyət şəxsən merin özünə aid olsun. Səlahiyyəti əlindən alınmış birisi dövlətin kreslosunda oturmağa necə davam edə bilər? Nəticədə bəzi media qurumları öz bildiyi şəkildə yazmağa davam edir, dövlət nəzəriyyəçisi susur və «Dövlət» məfhumu hər gün bir az daha cılızlaşır. Bir neçə il qabaq bəzi media qurumları «mer»i o qədər rəhmsizcə tənqid etdilər ki, onun özünün və mənsub olduğu üsuli-idarə komandasının buna səssiz qalması məndə heyrət doğurdu. Çünki:
1) Ortaya atılan o qədər iddiadan sonra özünə azacıq hörməti olan bir üsuli-idarə «mer»i müvəqqəti də olsa vəzifəsindən kənarlaşdırıb ciddi saydığı məsələləri araşdırmalı idi;
2) Dövlətin önəmli kreslosunda oturan məmura qarşı media iftiralarından söhbət gedirdisə, yenə də dövlətin etibarı üçün bəzi iddiaların sahibləri bunları isbata dəvət edilməli idi;
3) Bunların heç birinin edilmədiyi yerdə nə dövlət etibarından söhbət gedə bilər, nə də medianın sayğınlığından. Bunun adı «Dövlət xaosu»ndan başqa nə ola bilər ki?
4) Mediada şantaj vasitəsi kimi istifadə edilən altı boş iddiaların «Dövlət»i idarə edənlər tərəfındən tədavülə buraxılması daha da təəccüb doğurur. Buna misal kimi məmləkətdəki hər seçki kampaniyasında «balıq» ləqəbli birinin sağa-sola saçdığı böhtanlari göstərmək olar. Qabaqlar müxalifət liderlərini fantastik şantajlarla suçlayan bu zati-möhtərəm son prezident seçkisində namizəd oldu və bu dəfə hökumət üzvlərini hədəfinə aldı. Bu adamın «Dövlət»i idarə edənlər tərəfindən yönləndirildiyinə ictimai vicdanın lap çoxdan qane olduğunu nəzərə alsaq, nazirlərin ailə həyatı ilə bağlı olan şantaj materiallarının da onlar tərəfindən verildiyi şübhə doğurmur. Özü namizəd olduğu halda mövcud dövlət başçısını dəstəkləyəcəyini bəyan edən birinin təbliğat vaxtı iqtidar təmsilçilərini yaylım atəşinə tutması insandakı təəccüb hisslərini də aşıb keçir. Dövlət idarəsinin ciddiyyət tələb edildiyinin azacıq dərk edildiyi və «Dövlət» adlı qurumun bu və ya digər dərəcədə sayğını haqq etdiyinin bilindiyi yerlərdə bu cür anormal hadisələrin yaşanması ehtimalı sıfırdır. Və ya seçkidə dövlət başçılığına namizəd olan şəxsin öz təbliğatını aparmaq yerinə müxalifət liderinin «dövlət başçısı ola bilməyəcəyini» isbata çalışmasından sonra həmin şəxsin bir idarəyə (bəlkə komitədir - tam xatırlamıram – M.Ə.) başçı təyin edilməsi dövlət idarəçiliyinə səthi və keyfi yanaşmağın gözəl nümunəsi deyil, nədir?
Dövlət başçısının öz tabeçiliyində olanlara baxışından başlamışdıq deyəsən, azacıq uzaqlaşdıq mövzudan. Uzaqlaşmayıb deyək ki, dünyanın bu vaxtında dövlət başçısının sualına cavab vermək üçün heç bir Baş nazir stolun arxasından qalxaraq yaxasını düymələyib danışmır, çünki dövlətin kreslosu bir mütinin yox, dövlətə xidmət edən məmurun oturduğu yerdir. TV-dən vətəndaşlara da seyr etdirilən bu mənzərələrin ölkəni köləliyə alışdırmaqdan başqa heç bir məqsədi ola bilməz. Dövlətin başlıca vəzifəsi isə, təbəələrini köləliyə alışdırmaq yox, onları vətəndaş kimi yetişdirməkdir. Dövlət məmuru ərdəminə malik olmayanların isə «Dövlət» kreslolarında oturmağa haqları ola bilməz...
İndicə yadıma düşdü: Biz Avropa Şurasının üzvü olaraq onun harasına girmişik?
Dövlət idarəçiliyi mənzərələrimizi görənlər bizim XXI əsrdə yaşadığımızı deyə bilərmi?
Osmanlı padşahlarının taxta çıxma mərasimində xalqı küçəyə toplayarmışlar. Onlar da padşaha müraciət edib deyərmişlər: «Lovğalanma padşahım, səndən böyük Allah var».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG