Keçid linkləri

Təcili xəbərlər

London-2012: Olimpiadadan sonra ikinci baş xəbər


Bashar al-Assad
Bashar al-Assad
Bu günlər Britaniya mediasında baş xəbər, əlbəttə ki, Olimpiadadır. Lakin həftələrdir dəyişməyən ikinci xəbər başlığı da var. Söhbət Suriyadan gedir və çox böyük bir ehtimalla Olimpiadanın işıqları sönən kimi bu, baş xəbər olacaq.

Maraqlısı budur ki, Suriyada son günlər müxalifətlə hakimiyyət arasında gedən qanlı vuruşmalar, Misirdə və ya Liviyada baş verənlərin həyəcanını gətirmir.

Əvəzində Britaniya qəzetləri ən «adi bir qayınata» haqqında yazılar dərc edir.

«The Daily Mail» qəzeti yazır ki, əynində bahalı kostyum və əlində sakvoyaj olan Doktor Fawas Akhras Londonun küçələrində adi bir piyadaya bənzəsə də, adi bir piyada deyil.

Onun qızı Asma Suriya prezidenti Bashar Al-Assadin həyat yoldaşıdır.

ADİ CƏRRAH VƏ QAYINATA OLARAQ QALSAYDI

Əslində Britaniya qəzetləri bu yaşlı kardioloqun şəxsiyyətinə bu cür diqqət göstərməyə də bilərdilər.

Bashar al-Assad və həyat yoldaşı Asma
Bashar al-Assad və həyat yoldaşı Asma
Əgər o, adi bir cərrah və qayınata olaraq qalsaydı.

Lakin Suriya prezidentinin qayınatası kürəkəninin fəal müdafiəçisidir və bununla da özünü Britaniya mətbuatının qəhrəmanına çevirib.

Britaniya mətbuatına qayınatanın kürəkəninə minlərlə məxfi emaillərinin mətnləri sızıb.

Məsələn, qayınata kürəkəninə yazır ki, BMT-nin qətnamələrindən çox da narahat olmasın.

Britaniya mətbuatına müsahibəsində doktor Fawas Akhras, Suriyada baş verənləri London talanları ilə müqayisə edir.

O deyir ki, Baş nazir David Cameron o vaxt bildirmişdi ki, yeri gələrsə, qoşunlardan istifadə ediləcək.

Lakin doktor Fawas Akhrasa deyəndə ki, London talanlarının qarşısı alınarkən bir nəfər də xəsarət almayıb, o deyir ki, «bağışlayın, Suriya polisi Britaniya polisi qədər təkmil deyil».

Qayınata «The DailyTelegraph» qəzetinə deyib ki, Suriyada 8000 adamın həlak olması, Misirdə həlak olan 50 000 nəfərlə müqayisədə heç nədir.

MÜŞAVİR QAYINATA

«The Independent» yazır ki, ürək həkimi doktor Akhras həm də prezident Bashar Al-Assadin müşaviridir.

İordaniya qaçqın düşərgəsində suriyadan olan qızlar
İordaniya qaçqın düşərgəsində suriyadan olan qızlar
«Sun» qəzeti yazır ki, o, kürəkəninə 13 maddədən ibarət hərəkət planı göndərib. Həmin hərəkət planında o, kürəkəninə bir addım da geriyə çəkilməməyi tövsiyə edir.
Londonun Qərbindəki Acton məhəlləsində Fawas Akhrasın qonşuları deyirlər ki, o, axır vaxtlar nə isə evinin alaqapısından yox, arxa qapısından gedib-gəlir və gözə dəyməməyə çalışır.

Qonşulardan biri isə deyib ki, o, əslində arxa qapıdan da gedib-gəlməyə utanmalı idi.

Ürək cərrahı Akhras Suriya prezidentinin Britaniyadakı qeyri-rəsmi nümayəndəsidir.

Onun əlaltısı olan suriyalı biznesmen Wafic Said Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sponsorlarından biri olub.

O, həmçinin Oxford Universiteti nəzdində Said Biznes Kollecinin banisidir.

PREZİDENT YAXŞIDIR, ƏTRAFINDAKILAR ...

Yeri gəlmişkən «ən adi qayınatanı» son günlər hətta arxa qapıda da görən olmayıb.
Bashar Al-Assadin xanımı, Suriyanın birinci ledisi Asma Al- Assadi də aylardır gördüm deyən yoxdur.

Hələb şəhəri - Suriyalı müxalif
Hələb şəhəri - Suriyalı müxalif
Xatırlayıram ki, Britaniya qəzetləri ilk dəfə olaraq bir neçə ay bundan əvvəl birinci ledinin ata evində olduğunu yazanda, Azərbaycanın müxalifət qəzetləri onun Bashar Al-Assadin despotizminə etiraz olaraq uşaqlarını da götürüb getdiyini fərz etmişdilər və yazmışdılar.
Lakin indi Asma Al- Assadi Londonda görənlər olub. Özü də bahalı mebel və cavahirat dükanlarında.

Suriya prezidenti ətrafında son aylarda baş verənlər, «prezident yaxşıdır, ətrafındakılar simasız quldurlardır» və ya «prezident yaxşıdır, bircə qohumlarının görməmişliyi olmasaydı» məfkurəsi ilə yaşayanlar üçün ibrət dərsi ola bilər.

Britaniya qəzetləri yazırlar ki, «Ərəb Baharı» partlayandan bəri Londonun Yaxın Şərqin avtoritarlarına münasibəti kəskin dəyişib.

Bundan əvvəl də ərəb diktatorları Britaniyanın siyasi partiyalarına sponsorluq ediblər. Hətta Britaniya iqtisadiyyatına investisiya da yatırıblar və həmişə Winston Churchillin o məşhur kəlamını unudublar: «Britaniyanın daimi dostları yoxdur, onun daimi maraqları var».

Olimpiada qurtaran kimi, çox güman ki, Churchillin nəvələri bunu bir daha «huşsuz» diktatorların yadına salacaqlar və çalışacaqlar ki, göz həkimi Bashar Suriyanın gözünü, cərrah qayınata isə ölkənin ciyərini çıxarmamış nə isə etsinlər.
XS
SM
MD
LG