Keçid linkləri

Təcili xəbərlər

İlhamə xanımın ilhamı...


İlhamə Quliyeva
İlhamə Quliyeva

►Bu şəhərdən çıxıb gedə bilərsən...

Həyat çox amansızdır, İlhamə xanım...

Heç kəsə acımır, heç kəsə sonadək ayrıcalıqlar tanımır, heç kəsə rəhm etmir.

Amma siz - gözəl müğənni İlhamə Quliyeva bununla barışmaq istəmirdiniz.

Həyatı öz istədiyiniz kimi idarə etmək keçirdi könlünüzdən.

Niyə? Nə üçün? Nədən?

Bu, 20-li yaşlarda da beləydi, 60-lı yaşlarda da, İlhamə xanım...70-li yaşlarda da.

SİZ - XANIM-XATIN TÜKƏZBAN İSMAYILOVANIN QIZIYDINIZ...

Siz adlı-sanlı bir aillədə doğulmuşdunuz.

Xanəndə Tükəzban xanımın qızıydınız.

Ünlü tarçalan Həbib Bayramov atalığınızdı...

Xoş səsiniz, xoş görünüşünüz vardı. Hətta universitet təhsili almışdınız.

Belə çıxır, Yaxşı adam olmaq üçün ətrafda hər cür imkan vardı.

Amma Siz Yaxşı adam ola bilmədiniz, İlhamə xanım.

Gözəl müğənni olmaq hələ Yaxşı adam olmaq demək deyil ki?..

FORUMDA FİKRİNİ DE - AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNİN PRİMADONNASI KİMDİR?

TV EKRANLARINDAN ÇƏKİLƏN ADLAR...

Siz bu yalançı dünyadan nə istəyirdiniz, İlhamə xanım?

Axı dünya Sizdən heç nəyi əsirgəməmişdi.

Siz bu yalançı dünyadan nə istəyirdiniz, İlhamə xanım?

Hətta zahiri gözəlliyi - boyu-buxunu da...

Nədən daha çox istəyir, daha böyük tələblər qoyurdunuz.

Nədən tez-tez TV ekranlarından rəhbərlərin adını çəkir, onlarla yaxın olduğunuzu vurğulamaq istəyir, kiməsə nəsə eşitdirmək istəyirdiniz? (Ardı aşağıda)

Sizin nəyə ehtiyacınız vardı ki?

Şöhrət yarım əsrdi Sizinlə birgə addımlayırdı!

Bu yaşda - yetmişli yaşlarda olan ünlü müğənniyə daha nə lazım idi ki?

Yəqin ki, Prezident təqaüdü alırdınız.

Yəqin ki, dolanışığınız pis deyildi.

Düzdür, bir başqa normal ölkədə yaşasaydınız, indi nə qədər yatırınız olardı...

Ahıl yaşlarında kimləsə əyişib, məhkəmə çəkişməsindən para ummazdınız.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

KİM LAYİQ OLDUĞU HƏYATI YAŞAYIR?

Amma bu gözəlim ölkədə kim layiq olduğu həyatı yaşayır ki, İlhamə xanım?

Dünyada qalanları demirəm, dünyadan köçən sənətçiləri sadalayım: Telman Adıgözəlov, İlham Əsgərov, Xanım Qafarova, Azər Mirzəyev, Ələsgər Məmmədoğlu...

Siyahını artırımmı?

Yox?!

Aydındır...

Odur ki, aşıb-daşan ilhamınızı bir az cilovlasaydınız, İlhamə xanım...

Bir az daha müdrik, daha tədbirli, daha sanballı olsaydınız...

TACLI KRALİÇA!

Sizinlə ancaq bir dəfə--AzadlıqRadiosunun canlı efirinə qoşularkən söhbətləşdik. Prodüserə dediniz ki, aparıcı məni “taclı kraliça” deyə təqdim etməsə, telefonu asacam. Mən də qısa zaman kəsiyində...

Sizinlə ancaq bir dəfə -- AzadlıqRadiosu-nun canlı efirinə qoşularkən söhbətləşdik.

Prodüserə dediniz ki, aparıcı məni «taclı kraliça» deyə təqdim etməsə, telefonu asacam.

Mən də qısa zaman kəsiyində qərar verməyə məcbur oldum və Sizi istədiyiniz kimi təqdim etdim...

Buna gərək vardımı?..

O qədər gözəl nəğmələrin müəllifinin belə qurama adlara nə ehtiyacı vardı?!

Məncə, əsas məsələ sizin ilhamınızın aşıb-daşmasındaydı.

Siz dünyanı qucaqlamaq, hər şeyə sahib olmaq istəyirdiniz.

Buna nail olmayanda, ətrafınızdakı uğurlu müğənnilərə daş atırdınız.

Və bu yolda.. dövlətə güvənirdiniz...

GÜVƏNDİYİNİZ DAĞLARA QAR YAĞDI...

Amma son hadisə göstərdi ki, güvəndiyimiz dağlara doğrudan da qar yağırmış, İlhamə xanım.

Sizin ölümünüzün səbəbi də bax budur - güvəndiyiniz dağlara yağan qar...

Yoxsa ki, Flora xanımı yarım əsrdir ki, yerdən-yerə vurur, hətta son vaxtlar 150 manatlıq pensiya pulundan məhkəmə vasitəsilə 50 manat tutdururdunuz...

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Nazpəri xanımdan nə qədər birdəfəlik para qazandınız... Deyəsən 25 min manat. Guya uşaq evinə köçürəcəydiniz..

Elza Seyidcahanı yıxıb sürüdüz...

Aygün xanımı...

Yox, yetər!

«Ölünün dalınca danışmazlar» - deyib ulularımılz.

Bilmirəm, İlhamə xanımı vəsiyyət etdiyi kimi qoz ağacından hazırlanmış krujevalı tabutda dəfn edəcəklərmi?!

Həddi aşdım!

Burda yazını bitirirəm.

«BU ŞƏHƏRDƏN ÇIXIB GEDƏ BİLƏRSƏN...»

Bilmirəm, İlhamə xanımı vəsiyyət etdiyi kimi qoz ağacından hazırlanmış krujevalı tabutda dəfn edəcəklərmi?! (Ardı aşağıda)

Ancaq bir neçə il öncə Sakıp Sabançı-ya bir corabla dəfn olunmağa izn verməmişdilər.

Sultan Süleyman son mənzilə yollanarkən sağ əlinin tabutdan çıxmasını arzulamışdı ki, görsünlər «cahan sultanı» dünyadan heç nə aparmır...

Ramiz Rövşən son günündə heç nə yox-bir qara paltarlı qadının onu oxşayıb ağlamasını istəmişdi.

Görürsünüzmü, insan necə zəif məxluqmuş, İlhamə xanım?!

Ruhunuz şad olsun!

Özünüz oxuduğunuz kimi, «Bu şəhərdən çıxıb gedə bilərsən...»

Ancaq... gözəl nəğmələriniz həmişə bizimlə olacaq!

(yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Ən son yazılan

XS
SM
MD
LG