-
Ölkənin aparıcı qəzetləri bu həftəsonu buna bənzər gözlənilməz sərlövhələrlə çıxıb.
Lakin nə dərəcədə gözlənilməz? Avropa İttifaqına üzvlüyün ağıllı bir iş olub-olmadığı barədə mübahisələr Londonun Maastrix sazişinə imza atdığı gündən başlanıb.
Son rəy sorğuları bu gün Britaniyada əhalinin yalnız 16 faizinin Avropa İttifaqı ailəsində qalmaq istədiyini göstərir.
Britaniyalıların nəzərə çarpacaq hissəsi bu qənaətdədir ki, onların ölkəsi coğrafi baxımdan, ümumiyyətlə, Avropa deyil.
Avropa İttifaqına qoşulsa da, Britaniya indiyədək vahid valyuta ittifaqına daxil olmayıb və bəzi başqa müstəqillik atributlarını qısqanclıqla qoruyub saxlayır.
Lakin bütün bunlar indiyədək yalnız qeybət səviyyəsində idi. İndi isə rəsmilər Avropa ilə «boşanma» barədə çox aydın danışırlar.
Birləşmiş Krallığın daxili işlər naziri Theresa May bəyan edib ki, London yüzlərcə səlahiyyətini Brüsseldən geri istəməyə hazırlaşır.
Həm də söhbət cinayət axtarışı, ədliyyə, polis və ən əsası Avropanın həbs saknksiyalarından gedir.
«The Sunday Telegraph» qəzeti yazır ki, hökumət öz qərarı barədə məlumatı parlamentdə artıq bu bazar ertəsi, Avropa İttifaqının gələn həftə keçiriləcək sammiti ərəfəsində elan edəcək.
Qəzet yazır ki, bu qərarın hakim mühafizəkarlar partiyasından veteranları sevindirəcəyi şəksizdir. Artıq uzun müddət idi ki, onlar Britaniyanın «müstəqilliyinin bərpa olunmasını» tələb edirdilər.
Lakin bir çox ekspertlər bu qənaətdədirlər ki, daxili işlər nazirinin qərarı daha çox praktik xarakter daşıyır.
Beləki, son üç ildə Britaniya məhkəmələri tərəfindən Avropaya ekstrdisiya olunanların sayı 4 dəfə artıb.
Təkcə 2010-cu ildə Avropa həbs sanksiyalarına müvafiq olaraq 1335 nəfər Britaniyadan digər ittifaq üzvlərinə təslim edilib.
Lakin bütün bu proses Britaniya xəzinəsinə, elə təkcə 2010-cu ildə 27 milyon funt sterlinqə başa gəlib.
XƏRƏK OĞRUSUNUN EKSTRADİSİYASI
Britaniya ədliyyəsini ən çox əsəbiləşdirən, Avropa İttifaqı üzvlərinin ədliyyə sistemindəki fərqlərin qalmasıdır.
Polşa Avropa İttifaqına qəbul ediləndən bəri polyaklar Britaniyaya ən çox mühacirət edən millətlərdən biridir.
Onlar ingilis ustalardan daha ucuza işləyən soyuducu, soba ustaları, elektrik, rəngsaz və bənna kimi Britaniyada özlərinə asanlıqla iş və qazanc yeri tapırlar.
İş o yerə çatıb ki, Britaniyanın aparıcı bankları polyak dili bilən tərcüməçiləri işə götürür.
Lakin bu al-əlvan, bir az da əhlikef slavyan icması arasında, Polşa ədliyyəsindən qaçıb gizlənən yüzlərlə mühacir var.
Polşa qanunlarına görə xırda cinayətlərə görə məhkum edilmiş şəxslərə ildə bir dəfə həbsxanadan kənarda məzuniyyət verilir və pasportları özlərində olduğundan bir çox məhbuslar rahatca təyyarə bileti alıb Britaniyaya gəlirlər və sonra…uzun və yorucu ekstradisiya prosesi başlanır.
Qəzetlərdən biri yazır ki, Polşada xəstəxanadan təkərli xərək oğurlamış birisinin Londondakı məhkəməsi günlərlə davam edib.
BRİTANİYA «AVROPA BAŞ PROKURORU»NU İSTƏMİR
Theresa May-in bəyanatında bildirlir ki, Böyük Britaniya Lissabon müqaviləsinin verdiyi imkanlara uyğun olaraq 2014-cü ilədək Avropa İttifaqının ədliyyə və daxili işlər sistemindən çıxacaq.
Müşahidəçilərin fikrincə, Londonu ən çox narahat edən Avropa İttifaqı üçün ümumi prokuror postunun təsis edilməsidir.
Britaniya həmçinin ondan narazıdır ki, London Avropaya, Britaniyaya təslim edildiyindən daha çox şübhəlini ekstradisiya etməli olur.
Qəzetlər yazır ki, Avropa İttifaqının ədliyyə və polis sisteminin tərk edilməsi Londonun son məqsədi deyil.
Xarici işlər naziri William Hague öz idarəsində Avropa strukturlarının tam auditini keçirmək barədə sərəncam verib.
Bu ona görə edilir ki, London həmçinin mühacirət, iş saatlarının müəyyənlişdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və insan haqları kimi səlahiyyətlərini Brüsseldən geri almağa hazırlaşır.
Mətbuatın yazdığına görə bütün bunlar baş nazir David Cameron Brüssel sammitinə getməzdən əvvəl baş verəcək.
Bu sammitdə Avropa bank ittifaqının və Avropa Mərkəzi Bankının məsələsi müzakirə ediləcək.
Bank İttifaqının qüvvəyə minməsi üçün 27 üzv ölkənin yekdil qərarı lazım gələcək.
Bu mənada Londonun çox da qayğısı yoxdur. Öz milli valyutası – funt sterlinqi olan Britaniya bank ittifaqına qoşulmayacaq.
Lakin cənab Cameron-un bu sammitdə deyiləcək sözü var.
O, Avropa İttifaqından iki büdcəyə malik olmasını tələb edir: Biri avrozona üçün, digəri isə öz valyutalarını saxlamış ölkələr üçün.
BOŞANAQ, EVLƏNƏRİK…
Hakim mühafizəkarlar partiyasındakı nüfuzlu avroskeptiklər qrupu baş nazirin daha irəli gedib, Britaniyanın Avropa İttifaqından çıxması barədə referendum elan etməsini istəyirlər.
Avroskeptiklər deyirlər ki, Avropa İttifaqını tərk etdikdən sonra bu ittifaqla yenidən bəzi mühüm sahələrdə ikitərəfli müqavilələr bağlamaq mükündür.
David Cameron hələlik referendum barədə qəti bir fikir söyləməyib.
Bununla belə, baş nazirin kabinet üzrə ən yaxın müttəfiqi, təhsil naziri Michael Gove öz bəyanatı ilə əsl sensasiya yaradıb.
O deyib ki, “Brüsselə ittifaqı tərk etdiyimizi açıq şəkildə bildirməliyik”.
“The Mail on Sunday” qəzetinin yazdığına görə cənab Gove dostlarına bildirib ki, əgər Britaniyanın Avropa İttifaqını tərk etməsi barədə referendum bu gün keçirilsəydi, o birmənalı şəkildə Brüsseldən qopmağa səs verərdi.
Cənab Gove inanır ki, Birləşmiş Krallıq, ittifaq üzvü olmayan Norveç və İsveçrə kimi azad ticarət ölkəsi olaraq da çiçəklənə bilər.
ÇİYƏLƏYİN BİR FUNTU BİR FUNTA
Britaniyada yaşayan adi insanlar ölkənin Avropa İttifaqında olmasını gündəlik həyatlarında hiss etmirlər.
Burada məsafə üçün yard və mil vahidləri işlənir.
İngilislər çəki vahidlərini də saxlayıblar. Böyük supermarketlərdə malların üstündə qram və kiloqramlarla yanaşı, 28 qrama bərabər unsiya, 453 qrama bərabər funt da göstərilir.
Funt həm də milli vayutadır. Və ona yalnız xaricdə funt sterlinq deyirlər.
Şənbə və bazar günləri Londonun küçələrində açılan meyvə-tərəvəz yarmarkalarında isə qram və kiloqram söhbəti, ümumiyyətlə, yoxdur.
Və mənim köhnə tanışım Stiv, hər həftəsonu Londonun şimalındakı Edmonton bazarında ingilis xasiyyəti kimi dəyişməyən Esseks ləhcəsində müştəri çağırır:
- Tələsin, yaxşı çiyələk var! Bir funtu bir funta!