Qayıdış… Dilimiz necə dövlət dili oldu?

Azərbaycan SSR Ali Sovetinin iclası. 1956

Düz 50 il öncə -1959-cu il iyunun 16-da Bakıda Azərbaycan KP MK-nın 8-ci plenumu öz işinə başladı. Bu plenumun bir özəlliyi vardı. Sov.İKP MK-nın Rəyasət Heyətinin qərarıyla MK-nın məsul işçilərindən ibarət böyük yoxlama komissiyası (26 nəfər) plenumda iştirak edirdi. Yoxlama komissiyası Bakıda uzun müddət qalmalı oldu və onsuz da isti olan Bakı yayını daha da dözülməz etdi. Moskva bu qədər geniş komissiyanı Bakıya niyə göndərmişdi? Azərbaycan Kommunist Partiyası hansı suçun sahibiydi ki, bu cür «diqqətə» layiq görülmüşdü?

1956 və 1959-cu illərin isti Bakı yayı

Bu sualların cavabını öyrənməkdən ötrü 50-ci illər Bakısının, təbii ki, həm də Azərbaycanın özəlliklərini sadalamaq gərəkdir. Bir az sonra bunlarla da tanış olacaqsınız. Hələlik komissiyanın araşdırdığı məsələləri nəzərinizə çatdırmağı özümə borc bilirəm:
1956-cı ilin avqustunda qəbul edilmiş «Dövlət dili haqqında» qanun və onun tətbiqi ilə bağlı məsələlər, Azərbaycan KP-nin tarixinin yazılmasında baş vermiş «əyintilər», ölkədə millətçiliyin güclənməsi ilə bağlı başqa millətlərin Moskvaya göndərdiyi müraciətlər, 1959-cu ildə rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun…

Azərbaycan rəhbərliyi xof içindəydi

Onlar komissiyanın nələri araşdırdığını bilmirdilər. Bütün məsələlər Azərbaycan rəhbərliyindən gizli saxlanılırdı. Ancaq təxmin etmək mümkün idi və edirdilər də. Uzağa getməyə gərək yoxdu. Gözü çıxan qardaş göz önündəydi: martda Özbəkistanda keçirilmiş yoxlamalar birinci katib Sabir Kamalovu Şərəf Rəşidovla əvəzləmişdi.
Hə, bir vacib xatırlatma: O dövrdə Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev, Nazirlər Sovetinin sədri Şəmsi Rəhimov, Ali Sovetin sədri Mirzə İbrahimov idi. Sonuncu bir il öncə Rəyasət Heyətin sədrliyindən uzaqlaşdırılmışdı. Bu qabaqlayıcı tədbir idi. Ölkədə Stalinin ölümündən, Mircəfər Bağırovun mühakiməsindən sonra başlayan milli oyanışı və onun doğurduğu nəticələri kiminsə üstünə yıxmaq gərək idi. Bu şəxs Mirzə müəllimdən başqa kim ola bilərdi ki?...

Üzdə plenumun mövzusunda qeyri-adi heç nə yox idi

Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimov
Sov.İKP MK-nın qəbul etdiyi «Stalin vilayəti zəhmətkeşləri arasında kütləvi-siyasi işin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında»-müzakirə edilən məsələ bu olmalıydı. Ancaq məruzəçi - MK katibi Abdulla Bayramov bir az ümumi məsələlərdən danışıb, sözü Mirzə İbrahimovun 3 il (!) öncə «Kommunist» qəzetində çıxmış «Azərbaycan dili dövlət idarələrində» məqaləsinin üstünə gətirdi! Və başladı, nə başladı! Yəni özünüqoruma instinkti həmən işə düşdü! Məruzəçi söylədi ki, M.İbrahimov büro üzvü olsa da, məqaləni büronun razılığını almadan çap etdirib. Büronun müzakirəsindən 3 ay sonra həmin məqaləni təkrar kitabına salıb və «gənclərin və zəhmətkeşlərin tərbiyəsi işinə çox böyük ziyan vurub».

Plenumda ara qarışdı

Stalin vilayətiylə bağlı məsələ qaldı bir qıraqda. Hamı düşdü Mirzə İbrahimovun üstünə. İşi belə görən Mirzə müəllim ona atılan daşın hansı pəncərədən gəldiyini anladı və cavab zərbəsini həmən vurmaq qərarına gəldi.
Əziz oxucum! Mən burda plenumda baş verən qızğın söhbətləri müvəqqəti kəsmək qərarına gəldim. Hələlik sizi 50-ci illər Bakısına ekskurs etməyə çağırıram. Görək «mehriban diyar»ımız necə yaşayırdı, nəylə yaşayırdı, o dövrün mahnılarında öyülənlərə layiq idimi?

«Mən sizin fransızcanı anlamıram»

Bakı «beynəlmiləl» şəhər idi. Bu adı güclə yazıb yapışdırmışdılar yazıq Bakının üstünə. O belə olmağa məcbur idi, hətta deyərdim ki, borclu idi. Birincisi, əhalisinin say tərkibinə görə (62% qeyri-azərbaycanlı idi), ikincisi, danışıq dilinə görə. Bakının dili rus diliydi. İdarə və müəssisələrdə çalışanların çoxu qeyri millətlər idi. Bütün yazışmalar rus dilində aparılırdı. Məzuniyyətə çıxmaq üçün ərizə də imperiyanın dilində yazılmalıydı. Bir misal. Azərbaycanca ərizə gətirən bir işçiyə başqa millətdən olan mühasibin cavabı belə olmuşdu: Mən sizin fransızcanı anlamıram!

«Siz mənim ağ saçımdan utanın, ey yuxarıda oturanlar!»

Ölkənin rayon və kəndlərindən dövlət idarələrinə yazılan şikayət məktublarına, müraciətlərə isə heç baxan da yox idi. 1955-ci ildə dövlət rəhbərlərinə yazılmış anonim məktubda tələb olunurdu ki, inqilabdan 35 il sonra Azərbaycanda heç olmasa bir idarə göstərin ki, yazı işləri ana dilində olsun. Məktub müəllifi «Əziz və hörmətli yoldaş İmam» - deyə üz tutduğu İmam Mustafayeva Bakı şəhər İcraiyyə Komitəsi sədrinin qəbul otağında gördüyü bir haqsızlığı da çatdırırdı. Ağ saçlı, yaşlı bir ana sədrin qəbuluna öz dilində ərizə gətirib. Ondan ərizəni rusca yazmasını tələb ediblər. O qədər süründürüblər ki, axırda qadın üzünü göyə tutub, ağlaya-ağlaya allahdan imdad diləyib ki, «Allahım! Azərbaycan xalqı əzilib, tapdanıb, acından ölür. Ey yuxarıda oturan rəhbərlər, siz mənim ağ saçımdan utanın, ana dilində ərizəmi qəbul etmirlər...»

DTK bir il çalışıb anonim məktubun müəllifini tapdı. Bu, Bakı şəhər sakini təqaüdçü Cəfərov Bəhmən Kazım oğlu idi. Ruhu şad olsun Bəhmən müəllimin. Məktubun sonunda lap irəli getmişdi. Tələb etmişdi ki, Ali Sovetə Seçkilər başa çatana kimi (1955, 6 mart), bütün idarə və müəssisələrin ana dilində işləməsini təmin etsinlər!

Leninə «Unudulmaz məktubun» sahibi kim idi?
Daha bir misal. Yenə həmin il anonim müəllifin yazdığı bir şeir DTK tərəfindən aşkarlanıb, İmam Mustafayevə göndərilmişdi:
Unudulmaz məktub...

Möhtərəm Lenindən qalmış yadigar
Fəhlə və kəndli partiyamız var.
Partiya dərs verir, oxudur bizi
Həyatda görmürük oxuduğumuzu.
Belənçik azadlıq istəmirik biz,
İtdən də pis keçir bizim günümüz...

Ən gülməlisi, bu şeirin adının «Unudulmaz məktub» olmasıydı. Elə DTK da məktubu unutmadı. «Şeiri» yazanın Bakı sakini Əliyev Fazil Baba oğlu olduğunu aydınlaşdırdı...
Həmin dövrdə Bakıda antisovet vərəqələr də yayılmağa başlamışdı. Məsələn, Cəfər Cabbarlı küçəsində aşkarlanmış bir vərəqədə: «Əgər Bakı nefti Rusiyaya daşınmasa, biz milyonçu olarıq. Sarılar bizim... nəyimiz varsa əlimizdən alırlar. Ruslardan xilas olun! Qorxmayın. Yaşasın Türkiyə!» yazılmışdı. Bu vərəqələr şəhərin bir neçə yerinə, hətta Sumqayıtda işıq dirəklərinə də vurulmuşdu. Onu yazanı da tapdılar. Rzayev Kamil Xəlil oğlu dülgər şagirdiymiş (!). Kamilə 6 il iş verdilər...

Bax belə! Bakıda 50-ci illərdəki əhval-ruhiyyəni az da olsa verməyə çalışdım. Daha geniş bilgi almaq istəyənlər, tarixçi-alim Cəmil Həsənlinin ötən il çapdan çıxmış «Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar. 1954-1959» kitabını tapıb oxusunlar. Kitab çıxandan sonra Cəmil müəllim «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olmuşdu. Və biz düz bir saat o dövrlə bağlı söhbət aparmışdıq. Demək istədiyim odur ki, həftə boyu milli oyanış dövrünün özəlliklərini sizə açmağa çalışacağam. Elə isə ikinci yazıda nələri öyrənəcəksiniz:

-O dövr Azərbaycanının rəhbərlərindən olan Mirzə İbrahimovun «Azərbaycan dili» məqaləsində nə vardı ki, qeyri-azərbaycanlıları cin atına mindirmişdi? Məqalə hansı imzayla verilmişdi?

-Sovetlərdə hansı respublikaların Konstitusiyasında dövlət dili öz dilləriydi?

-Azərbaycan 1956-cı ildə ana dilimizi dövlət dili etməyi necə bacardı? Bu tarixi olaya görə kimə (kimlərə) borcluyuq?

-Və nəhayət, ötən əsrin ortalarında Azərbaycanda başlayan milli oyanış nədən qaynaqlanırdı? Sovet rəhbərləri Azərbaycanda gedən bu oyanışa necə yanaşırdılar?
Di, salamat qalın. Tariximizin ən maraqlı dövründə yenidən görüşmək ümidiylə!