Azərbaycan qazı üçün boruların mübarizəsi

Arxiv foto


Yadınızdadırsa, keçən il oktyabrın 1-də Dövlət Neft Şirkətinin (SOCAR) “Şah-dəniz”in “Mərhələ-2” layihəsi çərçivəsində çıxarılacaq və Avropa bazarında satılması planlaşdırılan qazın daşınmasına elan etdiyi beynəlxalq tender başa çatdı.

Məlum oldu ki, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün 3 boru kəməri şirkəti təklif verib. Bunlar – Nabucco, İTGİ (Yunanıstan-İtaliya) və TAP (Yunanıstan-Albaniya-İtaliya) qaz kəmərləri layihələri idi.

Eyni zamanda “Şah-dəniz” konsorsiumu iştirakçıları BP-nin başçılığı altında Cənub-Şərqi Avropa Kəməri (South East Europe Pipeline) layihəsi də irəli sürmüşdülər. Onlar istəyirdilər ki, əgər kommersiya baxımından hasilatçı şirkətlər və Azərbaycanın tələblərini ödəyəcək bir variant olmazsa, onda sözügedən layihənin potensialından istifadə edilsin.

İTGİ – “zəif bənd” elan olundu

“Şah-dəniz” layihəsi çərçivəsində yaradılmış Qaz ixrac qrupu ötən həftə keçirdiyi iclasında qərara gəlib ki, bundan sonra İTGİ layihəsi iştirakçıları ilə danışıqları davam etdirməsin. Qaz ixrac qrupunun təsisçiləri BP, Statoil, Total və SOCAR şirkətləridir, ancaq qrupa rəhbərliyi SOCAR həyata keçirir.

“Şah-dəniz” konsorsiumundan verilən məlumata görə danışıqların dayandırılması barədə qərar qəbul edilərkən, həmin boru kəmərinin Azərbaycan qazının Avropaya daşınmasına dair əvvəllər qəbul edilmiş meyarlara (kommersiya baxımından hasilatçı üçün, qazın sahibi olan ölkənin maraqlarının təmin edilməsi, yerli bazara rəqabətədavamlı qazın çıxarılması üçün daşıma təklifləri və sair) cavab verməsi prinsipi əsas götürülüb.

Bir sözlə, dörd ay yarım sürən çək-çevirdən sonra Azərbaycan tərəfi borular arasında ancaq “zəif bəndi” seçə bildi və bu meyara İTGİ tuş gəldi.

İTGİ niyə aradan çıxdı?

Burada hər hansı bir siyasi amili axtarmaq yersizdir. Çünki ortada sırf kommersiya məsələləri həllini tapmalıydı. Artıq Yunanıstanın Energetika və Ətraf Mühit Nazirliyi Afina xəbər agentliyinə şərhində boynuna alıb ki, bir qədər əvvəl Yunanıstan “Şah-dəniz” konsorsiumunun qərarı ilə qeyri-rəsmi qaydada xəbərdar edilmişdi. Bu zaman əsas səbəb kimi isə tranzit haqqının bahalılığı və “yunan riski” (ölkədəki qeyri stabillik) göstərilmişdi.

Nazirlik rəsmisi bildirib ki, İTGİ alınmasa da, rəsmi Afina hələ ümidsiz deyil, çünki digər layihə - TAP da Yunanıstan üzərindən keçir və çalışacaqlar ki, Azərbaycanla əməkdaşlığı gücləndirsinlər.
Hələ ortada 3 layihə var. Bu minvalla onun hərəsinin çıxdaş edilməsinə 5 ay sərf etsək, məntiqlə Azərbaycan qazını Avropaya çıxaracaq marşrut çətin ki, 2013-cü ilin mayından tez bəlli olsun.

Bunlar necə deyərlər, hər şeyin nədən ibarət olduğunu bir daha açıq-aydın göstərdi.

Bir şeyi əlavə etmək istərdim ki, rəsmi Afina tranzit məsələsində “iştahasını” həqiqətən cilovlaya bilməmişdi. Mənim danışıqlarda iştirak edən tərəflərdən əldə etdiyim məlumatlara görə, Yunanıstan onun ərazisindən keçəcək hər 1000 m3 qaz üçün Avropa ölkələrində tətbiq edildiyi kimi hər 100 km üçün tarif deyil, özünün arzuladığı bir rəqəm dilə gətirib və uzun müddət də dediyindən əl çəkməyib.

Yəni, Afina bunu onunla əsaslandırırmış ki, bəs, onun ərazisi kiçikdir, tranzitdən qazancı ona yetərli olmayacaq. Bu isə göründüyü kimi ona çox baha başa gəldi: istəyirdi çox qazansın, yarısına da yetmədi.

Nabucco West

Qaz ixrac qrupu bu arada Nabucco layihəsi iştirakçılarından maraqlı bir təklif alıb. Daha doğrusu, yenilənmiş layihə, hansının ki, adı da dəyişdirilərək Nabucco West qoyulub.

Onun mahiyyəti bundan ibarətdir ki, əvvəllər Nabucco başlanğıcını Türkiyənin şərqində götürməliydisə, indiki variantda borunun Türkiyə-Bolqarıstan sərhədindən başlanacağı qeyd olunur. Bundan sonra boru xətti əvvəlki marşrutla Avstriyanın qaz paylayıcı şəbəkəsi olan Baumqartenə qədər uzanacaq. Yəni, 3300 km. uzunluğu olan Nabucco təqribən 1200 km qısalaraq Nabucco West olmalıdır.
Məncə, dünyada hələ buna bənzər analoqu olan bir seçim sistemi olmayıb: qalibi elan etmək əvəzinə, axırdan sonuncunu üzə çıxarırlar.

BP şirkəti (“Şah-dəniz”in operatoru) layihənin bir qədər əvvəl təqdim olunduğunu və buna görə də onun bütün təfərrüatlarının Qaz ixrac qrupu tərəfindən detallı şəkildə öyrənilməli olduğunu vurğulayıb.

Əslində bu variant Trans Anadolunun Nabucco West ilə birləşdirilməsi deməkdir. Bunu isə fevralın əvvəlində Avropa Birliyi, daha doğrusu Enerji Komissarlığı nümayəndələri Münhen konfransı ərəfəsində mətbuata verdikləri bəyanatlarda dilə gətirirdilər. O zaman hətta bəzi mətbu orqanları bunu belə qiymətləndirmişdilər ki, AB bununla sanki “koma vəziyyətində olan Nabuccoya süni nəfəs verməkdə davam edir”. Ancaq indi görünür ki, müəyyən qədər “tərpəniş” var.

Qalib nə zaman bəlli olacaq?

Fikir verdinizmi, ötən ilin oktyabrından bu günədək Azərbaycan qazının Avropaya hansı marşrutla getməsi məsələsi hələ də həll olunmamış olaraq qalır. Bir neçə dəfə qalibin seçilməsi təxirə salındı və indi də elan edildi ki, boru kəmərləri arasında ən zəifi hansıdır.

Məncə, dünyada hələ buna bənzər analoqu olan bir seçim sistemi olmayıb: qalibi elan etmək əvəzinə, axırdan sonuncunu üzə çıxarırlar.

Hələ ortada 3 layihə var. Bu minvalla onun hərəsinin çıxdaş edilməsinə daha 5 ay sərf etsək, məntiqlə Azərbaycan qazını Avropaya çıxaracaq marşrut çətin ki, 2013-cü ilin mayından tez bəlli olsun.

Ancaq bir şey aydındır ki, qlobal layihələrdə, heç də hər şey kubmetrlərlə, diametrlərlə, kilometrlərlə ölçülmür. Bəzən heç qiymət də cəlbedici (əgər risk faktoru onu üstələyərsə) ola bilmir. Ona görə də məsələlərə daha dərindən və daha qlobal səpkidən yanaşmaq lazımdır, bu isə növbəti yazının mövzusudur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.