Keçid linkləri

Təcili xəbərlər

LONDON 2012: Olimpiada qurtardı, qalmaqallar qalır


Arxiv foto: Azərbaycan idmançıları 30-cu London olimpiadasının açılışında. 27 iyul 2012
Arxiv foto: Azərbaycan idmançıları 30-cu London olimpiadasının açılışında. 27 iyul 2012
-
PREZİDENTİN ŞAPALAĞINDAN XİLAS OLDULAR

London Yay Olimpiya Oyunları son saatlarında Azərbaycan üçün yaxşı qurtardı.
İki qızıl medal da daxil olmaqla, ümumilikdə 10 medal qazanıldı.

Olimpiya oyunları Azərbaycanda Olimpiadaya cavabdeh rəsmilər üçün də pis qurtarmadı, demək olar.

Ümid etmək olar ki, onlar Prezidentin qəzəb və tənəsindən xilas ola bilməsələr də, ən azı şapalağından xilas oldular.

Lakin məsələ burasındadır ki, Olimpiada qurtarsa da, qalmaqallar qalır.

Prezident İlham Əliyev olimpiadaya gedən Azərbaycan idmançıları arasında.
Prezident İlham Əliyev olimpiadaya gedən Azərbaycan idmançıları arasında.
AİBA və BBC arasında çəkişmə keyfiyytcə yeni mərhələyə qədəm qoyur. Məlum olduğu kimi Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycandan rüşvət aldığı barədə iddialarla əlaqədar BBC-ni məhkəməyə verəcəyini bildirib.

Bu iddiların rədd edilməsi üçün AİBA ilə yanaşı vaxtilə xüsusi araşdrrma qrupu yaratmış Beynəlxalq Olimpiya Komitəsi (İOC) yeni bəyanat yayıb ki, o, BBC-AİBA qarşıdurmasına qoşulmayacaq.

Bu, bir sıra təhlilçilərin fikrincə, tamamilə gözlənilən addım idi.

Çünki London Yay Olimpiadasında boks üzrə yarışlarla bağlı o qədər xoşagəlməz və qanqaraldıcı iddialar səsləndirilib ki, Beynəlxalq Olimpiya Komitəsi sadəcə olaraq bu cəncələ bulaşmaq istəməyib.

Ekspertlər bunu da bildirirlər ki, AİBA-nın BBC-ni məhkəməyə vermək iddiası da reallaşmaya bilər. Yəni AİBA-nın özü bunda maraqlı deyil.

Kimin xeyrinə qurtaracağından asılı olmayaraq məhkəmədə daha sərt iddialar səsləndirilə bilər.

Ekspertlər düşünürlər ki, AİBA daha çox bu tozanağın yatmasında və unudulmasında maraqlıdır.

Lakin “tozanağın” iddia edilən məbləği (10 milyon dollar) o qədər böyükdür ki, onun çökməsi hələ bir xeyli vaxt aparacaq.

London Olimpiadası ən çox boks yarışları ilə bağlı qalmaqallarla yadda qalacaq.
Bir çox boks ekspertləri və azarkeşləri London Olimpiadasındakı boks yarışlarında baş verənləri “ürəkbulandıran” adlandırırlar.

Onlardan bəziləri iddia edirlər ki, boks “cığallığa” ən geniş qucaq açan yarış növü olub.
Ekspertlərin fikrincə, boks yarışlarında tətbiq olunan xalhesablama sistemi tamamilə ədalətsizdir.

Başqa bir problem isə ekspertlərin AİBA-nı həvəskar boksu öldürüb, onu peşəkar boksla birləşdirmək cəhdləri barədə səsləndirdikləri ittihamdır.

Britaniya mətbuatı yazır ki, AİBA artıq öz adındakı “həvəskar” sözünü də bilərəkdən dövriyyədən çıxarır.

“CIR XORUZLAR” VƏ MƏĞLUB “QARTALLAR”

Yeri gəlmişkən AİBA-nın terminologiyası da izahı asan olmayan mövzulardandır. Bu hər şeydən əvvəl çəki kateqoriyalarının adları ilə bağlıdır.

Söhbət agır çəkili boksçulardan gedəndə, heç bir problem ortaya çıxmır. “Ən agırçəkili” kateqoriya ingiliscə “superheavyweight”, “ağırçəkili” kateqoriya isə “heavyweight” adlandırılır.

Lakin elə ki, söhbət yüngül və ən yüngül kateqoriyalardan gedir, terminologiya sadəcə təbəssüm doğurur.

Yüngül çəkili boksçuların kateqoriyası “bantamweight” adlanır.

Bantam toyuqların və elə xoruzların da cır və ya cırtdan növünün adıdır.

Deyilənə görə, onları İngilis gəmiçiləri ilk dəfə İndoneziyanın Banten adlı qəsəbəsində görüblər.
56 kq. çəki dərəcəsində yarışan boksçular: İrlandiyalı John Joe Nevin (sağda) və qazaxıstanlı Knat Abutalipov, London, 1 avqust 2012
56 kq. çəki dərəcəsində yarışan boksçular: İrlandiyalı John Joe Nevin (sağda) və qazaxıstanlı Knat Abutalipov, London, 1 avqust 2012

Dənizçilər bu quşları çox xoşlayıblar, çünki onlara həm çox kiçik məkan, çox da kiçik yem kafi idi.

Beləliklə, Bantam toyuqları və xoruzları Avropaya gətirilib.

Bantam xoruzları adi xoruzlardan fərqli olaraq daha çox “xoruzlanırlar”. Yəni aqressivdirlər.


Qədim ingilis bantam xoruzlarından bütün Avropa boyunca “xoruz döyüşlərində” istifadə olunarmış.

Deməli, gəlib çıxdıq mətləb üstünə.

Bu cır xoruzların döyüşmək həvəsi onların adının həvəskar boks yarışlarında çəki katerqoriyası kimi damğalanmasına səbəb olub.


Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, bu terminologiya AİBA-nındır və bizimlə heç bir əlaqəsi yoxdur.

Maraqlıdır ki, Amerikada bu quşları lağlağı ilə “Banty” adlandırırlar və deyirlər ki, cır xoruzların özlərini çəkilərindən xeyli yuxarı aparmaları çox komik görünür.

Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, bu terminologiya AİBA-nındır və bizimlə heç bir əlaqəsi yoxdur.

Maraqlıdır ki, Amerikada bu quşları lağlağı ilə “Banty” adlandırırlar və deyirlər ki, cır xoruzların özlərini çəkilərindən xeyli yuxarı aparmaları çox komik görünür.
Bax indi gəldik əsl mətləb üstünə.

KOMİZM VƏ TRAGİZM

Azərbaycan olimpiya millisinin adıçəkilən çəki kateqoriyasında döyüşən boksçusunun – Məhəmməd Əbdülhəmidovun yaponiyalı Satoshi Shimizu ilə matçda qalib gəlməsini, sonra bu qələbənin onun əlindən alınmasını və Türkmənistanlı referi İşanqulu Meretniyazovun Olimpiadadan qovulmasını dünyanın bir çox agentlikləri, qəzetləri və telekanalları məhz “komik” sözü ilə izah ediblər.

Lakin hadisələrin sonrakı gedişatı göstərdi ki, bu “komik insident” Azərbaycan boksçuları üçün çox “tragik” nəticələrə səbəb oldu.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev.

Çünki məhz bu matçdan sonra Azərbaycan və AİBA arasında Olimpiya Oyunlarından əvvəl baş verdiyi iddia olunan rüşvət qalmaqalı bir daha yada düşdü və daha da alovlandırdı.

AİBA bu iddiaları ilk dəfə dilə gətirən BBC-ni məhkəməyə verməklə hədələyəndən sonra Azərbaycan Boks Federasiyasının vise-prezidenti Ağacan Abiyev AzadlıqRadiousna müsahibəsində dedi ki, “AIBA özünü BBC qarşısında təmizə, saflığa çıxarmaq üçün belə bir addım atdı”.

Maraqlıdır ki, Ağacan müəllimin bu iddiasını Azərbaycanın bir çox idman ekspertləri və azarkeşləri bölüşürlər.

Onların fikrincə, Azərbaycan boksçularına qarşı ədalətsizlik məhz BBC həmin qalmaqallı verilişi ikinci dəfə efirə buraxdıqdan sonra baş verdi.

Azərbaycanın boks azarkeşləri Ağacan müəllimin AzadlıqRadiosuna müsahibəsinin bu məqamını da bölüşürlər:

“Teymur Məmmədov tam udmuşdu. İki dəfə italiyalı boksçunu nokauta saldı, amma qələbəni götürüb verdilər uduzan italiyalı boksçuya. Elə şey olar? Teymur iki raundu qələbə ilə başa vurdu, amma ona götürüb iki xal verirlər. Dəlixanadır da bura”.

Bir çoxları bu qənaətdədirlər ki, AİBA-nın öz terminologiyasını davam etdirsək, “qartal” çəki kateqoriyasındakı oyunların nəticəsinə “cır xoruz” kateqoriyasında baş verənlər təsir etdi.

Hərçənd qartal hazırda həvəskar boksda nüfuzlu olan Uzaq Şərqdə Avropada, Amerikada və qoca Qafqazda malik olduğu nüfuza malik deyil.

Və təbiidir ki, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun Azərbaycan bokçusçu Teymur Məmmədovun yarımfinalda məğlub olması ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Wu Ching-kuo'ya yazılı etirazı cavabsız qaldı.

Hər halda italiyanlar ağlar qalan və prezidenti Olimpiadanın heç kandarına buraxılmayan Belarus deyildilər.

CAVAB SUAL DOĞURANDA

Maraqlısı budur ki, bu qanqaraçılıqdan sonra Azərbaycan rəsmiləri daha dolaşıq bəyanatlar verməyə başladılar.

Azərbaycan Boks Fedrasiyasının vise-prezidenti Ağacan Abiyev AzadlıqRadiousna müsahibəsində belə deyib: “Bununla da AIBA göstərmək istəyir ki, Azərbaycanla onların arasında heç bir yaxınlıq olmayıb və yoxdur da. Burda nə elədilər ancaq Azərbaycanın əleyhinə elədilər”.

Əslində, AİBA Azərbaycanla onun arasında heç bir korrupsiya əlaqəsinin olmadığını bəyan edib. Buna isə rəsmi Bakı yalnız sevinməlidir.

Ağacan Abiyev AİBA-nın BBC-ni məhkəməyə vermək hədəsi ilə bağlı suala həmin müsahibədə belə cavab verib: “Nə məhkəməyə vermək. BBC-yə elə AIBA-nın özü deyib hər şeyi”.

“Hər şeyi” təbii olaraq “nəyi” sualını ortaya çıxarır.

Bax, bu “nəyi” sualı çox böyük bir ehtimalla Britaniya Femidasının məclisində də cavabını tapmayacaq.

Dünyanın ən rahat baş verən, lakin ən çətin isbat olunan cinayəti korrupsiyadır. Çünki bu cinayətdə hər iki tərəf əlbirdir.

Yeri gəlmişkən, həvəskar boksda “Bantam” çəkisindən də yüngül kateqoriya var. Ona ingiliscə “flyweight” deyirlər. Yəni “milçək” çəki kateqoriyası.

Bundan da yüngülü var “Miniflyweight” – yəni “mini milçək” çəki kateqoriyası. Mığmığa da demək olar. Amma hələ ki, milçəklə kifayətlənək.

Azərbaycanlılarda da yaxşı bir söz var: “milçək murdar deyil, amma könül bulandırır”.
Başqa bir söz də var: “Kişinin adı çıxınca, canı çıxsa, yaxşıdır”.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG