ÖZÜMÜZƏ QAYIDIŞDA ÖZÜMÜZÜN TUTUMU
Bizim milli kimliyimiz türkün uğurları (və hətta uğursuzluqları, məsələn, Çaldıran savaşı) ilə, eləcə də İslam tarixi, ideyaları və hətta diskussiyaları ilə dolanda bollanır, genişliyə çıxır. Hər dəfə söylədiyimi bir də söyləyim, özümüzə qayıdış çağırışının iki variantı var, biri özümüzü nazik edib darısqallığa girməkdir. Buna «Milli intizam» da deyən tapılar, o mənada ki, şərəf kodeksi də özünü daraltmağı və hər nəsnəni özünə sığışdırmamağı bildirir.
O biri variant özünü genişləndirib özünəqayıdışı bu genişliyə çıxarmaqdır. Bizim üçün bu, İslamı da, türkçülüyü də genişliyində yozmaq, açıqlamaqdır.
KEÇMİŞİN ƏN GERİCİL TEKSTLƏRİNİ BELƏ YOZMAQ BOLLANMAQDIR
Dinimizlə bağlı gerçəkliyi genişliyə çıxaranda çağımız baxımından orada hətta gerilik, mənfilik kimi görünənləri də dərinlikdə, semantik bolluqda açmaq bacarığıdır. Belə şeylərdən biri Ortaçağ Şəriətində insanın təsvirinə, üzünün görükdürülməsinə qoyulan yasaqdır. Bütün XX yüzil boyu hətta İslamı sevən xeyli intellektuallarımız da bu yasaq qarşısında çaş qalıblar, onu nəsə uğursuz, mənasız, incəsənətin gəlişməsinə əngəl sayıblar. Elə Şəriət yasağının doğurduğu vəziyyətin çətinliklərinə görədir ki, yeni dönəmdə o yasağı yalnız peyğəmbərin üzünə aid etməyə başlayaraq Xomeyninin və başqalarının portretlərinə «olar» deyiblər.
Məni isə bu yasaqda maraqlandıran elə bir hikmətdir ki, həmin yasağın darısqallığından genişliyə və elə ona görə də dinimizin genişliyinə çıxmağa imkan verir. İndiki zamanda dicital (bəzən «rəqəmli» də deyirlər) texnoloji cəmiyyətləri eninə-uzununa sırıyıb, ona görə də «dicital toplumlar» terminini işlətmək düz olar. Dicital fotoaparatlar, videokameralar, mobil telefonlar, İnternet, dicital skanerlər və s. – hamısı təkcə yüksək keyfiyyətdə şəkillər, görüntülər vermir. Hamısı həm də görünməmiş səviyyədə görüntülərlə, sənədlərlə manipulyasiya imkanlarını törədirlər. Dicital texnologiya kamera ilə çəkilməmiş kosmik səhnələri, dinozavr savaşını və s. göstərir. «Fotoşop» proqramı ətlənmiş buxağı yığışdırmaq, üzü naziltmək, boyu uzatmaq manipulyasiyalarını edir. Dicital kompyuterdə oxuyanın səsini yaxşılaşdırmaq, ucaltmaq, tenor ya soprano səslərinə çevirmək olur. Beləcə, əşyalar, hadisələr dünyasının dicital əkizləri, sadəcə, kopya deyillər, həm də aldanışlar, aldatmalar, saxtalaşdırmalar vasitələridir. Bir vaxtlar imzalar, adamın xətti, möhür və s. orijinallığa sübutlar idi, indi isə hətta kseroksdan çıxmış şəxsiyyət vəsiqəsini də notarius doğrulamalıdır. İnsan, sözün əsl mənasında, Şəriətin irəlicədən xəbər verdiyi təhlükələrə çıxıb – Allahın yaradıcılığını yamsılamaqla texnoloji təhlükəyə çevrilib. Qrammatika tekstdə sözləri, işarələri birləşdirən qaydalardır. Ona görə də dünyada nəsnələri və olayları birləşdirmə qaydalarına dünyanın qrammatikası demək olar. Allah möcüzələrini bu qrammatikanı pozmaq sayəsində yaradır. İndi isə insan dicital məkanda dünyanın qrammatikasını pozaraq televizyon, «Fotoşop» möcüzələrini yaradır. Bunun sonucudur ki, insan tele-hoqqalardan sonra, artıq, İlahi möcüzələrə həssaslığını xeyli itirib. TV şəkillərində o qədər möcüzələr görəndən sonra olarmı ki, bu günün adamı Ortaçağ insanı kimi möcüzədən vəcdə gəlsin?!
BUNLARDAN ÇIXAN SONUC
Biz bütün bunları onun üçün demirik ki, Şəriət yasağı bərpa olunmalıdır. Biz bütün bunları onun üçün deyirik ki, dinimizlə bağlı hətta maraqsız, təsirsiz görünən fakt da intellektual yozumda bizi genişliyə çıxara bilər. Biz Şəriət yasağından indiki dünyanın təhlükəsini gördüksə, indiki dünyanın genişliyinə çıxdıq.