Keçid linkləri

Təcili xəbərlər

Xaotik dünyamızda oriyentirlər axtarışı


Niyazi Mehdi
Niyazi Mehdi
İnsanın və daha çox böyük şəxsiyyətlərin ziddiyyətli olmasını özünü ağıllı sayan hamı deyir. Dünyanı ağ və qaraya bölüb belə görməyin yanlış olmasını söyləmək də intellektual ədaya çevrilib. Ancaq bu deyimlər heç cürə bizim üçün dünyadan baş çıxarmağa bələdçi olammırlar. Anlayammırıq ki, necə etika üzrə hansısa alimin murdar xasiyyəti olur.

İndi isə konkret örnəklərə baxaq.

Yunq Freydlə Amerikada olanda ölülərdən, bataqlıqda meyidin yaxşı qalmasından o qədər danışmışdı ki, axırda Freyd qəzəblə demişdi: sən içinin dərinliklərində mənim ölümümü istəyirsən, ona görə ölülərdən belə çox danışırsan. Yunq bu sözlərdən bərk incimişdi, ancaq fakt odlur ki, bir neçə ildən sonra doğrudanda ustadından ayrıldı.

Nəhayət nifrət şüurunun əlində girinc olmuş sənətçilərə bir milli örnək. Həqiqi Qaraqoyunluların banisi Qara Yusifin üçüncü oğlu idi və şeirlərində Fəzilüllahı ilahiləşdirirdi. Ancaq elə Həqiqi də qiyam qaldırdıqları üstündə Təbrizdə 100 hürufini Fəzlin qızı ilə birlikdə öldürtmüşdü.

Adətən, stereoskopik, yəni bir olaya çoxlu baxışlar açan informasiyalar, biliklər totalitar ideolojilərin girinc etdiyi mədəniyyətlərdə yaxın buraxılmırlar. Ona görə də belə kültürlərdə boy atmış adamlar, əgər onlar marksistdirlərsə, biləndə ki, Leninin öz silahdaşı Armand İnessa ilə Krupsakayanı dərdə salan eşq macərası olub – ideoloji çaşqınlığa düşürlər. Sovet ədəbiyyatşünaslığında bütə çevrilmiş Belinski haqqında Berdyayev yazmışdı ki, o bütün rus intellegentləri kimi sektantlığa meyilli ideya fanatiki idi. İstedadlı olsa da savadı az idi, başqa dil-filan bilmirdi. Belinskinin işığa çıxarılan bu tərəfini Sovet düşüncəsi yaxına buraxmazdı, çünki belə stereoskopik informasiyadan iflic olardı..

Demokratik, plyuralistik toplumların insanı isə seçilmişlər haqqında bolluca neqativ, aşağılayıcı bilgilər alır. Bunun çox səbəbi var, biri də odur ki, informasiya bazarında rəqabət tələb edir ki, «satmaq» üçün şoka salan, ayıbını çıxaran informasiyaları tapıb bazara buraxasan. Ona görə də bu bazar, məsələn, Kennedinin eşq macəralarını faş edir…

Bax, bu situasiyanı götürsək, deyə bilərik ki, «Sovet liderlərindən» şorgöz olanlarının sevgi oyunlarından xəbərsiz Sovet insanı heç cürə başa düşə bilməzdi ki, necə Kennedini amerikalılar sevib saya bilərlər.

Biz Azərbaycanda hakimiyyət əlində olmayan Medianın sayəsində, artıq, stereoskopik informasiyalar məkanında yaşayırıq (hərçənd daha düz olar demək ki, müəyyən mənada stereoskopik informasiyalar məkanında yaşayırıq). Elə bu vəziyyətin özündə də çaşqınlıqdayıq. Çünki «ləkəli» informasiyalar, arzuolunmaz faktlar bolluğunda yaxşını, üstün olanı, Azərbaycana faydalı olanı tanımaq mədəniyyəti bizdə hələ də formalaşmayıb. Ona görə də tez-tez pisi yaxşıdan ayıra bilmirik. Ona görə də əsl demokratik ölkələrdə korrupsiya faktını eşidəndə deyirik: elə onlar da bizim tayımızdı.

Demokratik dünyada fəlsəfə, psixologiya, sənətlərin çoxu, Media, bütün Tok-şoular, əslində, ona toplaşıblar ki, neqativ bilgilər çoxluğunda insana oriyentirlər vermək üstündə yarışsınlar. İnsanlar bütlər, doqmalar, stereotiplər məngənəsində axmaqlaşmasınlar. Bəs Azərbaycan fəlsəfəsi, sənəti Mediası necə? Stereoskopik bilgilər dolaşığında insana ip ucu verə bilirmi? Və ya oxuculara başqa sual – bəlkə birlikdə düşünüb tapaq – necə etməli ki, görkəmli yazarın, jurnalistin, siyasətçinin, hətta önəmli tarixi hadisənin gizliləri ilə bağlı ləkəli bilgilər faş olanda bizim dəyərləndirməmiz, heç düz də demirəm, sadəcə ağıllı olsun?
XS
SM
MD
LG