2012-ci ilin enerji gözləntiləri

Xəzərdə neft platforması

-

İnformasiya analizi


2011-ci ilin Azərbaycanın iqtisadı həyatında enerji baxımından necə zəngin hadisələrlə yadda qaldığını yazmışdıq. Nazirlər kabinetinin dövlət başçısı yanında keçirilən iclasından isə məlum oldu ki, ötən ildə neft sektoruna $4.3 mlrd sərmayə qoyulmuşdur. «BP-Azerbaijan» şirkətinin açıqlamalarına görə, 2011-ci ildə «Azəri-Çıraq-Günəşli» yataqları üzrə kapital qoyuluşu $1 mlrd 998 mln., «Şah-dəniz» qaz-kondensat yatağının işlənməsi üzrə yatırımlar $791.6 mln, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinə isə müvafiq olaraq $65.9 mln və $5.9 mln kapital qoyuluşu planlaşdırılmışdı. Üç rübün icrasına dair hesabata nəzər salsaq, görərik ki, illik göstəricilərin faktiki yerinə yetirilmə əmsalı yüksək olub.

Beləliklə, BP şirkətinin Azərbaycandakı layihələri üzrə əsaslı xərcləmələrinin ümumi məbləği $2 mlrd 861.4 mln təşkil edib. Yəni, yerdə qalan $1 mlrd 438.6 mln vəsait Dövlət Neft Şirkətinin və həmçinin hasilatla məşğul olan daha 12 müəssisənin (11 əməliyyat şirkətinin və 1 birgə müəssisənin) payına düşüb.

Əslində bu, həddindən çox aşağı bir rəqəmdir. Və bu gün quruda neft hasilatının azalmasının başlıca səbəbi də əməliyyat şirkətlərinin (əsasən də «Global Energy»nin nəzarətində olduğu yataqlarda) kapital qoyuluşu məsələsində real addımlar atmamasıdır. Neft hasilatı isə kapitalyüklü sahədir.

NEFT UCUZLAŞACAQMI?

Cari ilin dövlət büdcəsinin gəlirləri ixrac neftinin orta illik qiymətinin $80-dan hesablanması ilə proqnoz edilib. İl başlayandan neftin qiymətləri yüksək həddədir (yanvarın 17-ə qədər London birjasında «Brent» tipli neftin 1 barelinin orta qiyməti $112.25 təşkil edib). Ancaq bu, daha çox Fars körfəzi ətrafındakı siyasi gərginliklə bağlıdır. Yaxın zamanlarda İranın nüvə proqramı ilə bağlı məsələlərdə razılaşma əldə edilərsə, həmçinin, dünya iqtisadiyyatındakı böhran dərinləşməkdə davam edərsə, onda neftin ucuzlaşması qaçılmaz olacaqdır.

Ancaq mən güman etmirəm ki, neft yenidən 2008-ci ildəki tempdə (o zaman düşmə $39-a qədər davam etdi) ucuzlaşsın. Ona görə ki, dünyada bu proseslərə bir növ əvvəlcədən ciddi-cəhdlə hazırlıq gedir, ikincisi də nisbətən bahalı neft ilk növbədə Qərbin özünə xeyirlidir. Çünki artıq üçüncü dünya ölkələrinin «əli çatacağı» neft azalmaq üzrədir, dərin qatlardakı (8-9 km dərinlikdə) neftin texnoloji hasilatının «açarı» isə Qərb şirkətlərinə məxsusdur. Həmin açarla «sövdələşməyin» isə qiyməti get-gedə artır.

Bu baxımdan, hesab etmək olar ki, Azərbaycan büdcəsi yenə də ili profisitlə vurmağa şanslı olacaq və hökumət sadəcə büdcənin $22 mlrd-lıq xərc hissəsini «həzm etmək» problemi ilə üzləşəcək. Çünki indiyə qədər Azərbaycan tarixində bu qədər vəsaiti cəmi 1 ilə xərcləmək mümkün olmamışdı.

Foto: Arxiv

2012-Cİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR

Enerji sektorunda bu il yenə «qələbəlik» hökm sürməlidir. Təkcə 1-ci rübün sonuna qədər kifayət qədər mühüm əhəmiyyət kəsb edən hadisələr planlaşdırılır. Əvvəla, ilk addım kimi Trans-Anadolu Boru (TANAB) layihəsi çərçivəsində konsorsium yaradılmalıdır.

Onun təsisçiləri artıq müəyyən edilib: SOCAR (80% - operator), BOTAŞ (10%) və TPAO (10%). Bu şirkət təsis edilməli və əməli fəaliyyətə başlamalıdır. Fəaliyyəti kimi TANAB-ın texniki-iqtisadi əsaslandırılması ilə bağlı tender elan edilməli və qalib şirkətlə müqavilə bağlanmalıdır. Bu il həmçinin SOCAR TANAB-da pay almağa iddialı olan şirkətlərlə kommersiya danışıqlarına başlamalıdır və ola bilsin ki, cari ilin sonuna qədər öz payından müəyyən payın satılması ilə bağlı müqavilə də bağlandı.

SOCAR Amerika şirkətlərindən biri ilə Bakıda yeni üzən qazma qurğusunun tikintisinə dair müqavilə imzalamalıdır. Bu, çox vacib bir layihədir, çünki həmin qurğunun vasitəsilə «Abşeron» qaz yatağında ikinci kəşfiyyat quyusunun və sonrakı qiymətləndirmə quyularının, «Babək» yatağında kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Həmin qurğunun özəlliyi ondadır ki, onun vasitəsilə yüksəktəzyiqli laylarda qazma işlərini təhlükəsiz aparmaq mümkün olacaqdır.

Martın sonuna qədər Azərbaycan tərəfi «Mərhələ-2» layihəsi çərçivəsində çıxarılan və Avropa bazarı üçün nəzərdə tutulan qazın hansı marşrutla nəqlinə dair fikirlərini açıqlamalıdır. Yəni, TANAB vasitəsilə Türkiyə üzərindən keçən Azərbaycan qazı sonda Avropaya hansı kəmərlə daşınacaq: «Nabucco», TAP, ITGI və ya BP-nin təklif etdiyi 4-cü variant deyilən marşrutla?

Təbii ki, bunlardan sonra Azərbaycan hökuməti «Şah-dəniz»in «Mərhələ-2» layihəsini sanksiyalaşdırmalıdır. Yəni, hökumət «Şah-dəniz» layihəsi iştirakçılarının layihəyə yatıracağı sərmayələrin həcmini təsdiqləyir və onun PSA müqaviləsinin şərtlərinə uyğun olaraq (faizləri, mənfəəti də nəzərə alınmaqla) geri qaytarılmasına təminat verir. Bu proseduralar xarici şirkətlərin investisiya qoyması üçün

«Şah-dəniz» qaz-kondensat yatağı

başlıca şərtlərdəndir.

Aprel ayının sonu üçün «Azəri-Çıraq-Günəşli» blokunda «Dərinsulu Günəşli» platformasında hasilatın dayandırılması planlaşdırılıb. Bu, təqribən 30 günədək davam edəcək. Əsas məqsəd platformada bəzi texniki işlər aparmaq, onun təhlükəsizlik sisteminin daha müasir tələblərə cavab verməsini təmin etməkdir.

Mayın əvvəllərində isə SOCAR ilə Almaniyanın E.ON şirkəti arasında Bakı və Abşeronun qaz təsərrüfatının idarə edilməsinə dair hesabatın hazırlanması layihəsi başa çatmalıdır. Bu layihə əsasında 2013-ü ilin sonunadək Bakı və Abşeron yarımadasının qazpaylayıcı şəbəkəsinin tam modernləşdirilməsi nəzərdə tutulur.

Bu il həçminin yeni bir Hasilatın Pay Bölgüsü tipli sazişin imzalanması gözlənilir. Bu, SOCAR-la BP arasında bağlanmalıdır və "Azəri-Çıraq-Günəşli" yataqlarının dərin qatlarındakı qaz laylarının işlənməsini nəzərdə tutur. Güman edilir ki, orada ən azı 250 mlrd kubmetr çıxarıla biləcək qz ehtiyatı var.

İlin sonuna qədər isə "Azərenerji" ATSC Şirvan şəhərində potensial güçü 780 MVt olan yeni istilik elektrik stansiyasının istismara verilməsini planlaşdırır. Bununla da ölkənin elektrik enerji potensialı 8000 MVt-ı ötəcək (reallıqda tələbatımız 4800 MVt-dır). "Azərenerji" cari ildə həmçinin bir-neçə kiçik su elektrik stansiyasının (gücü 3-5 MVt cıvarında) istismara vermək niyyətindədir.

NƏTİCƏ


Ümumiyyətlə, 2012-ci ildə neft hasilatının ən yaxşı halda 46 mln ton civarında olması proqnozlaşdırılır. Neftin orta ixrac qiymətinin cari ildə $90-dək ucuzlaşmasını zənn etsək, onda Dövlət Neft Fonduna gələcək «mənfəət neftinin» miqdarı $17 mlrd-a yaxın olacaq. Bura digər daxilolmaları da əlavə etsək, onda dövlətin mənfəəti $18 mlrd-ı ötə bilər.

Bu ilin təsdiq edilmiş büdcəsinə görə isə, Neft Fondundan xərcləmələrin həcmi $13.4 mlrd səviyyəsindədir. Yəni, faktiki olaraq Neft fondunun daxilolmaları əsasən dövlət büdcəsi vasitəsilə xərclənir. Çox güman ki, 2014-cü il Neft Fondundan xərcləmələrin «pik» dövrü olacaq. Çünki sonra hasilatın yeni enişi başlanacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.