Keçid linkləri

Təcili xəbərlər

London 2012: Olimpiadanın yarıboş tribunaları


Arxiv foto: Londonda Olimpiya Stadionu rəsmi açılışdan əvvəl
Arxiv foto: Londonda Olimpiya Stadionu rəsmi açılışdan əvvəl
Britaniya siyasətçiləri və mətbuat London Olimpiadası stadionlarında yarışlar zamanı yüzlərlə tamaşaçı oturacaqlarının boş qalmasını «rüsvayçılıq» adlandırıblar.

Biletlərin hələ böyük idman bayramından aylar əvvəl satışa çıxarılmasına və onların əldə edilməsinin çox vaxt son dərəcə çətin olmasına baxmayaraq, indi tribunalarda nəzərə çarpan tamaşaçısız «adalar» necə yaranıb?

Buna bir neçə səbəb göstərilir.

London Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirir ki, boş qalan yerlərin sahibləri elə rəsmilərin, sponsorların, onların qohum və tanışlarıdırlar.

Hökumət o qədər qəzəblidir ki, hətta boş qalmış yerlərin sahiblərinin tapılıb cəzalandırılmasından danışır.

Burada söhbət, əsasən korporativ qaydada, yəni ayrı-ayrı dövlət və hökumət qurumlarına satılmış və ya verilmiş biletlərdən gedir.

Yarışlarda yerləri boş qalanların həm də VİP qonaqlar və ya akkreditasiya edilmiş jurnalistlər olduğu da bildirilir.

Yəni bir çoxları öz ölkələrinin rəsmiləri kimi komandalarını dəstəkləməyə gəliblər, lakin vaxtlarının çoxunu Londonun Oxford Street’ində bazarlıq etməklə keçirirlər.

İdman komplekslərinin tribunalarında boş qalan əsas oturacaqların bahalı, ön cərgələrdə olması da buna sübutdur.

«YERLƏRİN BOŞ QALMASI PƏRTLİK GƏTİRİR»

Britaniyanın mədəniyyət naziri Jeremy Hunt deyib ki, yerlərin boş qalması pərtlik və utanc gətirir və «boşluqlar» təcili qaydada doldurulmalıdır.

O biletlərin tələbələrə və ictimaiyyət nümayəndələri, stadionların həndəvərlərində yaşayan pensiyaçılara pulsuz paylanmasını təklif edib.

Bu da əlavə olunmalıdır ki, təhlükəsizlik mülahizələri ilə 20 min bilet xidmətdə olmayan hərbçilərə pulsuz verilib. Lakin belə görünür ki, vətənin döyüş şərəfini Bosniya, Falkland və İraq kimi yerlərdə qoruyanlar, onun idman şərəfini dəstəkləməyə o qədər də həvəsli olmayıblar.

Bu da əlamətdardır ki, yarıboş tribunalar idmanın basketbol, həndbol və voleybol kimi populyar növlərinə aid yarışlarda müşahidə olunub.

BOŞ QALMAYAN VİP OTURACAQ

Lakin bunu dəqiq demək olar ki, Londonun ExCel arenasında ən azı bir VİP oturacaq boş qalmayıb.

İdman saytlarından biri yazır ki, Azərbaycanı təmsil edən 18 yaşlı ağırlıqqaldıran Valentin Hristovu bürünc medal əldə etməyə “ürəkləndirən” prezident Əliyevin yarışı şəxsən izləməsi olub.

Hristov deyib ki, «o, tribunada olanda bu mənə əlavə adrenalin və qüvvə verir».

Belə başa düşmək olar ki, qızıl medal alması proqnozlaşdırılan Çin idmançısı Wu Jingbiao tribunalarda onlara aid olan 6000 oturacağın hamısını doldurmuş həmvətənlərindən kifayət qədər adrenalin ala bilməyib və yalnız gümüş medalla kifayətlənməli olub.

Qızıl medala isə Şimali Koreyalı Yun Chol Om sahiblənib.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG