Görüntülər, ilğımlar arxasında qalmış dünyamız

Niyazi Mehdi

-
«ANLAYIŞ» ANLAYIŞINDAN BİR-İKİ SÖZ

Bizim camaatın arasında hələ də xeyli adam var ki, anlayışla, məfhumla nəsnənin özü arasında ya fərqi görmür, ya da bu fərqin düşüncə baxımından nə qədər önəmli olmasını bilmir. Halbuki o, dindardırsa, bilməliydi ki, dini fikir bu fərqin fərqinə varmaqdan ağıllanıb. Bu fərqin fərqinə varmaqdan fəlsəfə, etika, hətta şeir də gəlişib, dərinləşib.

Bizim «Kitabi-Dədə Qorqud»da Uruzun atasından «yağı kimdir?» soruşması, işdə, «düşmən anlayışını aç!» deməkdir. Və, əslində, Qazan xan da çağı üçün anlayışı düz açır: «o bizə yetişəndə öldürür, biz də ona yetişəndə». Yeri gəlmişkən, Dədə Qorqud dastanlarının Girişində ayrıca bir parça var ki, sanki anlayışları düzgünləşdirir. Orada, məsələn, əsl «oğulun», əsl qadının necə olmasını göstərən açıqlamalar verilir. Əskilərdə oxşar olaraq Çində «adları düzəltmək nəzəriyyəsi» vardı, amacı adları, yəni əslində, anlayışları düzgünləşdirmək idi.

QIZIL VƏ GÖZƏLLİK

Bax, Avropa üçün bu anlayış məsələsini ilk dəfə Sokrat qoymuşdu. O, Kritabuldan soruşmuşdu ki, gözəllik nədir (yada salın «düşmən kimdir» sorusunu). Kritabul sualın anlayışı açmağa yönəldiyini qanmayıb qayıtmışdı ki, gözəl qız gözəllikdir… Sokrat isə onu qandırmaq üçün demişdi, mən sənə elə şey haqda soruşuram ki, onu nəyə artırsan, gözəl olar.

Əslində, bununla Sokrat demək istəmişdi ki, sən gözəllik anlayışına elə əlamətlər yığmalısan ki, nəyi bu əlamətlər biçiminə salsan, onu gözəlləşdirər.

Qızıl dişli adam

Kritabul isə qanmayıb qayıtmışdı: onda qızıl gözəllikdir, çünki nəyə artırsan, gözəlləşir. Sokrat o zaman Kritabulun bu deyimini boşa çıxarmışdı. Ancaq həmin boşa çıxmış deyimin bir «gerçəyi» vardı ki, bizə çağımızda olan bəzi olayları anladır.

Mənim 60-cı illərdən gülməli bir əhvalat yadımdadır: bir oğlan dişini naziltdirib qızıl taxmışdı ki, gözəl görünsün. Deməli, onun düşünüşü Kritabuldan uzağa getməmişdi: qızılı dişə taxmaq gözəlləşməkdir

O zaman balaca olduğum üçün qohum qadınların «həri» ilə bağlı söhbətini eşitmişdim. Elçi göndərən oğlanla bağlı soruşmuşdular ki, necə oğlandır? Demişdilər, əla, ağzı qızıl dişlə doludur. Afrikada dəmir qıtlığı olan qəbilələrdə qadınlar varın göstəricisi kimi, ayaqlarına ağır dəmir bilərziklər taxırdılar – deməli, orada nəyə dəmir artırsan, qəşəngləşərmiş.

Sözsüz, o çağkı azərilər (haçansa, niyə bu sözü işlətməyimi açacam) elə axmaq deyildilər ki, ellikcə dişləri qızıllaşdırma kampaniyasına keçsinlər. Ancaq o zaman özünə diş qoymalı olan adamın kədəri indikindən az idi, çünki əvəzində qızıl diş qoyub «yaraşıq» qazanırdı. İndi isə itkinin əvəzində gerçək diş aldanışını yaradan protez qoyur.

BU YAZININ HİKMƏTİ

Deməli, Sokratdan gələn «nəyə artırsan, gözəlləşdirər» deyimini qəlibləşdirsək, hamısı mədəniyyətdə işləyən bala qəliblər alarıq. Məsələn, belə variant: «nəyə artırsan ağıllı göstərər». Alim üzünün gözlüklə emblemləşməsi ona gətirib ki,

Vladimir Putin

kimə gözlük taxsan, bilgili, hətta ağıllı adam üzünü alır. Qara gözlük uzun illər mafiozların, gizli xidmətlərin maska göstəricisi olub, kim taxırdı, onlara oxşayırdı. İndi şou-biznesdə geniş yayılıb – mafiya və gizli xidmətlərdən şou-biznesə doğru gedən yolda nələr baş verib ki, qara gözlük rok, rep oxuyan qız və oğlanlara belə sevimli olub? Bunu araşdırmaq elə əsl kulturologiya deyilmi?!

Çağdaş mədəniyyətdə kişi şlyapası qoyan qızlar, dama-dama şalvar geyinən oğlanlar, sırğalı qulaqlar, tam qırxıq başlar, ağ kostyumlu oğlanlar hamısı özlərinə hansı emblemə çevrilmiş ulduzunsa geyimini, görüntüsünü taxıblar. Sanki həmin mexanizm yenə işləməkdədir: kimə artırsan, filan tip olur. Qloballaşma elə həm də budur. Ünlü ulduzların, alimlərin, yazarların, siyasətçilərin üzləri, saçları, gözlükləri, jestləri, yerişləri Sokratın söylədiyi halı yaradıb. Bir vaxtlar Maknamara gözlüyü (girdə çeşmək) yüz minlərlə adamı Amerika siyasətçisinin klonuna çevirmişdi. Nə qədər adam özünü Elvisin klonu etmişdi! Nə qədər gənc başlarına Bitlların saçını taxmışdı. Bu bazarda öz üzünü yaradanlar var, ancaq onlar azdırlar. Bu bazarda iki-üç insan görüntüsündən öz sifətlərini yaradanlar var, onlar bir az çoxdurlar. Bu bazarda bir də sevdiyi ünlü adamın klonuna çevrilmişlər var – bunlar çoxdurlar.

Yazdıqlarım tənqid üçün deyil, hərçənd kütləvi mədəniyyəti tənqid edənlərə arqument ola bilər. Yazdıqlarım «bizdə bu məsələ də var» rubrikası üçündür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir