«Qıl körpüsü» ilə yerişdən

Niyazi Mehdi

Bu günlərdə «Dəyərlər» İnternet radiosu görkəmli alim Lütfi Zadənin müsahibəsi haqqında mənim düşüncələrimi soruşmuşdu. Sualları cavablandırdım. İndi isə fikirləşdim ki, orada söyləmədiyimi yazıya gətirim.

HEÇ DƏ HAMININ HƏZM EDƏ BİLMƏDİYİ SÖZ

Görünür, bizdə İlham Əliyevin idarəçiliyinə tam tənqidi yanaşanlarda onun Lütfi Zadə tərəfindən «işıqlı lider» adlandırılması ya şübhə, ya da hiddət doğurur. Mənə gələndə isə belə alimlərin sözlərini terapevtik qavramağa çalışıram. Nə mənada, onu anladım.

SİYASİ MƏDƏNİYYƏTİMİZİN ÖHDƏSİNDƏN GƏLMƏDİYİ PROBLEM

Məncə, Azərbaycanın bağımsızlıq çağındakı siyasi tarixinə ən ciddi əngəllərdən biri o olmuşdu ki, nifrət dolu düşmənçiliyi uyqar, sivilizasiyaya yaraşan rəqabətə transformasiya edə bilməmişik. Suverenlik uğrunda meydan çarpışmalarını yada salın: o zaman meydan liderləri kommunist liderləri xalq düşməni, satqınlar kimi ifşa edəndə uyğun olaraq belə danışmağa cürət etmiş qəhrəmanlar görkünü qazanmışdılar (bir çoxları doğrudan da qəhrəman idi). Beləcə, onlar kütlənin enerjisi ilə silahlanmış oldular. Sonralar Heydər Əliyev hakimiyyətə gələndə demokratiya mübarizləri bilincli ya bilincsiz əski silahdan istifadə etmək istədilər. Yəni yenə onları milli maraqların düşməni elan etdilər ki, kütlənin enerjisi ilə silahlansınlar və qəhrəmanlıq görkünü qazansınlar. Beləcə, nifrət dolu düşmənçilik indiyənəcən Azərbaycan siyasətinin «alın yazısına» çevrilib.

Sayğılı oxucu, bu tip məsələləri çözmək çox zordur, çünki konfrontasiya dərin olanda ya o tərəfin, ya bu tərəfin gözündə satqın, vasitəçilikdən çıxarı götürmək istəyən adam kimi görünürsən …sanki hər an sağa, ya sola yıxılacağın «qıl körpüsü» ilə yeriyirsən. İndi də məni bu qıl körpüsünün xofu basıb və dayanmaq istəyirəm. Ancaq problem varsa, onu düşünməliyik, dartışmalıyıq, axı!

MƏN ANLAYIRAM...

Mən anlayıram, müxalifətin haqlı olduğunu göstərməyə öz arqumentləri var. Mən bilirəm, indi hər iki tərəfin faktları var ki, biz filan vaxt əməkdaşlıq, bir masada oturub söhbətləşmək təklif etmişdik və s. Ancaq bu an mən haqlı-haqsız kateqoriyalarında düşünmək istəmirəm, çünki anlatmaq istədiklərimə əngəl olacaq. Demək istədiyim isə bir şeydir: fakt odur ki, Azərbaycan siyasi meydanında nifrət dolu düşmənçilik sürüb davam edir və hər tərəf biri az, biri çox özünə yeni əsgərlər toplayır. Yenə deyirəm, sanki yaxın tariximizdə bu düşmənçiliyə yol verməmək üçün nələrsə edilmiş, nələrsə deyilmişdi. Sovetlər dağılanda nazirlərin sözü vardı, «biz də bu xalqın övladıyıq». Cəbhə hakimiyyəti isə vəzifələrdə xeyli Sovet məmurlarını saxlamışdı. Ancaq fakt budur ki, Azərbaycan mənəviyyatı və siyasi mədəniyyəti nifrət düşmənçiliyini uyqar siyasi konfliktə transformasiya edə bilmədi və ona görə də belə qorxunc biçim alıb: sağda və solda düşmən cəbhəsi düzülüb, ortada olanlar isə qorxaqlar, ikiüzlülər, vasitəçilikdən qazanmaq istəyənlər kimi görünürlər.

Kiçik yazıda bu durumla bağlı çalarlı keçidləri demək olmur. Ancaq faktdır ki, siyasi mənzərəmizdə bu görünüş var və bir tayda dövlətin resurslarını özünə güc edə bilmiş partiyanın acıq verən sözləri, o biri tayda isə məğlub siyasilərin pərt, məyus üzləri.

Mən anlayıram ki, nə bir sözlə, nə bir gedişlə Azərbaycanda nifrətli düşmənçiliyi siyasi yarışa transformasiya etmək olmazdı. Bunu bizdə heç Avropa Şurası, Avropa Birliyi, ABŞ-də bacarmadısa, hansımız bacarardıq?! Bunun üçün transformasiyanın infrastrukturları, institual mexanizmləri olmalıydı, olmadı!

BƏS NƏ OLSUN?

Ancaq bu da faktdır ki, hal-hazırda dediyim düşmənçilik sürüb gedir. Ona görə də Zeynal Məmmədli Anara qəzəblilərin qəzəbinə su səpmək istəyəndə pis olur.. Ona görə də yabançı gəlib Bakının yeni gözəlliyinə heyran olanda «yox elə deyil» demək istəyirsən. Ona görə də Lütfizadənin tərifini həzm edə bilmirik. Bu an mən «kim haqlı, kim haqsız» məsələsini qoymuram. Mən «nə haldayıq» məsələsini qoyuram. Bir də demək istəyirəm ki, bu halımıza görə də yaşamaq Azərbaycan mənəviyyatının «burnundan gəlir». Sonda istəyirəm özümə elə söz deyim ki, yazdıqlarımdan utanmayım və bu zaman Azər Qaraçənlinin düşüncəsi bir az da olsa, hayıma çatır: - «Cəmiyyəti qızışdırmadan da onu azadlığa doğru yönəltmək olar» (Bax: «Azadlıq nitqləri». B.: Qanun, 2010, s.8).